AZ

Uşaqlar gələcəyimizdir  

Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət uşaq siyasəti uğurla davam etdirilir

“Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm...”

Ulu Öndər Heydər Əliyevin bu sözləri hər zaman dövlətin yürütdüyü uşaq siyasətinin qayəsi kimi özünü göstərdi. Uzaqgörən lider ölkənin işıqlı gələcəyinin, uzunmüddətli perspektivdə bütün sahələrdə inkişafın həm də düzgün, düşünülmüş uşaq və gənclər siyasətinə bağlılığını görürdü. Bu baxımdan uşaqların keyfiyyətli təhsil alması və sağlamlığının müdafiəsi istiqamətində bir sıra addımlar atdı. 

1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə isə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunları qəbul edilib. Bütün bunlar uşaqların hüquqlarının müdafiəsinin tənzimlənməsi sahəsində qanunvericilik bazasını formalaşdırdı.

Ümummilli Liderin əsas amallarından biri də həm də sağlam gələcək idi. Bu isə uşaqların sağlam mühitdə yaşamasından, təhsil almasından keçirdi. Səhiyyə sahəsində aparılan islahatlar uşaqların tibbi xidmətlərə çıxışını asanlaşdırdı. Peyvənd proqramları qəbul olundu, xəstəliklərin qarşısının alınması məqsədilə profilaktik təbdirlərlə yanaşı, uşaqların psixoloji cəhətdən də sağlam mühitdə böyümələri üçün ardıcıl, kompleks tədbirlər həyata keçirildi. Bu dövrdə açılan, fəaliyyəti genişləndirilən uşaq xəstəxanaları və poliklinikaları da uşaqların sağlamlığının Ulu Öndərin uşaq siyasətinin əsas istiqamətlərindən birini təşkil etdiyini göstərirdi.

Ümummilli Liderin irsini yaşadan fond

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, formalaşdırdığı uşaq siyasəti bugün onun adını daşıyan Fond tərəfindən uğurla davam etdirilir. Heydər Əliyev Fondunun prezidenti, respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr bunu təsdiqləyir. Heydər Əliyev Fondunun fəaliyyətində uşaqların rifahı, təhsili və sağlam inkişafı prioritet istiqamətlərdən birini təşkil edir. Fond tərəfindən həyata keçirilən layihələr uşaqların hərtərəfli inkişafına, onların cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinə xidmət edir. Bu siyasət humanizm prinsiplərinə əsaslanaraq, xüsusilə həssas qruplardan olan uşaqlara diqqəti ilə seçilir.

Fond təhsil sahəsində mühüm layihələr reallaşdırır. Məktəbəqədər təhsil müəssisələrinin, uşaq evlərinin, internatlarının maddi-texniki bazasının yaxşılaşdırılması, “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində məktəblərin tikintisi və təmiri uşaqlar üçün müasir, rahat və inkişafyönümlü təhsil mühitinin formalaşmasına xidmət edir. 

Bununla yanaşı, uşaqların tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması və autizmli, daun sindromlu, talassemiyalı uşaqlar üçün reabilitasiyası mərkəzlərinin yaradılması, inkişafı, valideyn himayəsindən məhrum olan uşaqlara göstərilən qayğı, diqqət Mehriban Əliyevanın hamiliyi ilə həyata keçirilən fəaliyyətin mühüm istiqamətlərini təşkil edir.

Ümumilikdə Heydər Əliyev Fondunun uşaqlarla bağlı proqramları onların hüquqlarının qorunmasına, sağlam və savadlı böyüməsinə, qayğıya ehtiyacı olanların hərtərəfli dövlət qayğısı ilə əhatələnməsinə yönəlmiş kompleks tədbirləri əhatə edir. 

Gələcəyə strateji baxış

Uşaqları cəmiyyətin sabahı və gələcəyi kimi dəyərləndirən Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət uşaq siyasəti uşaqların inkişafı ilə bağlı bütün məqamları özündə ehtiva edir. Ölkə rəhbəri qeyd edir ki, uşaqların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması əsas məqsədlərimizdəndir. Dövlət başçısı onların hərtərəfli şəxsiyyət və layiqli vətəndaş olaraq formalaşmalarını müstəqil Azərbaycanın dövlət uşaq siyasətinin aparıcı istiqamətini kimi müəyyənləşdirib.

Ulu Öndərin əsasını qoyduğu ənənələrin uğurlu davamı kimi Prezident İlham Əliyev uşaq siyasətini dövlətin gələcəyə yönəlmiş strateji baxışının mühüm hissəsi hesab edir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq İli” elan olunması da bu diqqətin bariz nümunəsidir. 

Bu gün Azərbaycan uşaq hüquqlarının qorunması üzrə mühüm beynəlxalq sənədlərə qoşulub. Eyni zamanda dövrün tələblərinə uyğun olaraq qanunvericilikdə davamlı təkmilləşmələr həyata keçirilir. Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” fikirləri Vətən müharibəsində təsdiqini taparaq milli ruhun və düzgün tərbiyənin təcəssümünə çevrildi.

Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr