İşğaldan azad olunmuş ərazilərdə ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər davam etdirilir. Ağdam, Füzuli, Xocavənd, Xocalı, Xankəndi və Şuşa şəhərlərini əhatə edən 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ərazilərdə mütəmadi monitorinqlər keçirilir, nəzarət tədbirləri gücləndirilir.
Əməkdaşlar tərəfindən ətraf mühitə tullantıların atılmasının qarşısının alınması, mövcud ekoloji vəziyyətin nəzarətdə saxlanılması və ərazilərin təmizliyinin qorunması istiqamətində xüsusi xidmət təşkil olunur. Bildirilir ki, bəzi ərazilər yerli qurumların balansında olsa da, ekoloji təhlükəsizliyin təmin olunması məqsədilə aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir.
Bununla yanaşı, ticarət obyektləri və digər ictimai məkanlarda maarifləndirici görüşlər keçirilir, sahibkarlar və vətəndaşlar arasında ətraf mühitin qorunması ilə bağlı təbliğat işləri aparılır. Tədbirlərin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın qorunması və ətraf mühitə məsuliyyətli yanaşmanın formalaşdırılmasıdır.