AZ

Heydər Əliyevin jurnalistlərlə maraqlı anları: “Siz məni aldadammazsınız” MÜSAHİBƏ

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Zaman keçsə də, görkəmli dövlət xadimi Heydər Əliyevin dövrü Azərbaycan tarixində xüsusi bir mərhələ kimi qalır. Ümummilli liderin 103 illiyi ərəfəsində uzun illər Prezident Administrasiyasının akkreditasiyasında olmuş tanınmış jurnalist İlhamə Qasımlı Modern.az-a müsahibə verib. O, həmin illərin siyasi və media atmosferinə qayıdıb, şahidi olduğu hadisələri xatırlayıb. Eyni zamanda, Heydər Əliyevin mətbuatla münasibətləri barədə xatirələrini və müşahidələrini bölüşüb. İlhamə Qasımlı o dövrlər "Eksklüziv" informasiya agentliyində, “7 gün”, “525-ci qəzet”də çalışıb. Onunla müsahibəni təqdim edirik:- İlhamə xanım, siz jurnalist kimi uzun müddət Prezident Administrasiyasında akkreditasiya olunmuş müxbir kimi fəaliyyət göstərmisiniz. Ümummili lider Heydər Əliyevi ilk dəfə canlı gördüyünüz anlar yadınızda necə qalıb?- Prezident tədbirinə ilk dəfə 1995 və ya 96-cı ildə, o zaman fəaliyyət göstərən “Eksklüziv” informasiya agentliyinin əməkdaşı kimi qatılmışam. Kiçik nümayəndə heyətlərinin qabulu üçün nəzərdə tutulmuş otaq idi. Otaq kiçik olduğu üçün Ümummilli lideri yaxın məsafədən müşahidə edə bilirdim. Nümayəndə heyətinin tərkibi məhdud olduğu kimi, içəridəki jurnalistlərin sayı da uzağı 3 nəfər olardı.Heydər Əliyevi ilk dəfə görənə qədər, düzü daha həyəcanlıydım. Prezidentlə qarşılaşmaq 21-22 yaşında gənc jurnalist üçün hər nə qədər karyera uğuru olsa da, onun fikirlərini təhrif olunmadan çatdırmaq bundan daha çox məsuliyyətli idi. Onun DTK generalı, keçmiş SSRİ-nin rəhbərlərindən biri olması isə həyəcanımı daha da dərinləşdirmişdi. Amma tədbir başlayandan bir az sonra Heydər Əliyevin, bilmirəm sadəliyimi deyim, yoxsa ötürdüyü müsbət auradan idimi, həyəcan getdi.Biz Prezidenti yaxın məsafədən müşahidə edə bildiyimiz kimi, o da bizim ən yüngül tərpənişimizi belə, görə bilirdi. Görüşün qeyd aparmadığımız hissəsində yanımda olan həmkarımla işlə bağlı söhbət etməyə başladıq. Bir anlıq söhbətə aludə olub harda olduğumuzu unutduq. Əslində, bizim Prezidentin görüşü zamanı etdiyimiz bu davranış iş prosesinə mənfi təsir etdiyi üçün daha sərt reaksiyaya layiq idi. Amma Heydər Əliyev öncə narazı baxışları ilə səsimizdən narahatlığını bildirdi. Bir az sonra isə köməkçisi Eldar Namazov vasitəsi ilə bizə xəbərdarlıq edildi. Bizim yanlış davranışımızla müqayisədə mülayim xəbərdarlıq aldıq.- İlk sualınızı ona verəndə Heydər Əliyevin reaksiyası necə olmuşdu? Bu barədə nə xatırlayırsınız?- İlk sualımı nə zaman verdiyimi xatırlamıram. Həyəcan, təbii ki, olub. Amma Heydər Əliyev suallarımıza və ümumiyyətlə, jurnalistlərlə münasibətlərinə o qədər həssas yanaşırdı ki, zaman-zaman həyəcan hissini dəf edib, bir müddət sonra isə özgüvənlə sərt sualları verməyə ürəklənirdik. İndi xatırlamağa çalışıram. Yadıma gəlir ki, bəzən çox xırdaçılıq səviyyəsində suallar belə verirdik. Ümummilli lider isə elə lider səbri və müdrikliyi ilə bütün suallarımızı cavablandırırdı.

- Heydər Əliyevi müşayiət edən jurnalist kimi “o, kamera arxasında necə insan idi” sualına cavabınız maraqlı olar...- Ən fərqli Heydər Əliyevi Naxçıvanda görürdük. İstər daxili, istərsə də xarici səfərlərdə işgüzar üslubu dəyişməz olurdu. Yalnız Naxçıvanda jurnalistlərə qonağı kimi qayğısını hiss etdirirdi. Qəfldən yaxınlaşıb “probleminiz varmı” soruşduğunu xatırlayıram. Naxçıvandakı sadə vətəndaşlarla görüşlərində də təbii səmimiyyəti olurdu.

- Prezidentlə ən yaddaqalan səfəriniz hansı olub? Orada nə baş vermişdi?- Səfərlərin hamısı gərgin iş rejimi, demək olar ki, fasilə vermədən keçirilən görüşlərlə zəngin idi. Yaddaqalan səfərimiz yenə də Naxçıvanla bağlı olub. 2002-ci ilin avqustunda Naxçıvana səfəri zamanı yenə adəti üzrə bizə yaxınlaşıb kefimizi, Naxçıvandan razı qalıb-qalmadığımızı soruşdu. Bu səmimiyyətini fürsət bilib Ermənistan prezidenti Robert Kocaryanla bir gün sonra Sədərəkdəki təmas xəttində keçirəcəyi görüş ərəfəsində suallarımızın olduğunu və bizə vaxt ayırmasını xahiş elədik. O da qəfldən mətbuat konfransının təşkili ilə bağlı göstəriş verdi. Və bir-iki saatdan sonra Heydər Əliyev bizim saysız suallarımıza cavab verdiyi mətbuat konfransında idi...- Yəqin ki, səfərlər zamanı gözlənilməz, gülməli və ya hamını təəccübləndirən hadisələr də yaşanıb?- Bayaq “ən fərqli Heydər Əliyevi Naxçıvanda görürdük” dedim. Həqiqətən belə idi. Şəhəri gəzdikdən sonra adəti üzrə çayxanada oturdu, kəklikotu çayı içdi. Biz də həmişə olduğu kimi, suallarımızı vermək üçün fürsət axtarırdıq. İndi mövzusunu xatırlamadığım siyasi suallarımız var idi. Amma başa düşürdük ki, çayxanada, qeyri-işgüzar ortamda Prezidentə birbaşa siyasi sualları yağdırmaq yanlış fənd olacaq. Ona görə də yerli sosial vəziyyət, bazarda gördükləri ilə bağlı fikirlərini bölüşməyi xahiş elədik. O da həvəslə bazarda gördükləri ilə bağlı fikirlərini bizimlə bölüşürdü. Bundan sonra növbədəki siyasi suallarımıza keçmək istəyəndə gülərək “siz məni aldadammazsınız. Burda siyasi suallar yoxdu” deməklə çoxbilmiş fəndimizin üstünü açdı.- Heydər Əliyev jurnalistlərin yazılarını, suallarını diqqətlə izləyirdimi? Sizin hansısa yazınıza münasibət bildirib?- Bir hadisə danışacam, bununla bağlı video sosial şəbəkələrdə də yayılmışdı. Dəqiq ilini xatırlamıram, səhv etmirəmsə, 1999 və ya 2000-ci il idi. Heydər Əliyev BMT toplantısında iştirak etmək üçün ABŞ-a getməli idi. Səfər ərəfəsində mediada onun ABŞ-da gözündə katarakta müayinəsindən keçəcəyi və əməliyyat oluna biləcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ənənəyə uyğun olaraq Prezident hava limanında jurnalistlərə açıqlama verdi. O, səfər proqramı və keçiriləcək görüşlər barədə geniş danışsa da, səhhəti ilə bağlı yayılan xəbərlərə toxunmadı. Bu zaman mən Ümummilli liderdən bu xəbərə münasibət bildirməsini xahiş etdim. Soruşdum ki, “Cənab Prezident, səfəriniz zamanı müalicə və müayinəniz kimi şəxsi məsələlərə də vaxt ayıracaqsınızmı?”

Bu sualımı Prezident jurnalist etikasından kənar sual kimi qiymətləndirib sərt reaksiya verdi.

Prezidentə verdiyim sual və onun reaksiyası ilə bağlı “525-ci qəzet”də tənqidi köşə yazım dərc olundu. Bu məqaləmdə yazdım ki, Prezident ictimai fiqur olduğu üçün onun şəxsi həyatı olmur. Məhz bu reallığa görədir ki, Bill Klinton Monika Levinski ilə bağlı məcəralarının ayrıntılarının mətbuata çıxmasına dözməyə məcbur oldu.

Hava limanında keçrilən növbəti müsahibədə indi xatılamadığım mövzu ilə bağlı sual vermişdim. Bu sualıma cavabında Heydər Əliyev gülümsəyərək belə bir girişlə başladı: “Görürəm, balaca qızsan, mənə suallar verirsən, sonra gedib məndən pis şeylər yazırsan”. Səs tonundan hiss etdim ki, keçən dəfəki sualıma sərt üslubda cavabından sonra mənə bir jest edir. Müsahibədən sonra katibliyin rəisi Dilarə Seyidzadə də mənə yaxınlaşaraq bir az söhbət etdi. Bu zaman məlum oldu ki, mənim sualıma Heydər Əliyevin verdiyi sərt cavabla bağlı tənqidi yazım Prezidentin ofisində oxunub. Belə anladım ki, Prezidentin mənim “pis şeylər yazmağımdan” xoş üslubda şikayətlənməsi də o tənqidə cavab imiş.

- Musiqiyə, ədəbiyyata, ziyalılara münasibətini necə xatırlayırsınız?- Heydər Əliyevin yüksək musiqi, ədəbiyyat, ümumiyyətlə sənət zövqünün olduğu onsuz da məlumdur. Məncə, Heydər Əliyevin ən rahat olduğu ortamlardan biri də sənət adamları ilə görüşləri idi. Görüşləri, səfərləri zamanı söhbətlərindən bilirdik ki, Rəşid Behdudov, Müslüm Maqomayev, Tofiq Quliyev kimi sənətkarlarla bir-birinin evinə ziyarət edə biləcək qədər səmimiyyətləri olub. Bu səmimiyyətdə də, təbii ki, Heydər Əliyevin mədəniyyətin, incəsənətin incəliklərini bilməsi, hiss etməsi önəmli rol oynayıb. Təltifetmə mərsimlərində də, digər görüşlərdə də bu isti səmimiyyəti həmişə müşahidə etmişik.

- O dövrdə Prezident Administrasiyasında akkreditasiyadan keçmiş jurnalist olmaq nə qədər çətin idi? Heydər Əliyev jurnalistlərlə münasibətdə hansı prinsiplərə üstünlük verirdi?- Heydər Əliyevin fəaliyyətini işıqlandıran jurnalistlər arasında sərt suallar verənlərdən biri də mən olmuşam. Onun zaman-zaman suallarıma kəskin reaksiyaları, hətta qəzəbli cavabları da olub. Buna baxmayaraq, mən və digər həmkarlarım bu səbəbdən hər hansı məhdudiyyətlə üzləşməmişdik.

Ancaq Ümummilli liderin mətbuatla münasibətlərində dəyişməz sayılan bir prinsip vardı: məlumatın yanlış və ya təhrif olunmuş şəkildə təqdim edilməsi qəbuledilməz sayılırdı. Belə hallarda güzəştə yol verilmirdi. Məsələn, MDB ölkələrinin səhiyyə nazirləri şurasının Bakıda keçirilən iclası çərçivəsində iştirakçıların Prezidentlə görüşü, ondan əvvəl baş tutan Təhlükəsizlik Şurasının iclası səbəbindən bir qədər gec başlamışdı. Həmin dövrdə yeni akkreditasiya olunmuş jurnalistlərdən biri isə ertəsi gün yayımlanan reportajında təxminən belə bir fikir yazmışdı ki, “MDB səhiyyə nazirləri ilə görüşdən öncə Təhlükəsizlik Şurasının iclasının keçiriıməsi Heydər Əliyevin bu görüşə nə qədər əhəmiyyət verdiyini sübut edir”. Nəticədə həmin jurnalistin akreditasiyası ləğv olundu.- Bir jurnalist kimi ondan aldığınız ən böyük peşə dərsi nə olub?

- Ola bilər ki, bu cavabım birmənalı qarşılanmasın. Mən illər keçdikdən sonra, həyatda və peşəmdə çılğın, emosional dövrümü atladandan sonra soyuq ağılla düşünürəm ki, Heydər Əliyevin sərt reaksiyasına səbəb olan bəzi sualların qoyuluşunda peşə prinsiplərini önəmsəməmişəm.

İndiki dünyagörüşümlə düşünürəm ki, nə qədər sualların qoyuluşunda peşəkar standartları aşmışam. Məsələn, “Cənab prezident, növbəti əfv siyahınızda siyasi məhbusların adları da olacaqmı?” Peşəkar standartlara görə, sualın bu şəkildə qoyulması jurnalisti mövzu üzrə maraqlı tərəf kimi göstərir. Halbuki peşəkar standartlara görə “Avropa Şurası tərəfindən siyasi məhbus kimi təqdim olunan şəxslər” dəqiqləşdirməsi ilə sual verilməli idi. Əks halda, sanki jurnalist də nəzərdə tutulan şəxsləri siyasi məhbus sayır durumuna düşür ki, bu da peşəkar baxımdan yolverilməz üslubdur.

- Heydər Əliyevin komandasında olan - yəni Prezident Administrasiyasında akkreditasiyadan keçən jurnalistlər daha çox kimlər idi?

- Bu cavabımın məni dəyərli həmkarlarımla üz-üzə qoyacağından qorxuram. Çünki sayımız çox olub. Amma uzun illər davamlı akkreditasiyası olan jurnalistlərimizdən mərhum Elmira Əmrahqızı (“Azadlıq” radiosu), Elmira Axundova (“Svaboda” radiosu), Asya Hacızadə (“Panorama” qəzeti), mərhum Qənirə Paşayeva (ANS), Səbinə Əliyeva (Frans press), Aida Sultanova (Associated Press), Aynur Nəsirova (Lider TV), Sevinc Vaqifqızı (Space TV), Əli Əhmədov (ANS), Tural Müseyibov (Space TV), Fərid Qəhramanlı (Turan), Tapdıq Fərhadoğlu (Amerikanın səsi), Sevinc Abdullayevanı (İTAR-TASS) qeyd edə bilərəm.

- Heydər Əliyevin xüsusi münasibıti olan jurnalistlər də olub yəqin...- Olub əlbəttə. Elmira Əmrahqızı və Qənirə Paşayeva. Təəssüf ki, ikisi də həyatdan çox erkən köçdülər. Ümummilli lider həm Elmira Əmrahqızı, həm də Qənirə Paşayevaya xüsusi münasibətini hər zaman hiss etdirib. Onlar bu münasibətə yüksək peşəkarlıqları və cəsarətləri ilə layiq idilər. Allah hər üçünün ruhunu şad etsin.- Uzun fasilədən sonra ötən il yenidən Azərbaycan mediasına qayıtdınız. Bu hansı zərurətdən doğdu?

- Səbəblər daha çox şəxsi idi. Ən çox həyat yoldaşım və oğlumun təkidləri ilə Türkiyədən Azərbaycana köçdük. Əsas səbəblərdən biri Azərbaycanın kriminal baxımdan daha sabit və sakit ölkə olması və təbii ki də mənim Vətənim olması idi. Özüm də İkinci Qarabağ savaşında zəfərimizdən sonra mənəvi-psixoloji olaraq Azərbaycanda yaşamaq ehtiyacı hiss edirdim deyə, ailəmin digər fərdlərinin istəyi ilə razılaşdım.

- Bakıya adaptasiya prosesi necə keçdi və bundan sonra nə etmək istəyirsiniz?

- Həyat yoldaşım və oğlumdan fərqli olaraq, mənim adaptasiyam çox çətin keçir. Yəqin ki bunda hələ ki iş həyatımın istədiyim düzənə girməməsi də rol oynayır. Vüsalə Mahirqızı sağolsun, APA TV-də redaktorluq təklif etdi. Televiziya da mənim peşəkar fəaliyyətimdə zəif tərəflərimdəndir deyə bilərəm. Yazılı jurnalistikaya qatı bağlı olan biri kimi televiziyadakı iş prosesindən zövq ala bilmədim. Qısa müddət “Yeni Sabah” saytında da işləyəndən sonra isə hiss etdim ki, indi bizim dövrümüzdəki idealist xəbərçilik, həyəcanlı jurnalistika dövrünün zamanı keçib. Hər nə qədər bəsit iş prosesi olsa da, sosial media paylaşımlarını xəbər kimi təqdim etmək dövrünə uyğunlaşmaq mənimçün çətindir.

Düzdür, tam işsiz sayılmıram – Türkiyədə bir neçə təşkilatla əməkdaşlığım var. Amma bu, sabit iş prosesi deyil. Ona görə də hələ ki “hansı sahədə daha çox faydalı ola bilərəm” fikirləri ilə axtarışdayam. Uyğun sabit iş olarsa, illərlə topladığım jurnalistika təcrübəsindən irəli gələrək, media ilə yanaşı, mətbuat xidməti və kommunikasiya sahəsində də çalışa biləcəyimi düşünürəm.Əfqan Qafarlı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
68
modern.az

1Mənbələr