AZ

Rusiyanın yeni miqrant PLANI

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Rusiya Daxili İşlər Nazirliyi (MVD) 2027–2030-cu illərdə tətbiq olunacaq xarici işçi cəlbi proqramının detalları ilə bağlı açıqlama yayıb.

Yeni qaydalara əsasən, miqrantların iş icazələri və yaşayış prosesləri daha sərt nəzarət altına alınacaq.

"Cebheinfo.az" xəbər verir ki, MVD-nin hazırladığı dörd qanun layihəsinə görə, 2027–2030-cu illər ərzində Rusiyaya təşkilatlanmış miqrasiya proqramı çərçivəsində ümumilikdə 1,7 milyon xarici işçinin gətirilməsi planlaşdırılır.

Bu sayın təxminən 1,2 milyonunu Rusiya ilə vizasız gediş-gəliş imkanı olan Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin vətəndaşları təşkil edəcək.

Bundan əlavə, Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrindən 450 min, viza rejimi tətbiq olunan ölkələrdən isə 132 min işçinin gəlməsi gözlənilir.

Layihənin maliyyə-iqtisadi əsaslandırma hesabatına görə, pilot proqramın dövlət büdcəsinə 13,6 milyard rubl gəlir gətirəcəyi proqnozlaşdırılır.Bu vəsait işəgötürənlərin və miqrantların ödəyəcəyi rüsumlar, eləcə də sabit vergi ödənişləri hesabına formalaşacaq.

Təşkilatlanmış miqrasiya mexanizmi hazırkı patent və iş icazəsi sistemini əvəz etmək üçün hazırlanıb.

Yeni qaydaların əsas məqamları bunlardır:

* Kağız sənədlər əvəzinə miqrant və işəgötürən məlumatları elektron sistemdə qeydiyyata alınacaq

* Xarici işçilərə 3 il qüvvədə olan şəxsiyyət kartı veriləcək

* Miqrantların tibbi müayinələrlə yanaşı genom qeydiyyatından keçməsi də məcburi olacaq

* MVD Rusiyanın müxtəlif bölgələrində miqrasiya mərkəzləri yaradacaq

* İşçilər bu mərkəzlər vasitəsilə işçi tələbi olan şirkətlərə yönləndiriləcək

Yeni qaydalara əsasən, işəgötürənlər miqrant işçi çalışdırmaq üçün sistemə müraciət etməli olacaqlar.

Müraciətin təsdiqlənməsi üçün şirkətlər işçilərə əmək fəaliyyəti dövründə yaşayış və tibbi xidmət göstərə biləcəklərini sübut etməli olacaqlar.

İşəgötürənlər miqrantlarla yalnız müəyyən müddətli əmək müqaviləsi bağlaya biləcəklər. Vergi qaydalarına görə, xarici işçilər gəlir vergisini sabit avans ödənişləri formasında ödəyəcəklər.

Əsas vergi məbləği aylıq 1 200 rubl olaraq müəyyənləşdirilib və bu məbləğ regional əmsallarla dəyişdirilə bilər. Ödənişlər hüquqi şəxs olan işəgötürən vasitəsilə və ya fiziki şəxslərin yanında çalışanlar tərəfindən birbaşa həyata keçiriləcək.

Layihənin idarəetmə xərclərini qarşılamaq məqsədilə aşağıdakı rüsumların tətbiqi nəzərdə tutulur:

* Hüquqi şəxs olan işəgötürənlər üçün qeydiyyat haqqı - 15 min rubl

* Fiziki şəxs işəgötürənlər üçün qeydiyyat haqqı - 1000 rubl

* Miqrant məlumatlarının sistemə daxil edilməsi üçün ödəniş - işəgötürənin statusundan asılı olaraq 1000 və ya 15 min rubl.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
1
cebheinfo.az

2Mənbələr