AZ

Qlobal ərzaq böhranı riski artır  

Dünya yeni ərzaq böhranı təhlükəsi ilə üz-üzə qala bilər. Birləşmiş Millətlər Təşkilatı və Avropa Mərkəzi Bankı başda olmaqla bir sıra beynəlxalq qurumlar və ekspertlər qlobal ərzaq qiymətlərinin yüksəlməsi və bəzi regionlarda qıtlıq riskinin artması ilə bağlı narahatlıqlarını ifadə edirlər.

“ABC News” xəbər verir ki, Yaxın Şərqdə davam edən gərginlik enerji və logistika zəncirlərinə ciddi təsir göstərə bilər. Bu isə öz növbəsində kənd təsərrüfatı istehsalına, daşınmaya və nəticədə ərzaq qiymətlərinə təzyiq yaradır. Xüsusilə diqqət çəkən məqam strateji əhəmiyyətə malik Hörmüz boğazı ilə bağlı risklərdir. Əgər bu mühüm dəniz yolu bağlanarsa, neft və qaz tədarükündə ciddi fasilələr yarana bilər ki, bu da qlobal iqtisadiyyata və ərzaq bazarlarına zəncirvari təsir göstərə bilər. Böhranın ilkin təsirləri daha çox Afrika və Cənubi Asiya ölkələrində hiss oluna bilər. Bu regionlarda həm iqlim dəyişiklikləri, həm də iqtisadi zəiflik səbəbindən ərzaq təhlükəsizliyi onsuz da həssas vəziyyətdədir. Ən pis ssenaridə isə problem qlobal miqyas alaraq daha geniş coğrafiyanı əhatə edə bilər.

Beynəlxalq qurumlar hökumətləri qabaqlayıcı tədbirlər görməyə, ərzaq ehtiyatlarını gücləndirməyə və ticarət marşrutlarının təhlükəsizliyini təmin etməyə çağırır. Vəziyyətin necə inkişaf edəcəyi, əsasən, geosiyasi gərginliyin müddəti və miqyasından asılı olacaq.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
59
azerbaijan-news.az

1Mənbələr