AZ

İran lideri ABŞ la danışıqlar strategiyasının hazırlanmasında iştirak edib

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın ali lideri Müctəba Xamenei ABŞ və İsrailin hərbi əməliyyatları nəticəsində xəsarətlər almasına baxmayaraq, münaqişənin diplomatik yolla həlli üzrə strategiyanın hazırlanmasında iştirak edir.

Bizimyol.info xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ kəşfiyyatının qiymətləndirmələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ xüsusi xidmət orqanları hələ də İran liderinin dəqiq harada olduğunu müəyyən edə bilməyib. Bildirilir ki, Xamenei elektron rabitə vasitələrindən istifadə etmir, yaxın çevrəsi ilə yalnız şəxsi görüşlər keçirir və ya mesajlarını kuryerlər vasitəsilə çatdırır.

Bununla belə, ABŞ kəşfiyyatının məlumatına əsasən, Xamenei “müharibənin diplomatik yolla başa çatdırılması üçün İranın danışıqlar strategiyasının hazırlanması prosesində” iştirak edir. Lakin onun bu prosesdə konkret hansı rolu oynadığı açıqlanmayıb.

Kəşfiyyat məlumatlarına görə, İran lideri qərarların qəbulunda tam iştirak etmir və onun prosesə çıxışı “yalnız epizodik xarakter daşıyır”.

“Mütəmadi şəkildə əmrlər verdiyini göstərən heç bir əlamət yoxdur, amma bunun əksini sübut edən məlumatlar da mövcud deyil”, — deyə mənbələrdən biri bildirib.

Mayın 7-də İran prezidenti Məsud Pezeşkian ali lider Müctəba Xamenei ilə görüş keçirdiyini açıqlayıb. Bu, Xamenei ilə Pezeşkian arasında şəxsi görüş barədə ilk rəsmi məlumat olub.

Martın 12-də İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Xameneinin ABŞ və İsrailin zərbələri nəticəsində yaralandığını bildirmişdi. Hərbi əməliyyatlar başlayandan bəri Müctəba Xamenei ictimaiyyət qarşısına çıxmayıb, onun bütün müraciətləri yazılı şəkildə yayımlanıb və ya diktorlar tərəfindən səsləndirilib.

Fevralın 28-də ABŞ və İsrail Tehrandan qaynaqlandığı iddia edilən raket və nüvə təhlükəsini əsas gətirərək İrana qarşı hərbi əməliyyata başlayıblar. Zərbələr nəticəsində İranın ali lideri ayətullah Əli Xamenei və İslam Respublikasının rəhbərliyində yer alan bir sıra mühüm şəxslərin həlak olduğu bildirilib.

Aprelin 7-də ABŞ prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan olunduğunu açıqlayıb.

Aprelin 21-də Donald Tramp İranla atəşkəs rejiminin uzadılması niyyətində olduğunu bəyan edib.

İran dövlət televiziyasının məlumatına görə isə Tehran Vaşinqtonun birtərəfli qaydada elan etdiyi atəşkəsin uzadılmasını tanımaq niyyətində deyil və bundan sonra öz maraqlarına uyğun addımlar atacaq.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
icma.az

1Mənbələr