Ses qazeti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Dağlar diyarı Lerikdə Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatı, Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsi, eləcə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş futbol çempionatı uğurla başa çatıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Leriklilər tərəfindən böyük marağa səbəb olan, gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və vətənpərvərlik ruhunun yüksəlməsi məqsədini daşıyan çempionatın yekun mərasimində YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev çıxışında deyib:- Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Keçirilən futbol çempionatı yalnız idman yarışı deyil, eyni zamanda gənclər arasında dostluq, birlik və həmrəyliyin təbliği baxımından mühüm rol oynayır. Yarışın təşkilinə yardımçı olan bütün qurumlara, məşqçilərə və iştirakçılara təşəkkürümü bildirirəm, qalib komandaları təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıram.
Öz növbəsində çıxış edən təşkilatçılar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gəncliyinə, idmana və sağlam nəslin yetişməsinə göstərdiyi diqqət və qayğının uğurlu davamını bildirib, ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamət olduğunu və bu sahədə həyata keçirilən layihələr gənclərin fiziki və mənəvi inkişafına mühüm töhfə verdiyini deyiblər.
Məlumat olsun ki, yarışlar zamanı iştirak edən komandalar yüksək oyun nümayiş etdirərək əsl idman ruhunu ortaya qoyublar. Meydançada baş tutan gərgin və maraqlı görüşlər həm iştirakçılar, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Çempionat ərzində gənclər arasında dostluq, həmrəylik və komanda ruhunun möhkəmlənməsi xüsusi olaraq hiss olunub.
Dairəvi sistem üzrə keçirilən turnirdə birinci yeri M. Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbin komandası qazanıb. Lerik şəhər 1 saylı texniki fənlər təmayüllü məktəb-liseyin komandası ikinci , V. İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli Gimnaziyanın komandası isə üçüncü yerlərə sahib çıxıblar.
Çempionatın qalibləri diplom və mükafatlarla təltif olunublar.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.