AZ

İrəvan KTMT dən çıxacaq? Simonyan anonsunu verdi

ain.az, Bakupost saytına istinadən bildirir.

2023-cü ildən üzü bəri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini donduran Ermənistan artıq deyəsən həmin təşkilatla birdəfəlik üzləşmək istəyir.

Ən azından Ermənistan parlamentinin sədri Alen Simonyanın son açıqlaması belə bir qənaətə gəlməyə əsas verir.

Xəbər verdiyimiz kimi, A. Simonyan mətbuata bildirib ki, Ermənistanın heç bir hərbi blokun bir hissəsi olmamalıdır.

O, ölkəsinin yerləşdiyi coğrafiya və imkanları nəzərə alaraq düşünür ki, Ermənistanın rolu neytral olmalıdır.

Parlament sədri onu da qeyd edib ki, Ermənistanın Rusiya, Brüssel, ABŞ və ya hər hansı digər tərəf üçün sövdələşmə predmeti olmasını istəmir.

Ermənistan rəsmisi həmçinin ölkəsini keçmişin səhvləri təkrarlamamağa çağırıb.

ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi, siyasi şərhçi Azər Qasımov Bakupost.az-a bildirib ki, Ermənistanın indiki rəhbərliyinin bu mövqeyini real və praqmatik siyasət hesab etmək olar:

“Ümid edirik ki, Ermənistan reallıqları doğru anlayıb və bundan sonra bütün bloklara qarşı neytral mövqe nümayiş etdirəcək”. Həmsöhbətimiz deyir ki, bu açıqlamanı İrəvanın KTMT-dən də çıxmaq yolunu tutduğu kimi də dəyərləndirmək olar.

Eyni zamanda, siyasi şərhçi hesab edir ki, Alen Simonyanın bəyanatı həm də Rusiyanı sakitləşdirmək məqsədi daşıyır:

“KTMT-dən çıxdıqdan sonra Ermənistanın heç bir bloka qoşulmayacağını demək istəyir. Rusiyanın bunu qəbul edəcəyi çətin görünsə də ciddi şəkildə müqavimət göstərmək imkanları zəifdir. İqtisadi təzyiqlərlə Rusiya ancaq Ermənistanı daha da özündən uzaqlaşdıra bilər. Ona görə də Rusiya üçün tək yol Ermənistanın bu siyasətini izləmək qalacaq”.

Ekspertin sözlərinə görə, Ermənistanın digər bloklara qoşulması məsələsi isə əslində xəyaldan başqa bir şey deyil:

“Çünki bunun üçün coğrafiya münasib deyil. Görünən odur ki, Ermənistan rəhbərliyi də bunu yaxşı başa düşür və çıxış yolunu neytral mövqe tutmaqda görür”.

Rüfət Sultan, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
www.bakupost.az

1Mənbələr