Kulis.az Həyat Şəminin yeni şeirlərini təqdim edir.
SULU-SULU PIÇILTILAR
Ələnib bitmiş çiskini əmir torpaq,
susadım...
Ağaca sırğa olan damcılar,
zamanın donmuş anıdı.
Öpür havanı tumurcuqlar,
hava yüksəlir ağır-ağır,
darıxmaqdı bunun adı,
anladım...
Doğulmaq istəyən günəş yox,
Tərk və dərk olunan həqiqətdir.
Bitmiş bir gecənin davamı kimi deyil,
əzəli bir işıq tək
gəldin ağlıma.
Sakaryanın sahilində od qaladım,
Dilim-dilim
yanırdı yaddaşım.
Girdim keçmişə,
qarışdım çaya,
uzandım Arazdan o taya…
Bir su səsi gəldi,
sulu-sulu pıçıldayırdı...
Axdı ürəyimə
Sakaryanın bir qolu
boynuma dolandı,
daşıdım min illik müdrikliyin ağır zəncirini...
Anladım ki,
bütün çaylar "Vətən" adlı okeana susayır...
özündən qaçmağın son dayanacağında
üşüdüm...
Alovun suya verdiyi and yerindəydim...
İnsan xatirələri tökülməsin deyə
tutar göz yaşlarını...
BAĞ
Ucu açıq fikrinin -
Bağ verim, bağla...
Çıx düşdüyün yerdən
Könlümə sultan ol!
Quyu dərin,
Baxtın ağzı dar,
Sevdan ağırdan ağır...
Dilin sükut olsun,
Köynəyin səbirdən.
Ucu açıq fikrinin,
Bağ verim
Bir nöqtəyə bağlan.
VƏTƏN ANTOLOGİYASI
İncə bir sükutla sındı qayalar,
Ağır daş diliylə dindi qayalar,
Mənim yastığımdır indi qayalar,
Başımın altında yuxumdu Vətən...
Nəfəsim küləyə, qanım laləyə,
Qarışdım ruhumla göydə haləyə,
Çevrildim nağıla, döndüm naləyə,
Məni doğuracaq, toxumdu Vətən.
Mən idim, çoxaldım bizə çevrildim,
Torpağı qoruyan gözə çevrildim,
Qəbrim üstə gələn qıza çevrildim,
Onun göz yaşında salxımdı Vətən...
XƏBƏRİN VAR
Bir nərdivan dayadın
İçindəki divara.
Ruhun azad gəzirdi,
Könül quşun avara.
Pillələr fikir-fikir
Yuxarıya çıxırdı,
Tutunmağa yerin yox,
Sevgin səni yıxırdı.
Çıxdın o dar qəfəsdən,
Sındı içində sükut.
Geriyə yol qalmadı,
Açdığın qapını tut.
Ömrün də cümlə imiş,
Xəbərin var, haqdandır,
Hər cümlənin sonuna
Torpaq dərin nöqtədir.
QUM SAATI
Daşın da canı var, qumun da dişi,
Gəmirir ömrümü bu qum saatı.
Əqrəbə dönürdü boğazdan keçib,
Fikir tunelində uddum saatı.
Nə daşlar oynadı, nə qum töküldü,
Sevgiylə hörülən divar kimiydim.
Sən məni göylərə qaldıracaqdın,
Əsirdim üstündə, hava kimiydim.
Gün gəldi, divara qondu ürəyin,
Ritmini könlümdə hiss eləyirdim.
Sənin gəlişinə qurub qəlbimi,
Zamanı saata hissələyirdim.
Vaxt keçir qoluma qandal olurdu,
Bəxtin boğazından axıb düşdükcə,
Süzülüb içimə töküldü hər şey,
Quyuya dönürdüm dərinləşdikcə.
Birikdi dibimdə günlərin dağı,
Düşdü ürəyimə bir qəm dənəsi,
Zamandan zamana yol gələ-gələ,
Saata çevrildi bir qum dənəsi.
Daşın da canı var, qumun da dişi.
Gəmirir ömrümü bu qum saatı.
Oyanıb gələcəm, duyub gələcəm,
Özümdən sonraya qurdum saatı.
İSTANBULDA YAĞIŞ
Buludda gizlənən Su,
Damcılarda can buldu.
Yağa-yağa böyüdü,
İslanan İstanbuldu.
Sel-su olub axırdı,
Küçədən sual kimi:
Kim demiş yağış yağmaz?
Elə yağar, bal kimi!
Qarşıma su çıxırdı,
Girdiyim hər dalanda,
Sevincim üzə vurdu,
Dərdim yadda qalanda.
Torpaq qoxusu gəldi,
Vətən üçün susadım,
O qədər darıxdım ki,
“Get başımdan, Su!” dedim.
Göydən bərəkət yağdı -
Tut ucundan göyə çıx,
Arzunu tax, bənd elə,
Göyün yaxası açıq.
Susuz dodaqda şükür,
Suçlu əldə tövbəydi.
Allaha əl açırdım
Dua üçün - növbəydi.
TORPAQ
Gizlədir dar qarnında tarixin daşlarını,
Oxuya bilirsənsə munis yaddaşlarını -
Dərin kitabdı Torpaq.
Bu qədim ocaqların külündə can gizlənir:
Ən ulu məskənimiz, Adurbadaqan gizlənir.
Qucağı pakdı Torpaq!
Zilində fəryadım var, bəmindəki qürbətdir,
Hər bir “Mayə” qayıdış, hər “Hicaz” bir həsrətdir,
Şirin Segahdı Torpaq!
Hər gün bir şey pıçıldar, əlində nazlı hilal,
Gecənin nəğməsinə dəm tutar göydə qaval,
Tozunda gizli keçmiş, palçığında istiqbal -
Sonsuz bir oyanışın
Susduğu yerdi Torpaq.
Göbəklitəpə bir səs, min illərin dilindən,
Sıfır nöqtəsi kimi tutmuşuq əllərindən.
Sığmaz ki, bu dar yerə daşan ruhun nağılı.
Açmadı ürəyini, dastanlara dağıldı-
Göbəyi dardı Torpaq.
Və bir son, bir başlanğıc, içində qoca bir iz,
Hər qatında gizlənib sevgili tariximiz.
Susar bütün dillər də, daşlar dilə gələndə,
Çözüm dilsiz zamanın möhürlənmiş əlində -
Səssiz radardı Torpaq.
Daşlarıyla sərtdir o, otlarıyla yumuşaq,
Binələrlə yurddur o, məzarlarla qarışıq,
Məftillərlə sərhəddir - bölünmüş bir can kimi,
Tikanlar candayara, o isə loğman kimi,
Sarılan qoldu torpaq.
Soyunar ağır-ağır sərtliyini qayadan,
Odur bizi qoruyan, odur bizi oyadan,
Yol keçirər içindən - bir fikir tunelidir,
Soyulmuş dərilərin aşınmayan tənidir,
Dərin bir yoldu torpaq.
Sarmaşıqlar dolanır bu qədim bilməzliyə,
Torpaq bir körpü qurar palçıqdan ölməzliyə.
Nə səs var, nə də səda, yalnızca sükutdur o,
İçində sirlər yatan gör bir neçə qatdır o?
Hüsnü-cəlaldı Torpaq.
Ölüm deyil dönüşüm - daşın torpağa eşqi,
Silər hərbir kölgədən o bihudə təlaşı.
Sonsuzluq qapısıdır əvvəlimə, sonuma,
Çürüyən çiçəklərin sevgi dolu dönüşü,
Sadiq bir yardı Torpaq.
Qaranlıq bir dəhlizdir köklərin yuxusunda,
Hamilə dənələri şişirir yaxasında,
Çatlayan toxumların səsini tək o duyar,
İçindən çıxan sirlə yerin köksünü döyər,
Əzəli sirdi Torpaq.
Ayağımız altında dilsiz bir kitabxana,
Açılar vərəq-vərəq, oxunar xanə-xanə.
Çox hökmdarlar gömüb,
basıb torpaq bağrına,
Dili var, laldı Torpaq.
Xatirə dəftəridir, sirrini yazan da var,
Qələmin yazdığını qılıncla pozan da var.
Udar, fəqət unutmaz, qan sızsa da içinə,
Güvənər içindəki ədalətin gücünə,
Adil bir yerdi Torpaq.
Bir üzü ağ, bir üzü qapqara candı, neynim,
Gecə-gündüz qonağam, nazlı sonamdı, neynim!
Ovcunda zaman yatar, xəyala rəng qatandır,
Gah beşik, gah məzardı, gah da anamdı,neynim!
Hər yerdən haqdı torpaq.
Torpaq torpaqdır, Torpaq!