AZ

PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb » AzadMedia.az




Mayın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi baş tutub.
Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan mərasimdə ADMİU-nun və digər ali təhsil müəssisələrinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, teatr xadimləri, qonaqlar və media nümayəndələri iştirak ediblər.
Açılış nömrəsindən sonra aparıcılar - ADMİU-nun məzunları, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının əməkdaşları İlhan Sadıqov və Aydan Həsənzadə Pillə Festivalı haqqında məlumat veriblər. Qeyd olunub ki, 2022-ci ildə “ADMİU 99+” layihəsi çərçivəsində Universitetin 100 illik yubileyinə töhfə olaraq başlayan Festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir.
Qeyd olunub ki, Festivalın tərəfdaşı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, informasiya tərəfdaşı Teatro.az sənət portalı, dəstəkçiləri Sahib Perfumery & Cosmetics və Dark Print MMC şirkətləridir.
Həmçinin, əlavə edilib ki, ikinci ildir, festival Respublika səviyyəsində keçirilir. Belə ki, festivala qatılan 22 tamaşadan 12-si ADMİU-nun, 10-u isə digər ali təhsil müəssisələrinin olub.
Tədbiri giriş nitqi ilə açıq elan edən ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova qonaqları salamlayıb və PİLLƏ Tələbə Tamaşaları Festivalının artıq təkcə Mədəniyyət və İncəsənət Universitetinin deyil, digər universitetlərin də həyatında silinməz izlər qoyduğunu bildirib. Xüsusən, digər ali təhsil müəssisələrində fərqli ixtisaslarda təhsil alan gənclərin sənətə, teatra bu qədər həvəsli olmalarından məmnunluğunu bildirən rektor onları bu səhnədə birləşdirən qüvvənin də sənət, teatr sevgisi olduğunu vurğulayıb. Xüsusən, ölkənin ən gənc universiteti olan Qarabağ Universitetinin festivala qatıldığını əlamətdar hadisə kimi qeyd edən C.Mahmudova 5 il öncə böyük zəfərlə işğaldan azad edilən torpaqlarda bu gün məhz gəncliyin nəfəsi ilə sənətin, mədəniyyətin cücərdiyini görməyin əsl xoşbəxtlik olduğunu deyib.
Xanım rektor çıxışında festivalın təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib, PİLLƏ Tələbə Tamaşaları Festivalının gələcək illərdə öz arealını daha da genişləndirəcəyinə, beynəlxalq səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb.
Münsiflər heyətinin sədri Teatrşünaslq kafedrasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov çıxış edərək PİLLƏ Tələbə Tamaşaları Festivalının önəmindən danışıb, bir həftə davam edən festivalın çətin, amma bununla bərabər çox zövqlü təcrübə olduğunu deyib.
Sonra “PİLLƏ 4” Festivalının dörd günlük videoicmalı nümayiş olunub.
Tədbir boyunca Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, Təşkilat komitəsinin üzvü, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Teatrşünaslıq kafedrasının müəllimləri Aliyə Dadaşova, Aygün Süleymanova, Teatrşünaslıq kafedrasının məsləhətçi-professoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, dosent Vidadi Qafarov və başqaları çıxış edərək festivalın ümumilikdə Azərbaycan teatr sənətinin inkişafındakı rolundan danışıb, bütün iştirakçılara uğurlar arzu ediblər.
Festivalda iştirak edən bütün kollektivlərə sertifikat və hədiyyələr təqdim edilib.
Festivalın gənc ekspertlərinin adından tələbə-teatrşünas Zeynəb İsmayılova çıxış edərək PİLLƏ Festivalının onlar üçün də maraqlı təcrübə və unudulmaz xatirə olduğunu vurğulayıb. Daha sonra ADMİU-nun tələbə komandalarından gənc ekspertlər tərəfindən qalib seçilən kollektiv və tamaşanın adı açıqlanıb. Ruslan İsmayılovun quruluşunda “Vəziri-xani-həngamə” tamaşası Gənc ekspertlərin mükafatına layiq görülüb.
Xəzər Universitetinin tələbəsi Zəhra Fərəczadə, ADMİU-nun tələbəsi Nərmin Mustafayeva “Ən yaxşı ikinci plan qadın rolu”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Məhəmmədəli Məhərrəmli və ADMİU-nun tələbəsi Əli Davıdov “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyaları üzrə qalib seçiliblər.
“Ən yaxşı kişi rolu”na ADMİU-dan Əfqan Sultan, Azərbaycan Tibb Universitetindən Mehman Rəhimli, “Ən yaxşı qadın rolu”na isə ADMİU-dan Heyran Abdullayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Xədicə Nəbizadə layiq görülüblər.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxışında həm ADMİU-nun məzunu, həm də bağlanış mərasiminin keçirildiyi sənət ocağının təmsilçisi kimi həyəcanını dilə gətirib. O, tələbələrin hələ təhsil zamanından bu cür festivallarda çıxışının onlar üçün böyük yaradıcı əhəmiyyətə malik olduğunu, səhnə təcrübələrinə malik olmaları üçün önəm daşıdığını bildirərək festivalın yaradıcı heyətinə, təşkilatçılarına öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin müdiri İntiqam Babayev bu cür yaradıcı festivalların tələbələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Tədbirdə yeni nominasiyalardan biri olan “Ən yaxşı tələbə-rejissor işi” nominasiyası üzrə mükafat da təqdim edilib. Bu nominasiya üzrə ADMİU-nun tələbə-rejissoru Anar Atakişiyev “Laqeyd gözəl” tamaşasına görə qalib elan olunub.
“PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalını özündən əvvəlkilərdən fərqləndirən bir xüsusiyyət də “Festivalın xüsusi mükafatı” olub ki, bu mükafat münsiflər heyətinin yekdil qərarı ilə Qarabağ Universitetini təmsil edən komandaya təqdim olunub. Mükafatı təqdim edən professor Məryəm Əlizadə
Azərbaycanın şanlı zəfərindən, Qarabağ Universitetinin festivalda iştirakının mənəvi dəyərindən bəhs edib.
Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxışında bu gün dövlətimiz tərəfindən gənclərin yaradıcı atmosferdə, sağlam mühitdə yetişmələri, təhsil almaları və faydalı vətəndaş kimi formalaşmaları üçün hər cür şəraitin yaradıldığını vurğulayaraq, PİLLƏ Tələbə Tamaşaları Festivalını da bu qəbildən olan uğurlu layihələrdən biri kimi dəyərləndirib. O, gənclərə öz yaradıcı potensiallarını nümayiş etdirə bilmələri üçün yaradılan şəraitə görə Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə, təşkilatçılara və əməyi olan hər kəsə öz təşəkkürünü bildirib, qalibləri təbrik edərək, onlara daha böyük uğurlar arzulayıb.
Daha sonra İndira Hacıyeva digər ali təhsil müəssisələri üçün “Ən yaxşı tamaşa” nominasiyasının qalibini açıqlayıb. Bu nominasiya üzrə Azərbaycan Dillər Universitetinin komandası Əsmər Həbiblinin quruluşunda “İnsan səsi” (J.Kokto) tamaşası ilə qalib gəlib.
ADMİU-nun rektoru professor C.Mahmudova isə ADMİU-nun tələbə komandaları arasında “Ən yaxşı tamaşa” nominasiyasının qalibinin adını açıqlayıb. Nəticələrə əsasən, ADMİU-nun SABAH qruplarının “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşası (Y.Zoyfer, quruluşçu rejissor: Mikayıl Mikayılov) qalib elan edilib.
Qaliblər çıxış edərək öz təəssüratlarını bölüşüb, festivalın təşkilatçılarına təşəkkürlərini çatdırıblar.
Qaliblərə diplom, plaket, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.
Gənclər və İdman Nazirliyi qalib tələbələrə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinə və Mingəçevir Kür Olimpiya Tədris-İdman mərkəzinə 2 gecə, 3 günlük istirahət vauçeri, Baku City Carting və Buz Arenasına kuponlar, Mədəniyyət Nazirliyi xatirə hədiyyələri, Sahib Perfumery & Cosmetics orijinal ətirlər və endirim kuponları, Dark Print MMC isə promo çap məhsulları və endirim kuponları hədiyyə edib.
Gecənin bədii hissəsində ADMİU-nun rəqs kollektivinin hazırladığı “Yaşa, mənim xalqım” rəqs kompozisiyası (xoreoqraf Aydan Kamilova), Sabah Mərkəzinin müəllimi Elnur İsmayılovun quruluşunda “Dahi” plastik kompozisiyası, “Rok-n-Roll” rəqsi (xoreoqraf Ofeliya Zeynalova), ADMİU “Kamerata” tələbə orkestrinin ifasında L.Bethovenin “Kontredans” əsəri, eləcə də Musiqi sənəti fakültəsinin tələbələri Abdusalam Şabanlı, Əhməd Məmmədov, Aleksandra Makarova, Selcan Rəfili və Mərdan Kazımovun ifasında “Bu şəhərdə”, “Həyat bayram olsa”, “Şuşanı qar gördüm”, “Qaytar eşqimi” mahnıları, İctimaiyyətlə əlaqələr, marketinq və Sİ şöbəsinin əməkdaşı Mətanət Abdullayevanın Süni İntellekt texnologiyalarının imkanları ilə hazırladığı animasiya tamaşaçılara maraqlı anlar yaşadıb.
Qeyd edək ki, “PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının açılış və bağlanış mərasimlərinin quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, ssenari müəllifi Şahanə Müşfiqdir.
Seçilən
29
2
azadmedia.az

3Mənbələr