AZ

SOS: Hantavirus sürətlə yayılır - COVID-19 kimi pandemiya olacaq?

Son günlər dünyada hantavirusla bağlı yayılan xəbərlər narahatlıqları artırıb. Xüsusilə, virusun yüksək ölüm göstəricisinə malik bəzi ştammları barədə yayılan məlumatlar cəmiyyətdə yeni pandemiya qorxusunu yenidən gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır və bəzi hallarda ağır fəsadlara səbəb ola bilir.

Bəs, hantavirus həqiqətən yeni qlobal təhlükəyə çevrilə və COVID-19 kimi pandemiya yarada bilərmi?

KONKRET.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, hazırda yayılan hantavirus ştammlarının genişmiqyaslı pandemiya yaratmaq potensialı müşahidə olunmur.

“Hantavirus ilk dəfə 1993-cü ildə müəyyən edilib və əsasən gəmiricilər arasında yayılır. Virus daha çox marala bənzər siçanlarda aşkarlanır və adi ev siçanlarında demək olar ki, rast gəlinmir. Bu gəmiricilər əsasən Afrika və Amerika qitəsində yayılıb.

Hazırda “Andes” və “Sin Nombre” adlı ştammlar daha təhlükəli hesab olunur. Xüsusilə “Sin Nombre” ştammı ürək və ağciyər ağırlaşmaları yaratdığı üçün ölüm göstəricisi yüksəkdir. Bu ştammla bağlı ölüm halları bəzi mənbələrdə 30-50 faiz arasında göstərilir”.

Mütəxəssis bildirib ki, virus əsasən yoluxmuş gəmiricilərin sidik və nəcisindən havaya qalxan hissəciklərin tənəffüs yolu ilə insan orqanizminə daxil olması nəticəsində yayılır.

“İnsandan insana yoluxma isə yalnız çox yaxın təmas zamanı -qucaqlaşma və öpüşmə kimi hallarda mümkündür.
Hazırda yayılan “Andes” ştammı müəyyən hallarda insanlar arasında keçə bilsə də, onun COVID-19 kimi qlobal pandemiya yaratmaq potensialı yoxdur. Bu, qətiyyən arxayınlaşmaq anlamına gəlmir. Virus vaxtında lokallaşdırılmalı, xüsusilə zəif səhiyyə sisteminə malik ölkələrə həm texniki, həm də maarifləndirici dəstək göstərilməlidir”.

Adil Qeybulla hesab edir ki, beynəlxalq səhiyyə qurumları hantavirusla bağlı vəziyyəti nəzarətdə saxlaya biləcək gücdədir. Onun fikrincə, əsas məsələ virusun yayılmasının erkən mərhələdə aşkarlanması və koordinasiyalı mübarizə tədbirlərinin görülməsidir.

Seçilən
0
2
musavat.com

3Mənbələr