Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir – üç stansiya, ümumi gücü 340 meqavat.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşündə deyib.
“Yəni bu gün 340 meqavatla bütün Qarabağı işıqlandırmaq olar. Amma nəzərə alsaq ki, biz artıq Zəngilanda, Laçında, Kəlbəcərdə 300 meqavatdan çox su elektrik stansiyaları işə salmışıq, təqribən bir-iki il ərzində bu bölgənin Günəş və su potensialı elektrik istehsalı üçün 700 meqavata yaxın olacaq. Yəni bu, ölkə üçün, məşğulluq üçün çox böyük xeyir gətirəcək. Yəni azad edilmiş bütün bu ərazilər ölkəmizin bütün başqa əraziləri ilə bağlanır – yollarla, hava limanları ilə, elektrik və su xətləri ilə. İndi “Xudafərin”, “Qız Qalası” su anbarlarının suyundan da istifadə edəcəyik, orada elektrikdən də istifadə edəcəyik”, – Prezident İlham Əliyev bildirib.