“May ayında toyların uğursuz sayılması cəmiyyətdə geniş yayılmış mövzulardan biridir və bu yanaşma illər ərzində formalaşaraq bu günə qədər gəlib çatıb. Sovet dövründə də mövcud olan bu adət hazırda daha geniş miqyas alıb…”
Bu sözləri “Yeni Sabah”a sosioloq Hüseyn İbrahimov deyib. Onun sözlərinə görə, “mayda toy olmaz” düşüncəsi zamanla adətdən ənənəyə çevrilib:
“Bunun əsas səbəblərindən biri kommunikasiya imkanlarının artması, xüsusilə sosial şəbəkələrin təsirinin güclənməsidir. Nəticədə bu kimi stereotiplər daha böyük kütlələr arasında yayılaraq möhkəmlənir. Marqarita pizza
Lakin bu tendensiya daha çox psixoloji xarakter daşıyır və elmi və ya statistik faktlara əsaslanmır. May ayında qurulan ailələrin daha uğursuz olması ilə bağlı hər hansı sübut yoxdur. Əksinə, may ili̇n ən gözəl aylarından biri hesab olunur və insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərir.
Uzun müddət təkrarlanan bu cür inanclar zamanla adətə, daha sonra isə ənənəyə çevrilir. Bu isə onların cəmiyyətdə daha da kök salmasına səbəb olur. Mütəxəssislər hesab edir ki, “may ayında toy olmaz” kimi köhnəlmiş stereotiplər gələcək nəsillərə ötürülməməlidir.
Bəzi hallarda bu inanc ailə daxilində yaşanan uğursuzluqlarla, o cümlədən, boşanmalarla əlaqələndirilsə də, statistik göstəricilər belə bir bağlılığın olmadığını göstərir. Boşanmalar ilin bütün aylarında qeydə alınır və bu, konkret bir ayla əlaqələndirilə bilməz”.

Ekspert hesab edir ki, ailə institutuna əsas təhlükə dəbdəbəli toylar və formal rituallardır:
“Ailə institutunun möhkəmliyi üçün əsas təhlükə yaradan amillər köhnəlmiş düşüncə tərzi, artıq dəbdəbə, yorucu toy mərasimləri və formal xarakter daşıyan rituallardır. Bu baxımdan cəmiyyət bu kimi zərərli vərdişlərdən uzaqlaşmalı, daha sağlam və rasional yanaşmalara üstünlük verməlidir.
Eyni zamanda, ailə institutunda valideynlərin və ümumilikdə cəmiyyətin təsiri böyük olaraq qalır. Müasir dövrdə informasiya axınının sürətlənməsi isə bu tip inancların daha geniş yayılmasına şərait yaradır. Nəticədə, bu stereotiplər toy statistikasına da təsir edir və may ayında toyların sayının azalmasına səbəb olur.
Cəmiyyətdə köhnəlmiş stereotiplərdən uzaqlaşmaq və insanların daha sağlam qərarlar verməsi üçün maarifləndirmə işlərinə ciddi ehtiyac var. Xüsusilə ailə institutunun gücləndirilməsi istiqamətində bu fəaliyyətlər daha geniş şəkildə aparılmalıdır. Ümumilikdə bir çox sosial və ailəvi məsələlərlə bağlı məlumatlılığın artırılması vacibdir”.
Sosioloq bildirir ki, köhnə stereotiplərdən qurtulmaq üçün maarifləndirmə gücləndirilməlidir:
“Məsələn, qohumlar arasında evliliklər, toy mərasimlərində israfçılıq, süni şəkildə formalaşdırılmış bəzi “məcburi” adətlər, eləcə də nikahdan əvvəl tibbi müayinələrin əhəmiyyəti kimi mövzular cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Bu sahədə artıq müəyyən hüquqi və tibbi normalar tətbiq olunur və bunlar müsbət addımlar hesab edilir. Lakin bəzi sosial normalar var ki, onlar cəmiyyət daxilində formalaşsa da, hər zaman sağlam və əsaslı olmur.
Bu baxımdan “may ayında toy olmaz” kimi yanaşma nə elmi, nə də sosial baxımdan əsaslı norma sayıla bilməz. Bu, sadəcə uzun illərdən bəri formalaşmış stereotipdir və norma kimi qəbul edilməməlidir.
Reallıqda may ayında da toylar keçirilir, sadəcə say baxımından digər aylarla müqayisədə daha az olur. Bunun əsas səbəbi isə məhz cəmiyyətdə mövcud olan bu yanlış yanaşmadır.
Belə stereotiplərdən qurtulmaq üçün maarifləndirmə əsas vasitədir və bu istiqamətdə həm media, həm mütəxəssislər, həm də ümumilikdə cəmiyyət birgə fəaliyyət göstərməlidir”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız