AZ

Böyük Vətən müharibəsi: “600 minə yaxın azərbaycanlı...”

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İkinci Dünya müharibəsi insanlıq tarixində ən qanlı və dağıdıcı münaqişələrdən biri olaraq bilinir. 

Bu savaş milyonlarla insanın həyatına son qoyub və dünya miqyasında da böyük dağıntılar yaradıb.

Məhz faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının rolu isə xüsusi əhəmiyyət daşıyır. Azərbaycan həm cəbhədə göstərdiyi qəhrəmanlıq, həm də arxa cəbhədə həyata keçirdiyi fədakar fəaliyyətlə müharibənin taleyinə ciddi təsir edən əsas qüvvələrdən biri olub.

Xüsusilə Bakı nefti Sovet ordusunun əsas enerji mənbəyinə çevrilərək tankların, təyyarələrin və hərbi texnikanın fasiləsiz işləməsində strateji rol oynayıb. Müharibə illərində SSRİ-də hasil olunan neftin böyük hissəsinin Azərbaycanın payına düşməsi ölkəmizin qələbədəki əvəzsiz xidmətini göstərir.

Bununla yanaşı, yüz minlərlə azərbaycanlı döyüş meydanlarında böyük igidlik nümayiş etdirərək Berlinədək şərəfli döyüş yolu keçib. Azərbaycanlılardan formalaşdırılan milli diviziyalar Qafqazdan Avropaya qədər bir çox mühüm əməliyyatlarda iştirak edib, minlərlə hərbçimiz orden və medallarla təltif olunub. 

Bu qəhrəmanlıq nümunələri bu gün də Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun formalaşmasında mühüm mənəvi dayaqlardan biri hesab olunur. Müharibə dövründə əldə edilən hərbi təcrübə, intizam, təşkilatlanma və strateji yanaşmalar isə müasir Azərbaycan Ordusunun inkişafında və peşəkar hərbi sistemin qurulmasında mühüm tarixi əsas yaradıb.

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri, tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan nefti qələbədə həlledici rol oynayır:

“Bunu tək biz demirik, hətta Alman və İngilis tarixçiləri belə, öz kitablarında qeyd ediblər. Məhz cəbhədə uçan hər 10 təyyarədən 6-sı, istifadədə olan hər 10 tankdan 7-si Azərbaycan neftinin hesabına hərəkət edirdi. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan neftinin müharibə zamanı həlledici rolu olub. Xatırladım ki, İkinci Dünya müharibəsinə 600 minə yaxın azərbaycanlı iştirak edib.

Təxminən onların yarısı həlak olub. Bu isə ovaxtkı Azərbaycan əhalisinin demək olar ki, 10 %-ni təşkil edir. Müharibə illərində göstərdikləri igidliyə görə 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib”.

N. Cəfərli qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun güc baxımından ikinci ordusu olan Türkiyə ordusunun kiçik modelinə uyğunlaşdırılması prosesinə başlanılıb:

“Hazırda proses gedir, əsas hədəf məhz budur. Bu gün bizim hərbi qələbəmizdə - Vətən müharibəsində bunun çox böyük rolu olub”.

Aişə Abdulova

“Cebheinfo.az”

Açar sözlər:

müharibə Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
cebheinfo.az

1Mənbələr