AZ

Kreml Zelenskinin Putinə göndərdiyi “mesaj” barədə danışıb

ain.az bildirir, Bizimyol portalına istinadən.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Kreml Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar üçün vasitəçilərdən deyil, birbaşa əlaqədən yana olduğunu düşünür.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat verib.

Uşakov Slovakiyanın baş naziri Robert Fitsonun guya Zelenskidən Vladimir Putinə xüsusi mesaj gətirməsi barədə yayılan məlumatları şərh edərkən deyib ki, Kiyev artıq dəfələrlə müxtəlif şəxslər vasitəsilə Moskvaya oxşar siqnallar göndərib.

“Bunlar əvvəllər də müxtəlif şəxslər, o cümlədən Tramp vasitəsilə ötürülən mesajlardır. Qoy özü zəng etsin. Nəsə mesaj göndərirlər, sonra isə hər şey havada qalır. Prezidentimiz dəfələrlə bildirib ki, əgər Zelenski istəyirsə, Moskvaya zəng etsin. Biz qəbul etməyə və danışıqlar aparmağa hazırıq”, – deyə Uşakov bildirib.

Bununla yanaşı, o qeyd edib ki, Fitso Putinə Kiyevdən hər hansı “xüsusi mesaj” çatdırmayıb.

“Sadəcə Zelenski ilə təması barədə danışıb”, – deyə Uşakov əlavə edib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanın dövlət başçıları səviyyəsində şəxsi görüşlə bağlı razılığa yaxın olduqlarını iddia etmişdi. Ukrayna görüşün Alyaskada üçtərəfli formatda keçirilməsini təklif etsə də, Zelenski həmin görüşə dəvət olunmamışdı.

Zelenski isə dəfələrlə Putinlə görüşə hazır olduğunu bəyan edib. Bununla belə, o vurğulayıb ki, belə görüş yalnız iki ölkədə – Rusiya və Belarusda keçirilə bilməz, çünki həmin ölkələr Ukraynaya qarşı müharibədə iştirak edir. Kreml isə görüşün məhz Moskvada keçirilməsində israr edir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
bizimyol.info

1Mənbələr