Hindistanın şərqindəki Odişa ştatı sahillərində "Agni" ballistik raketinin təkmilləşdirilmiş versiyasının uçuş sınaqları keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Yeni hazırlanmış bu raket fərdi hədəfləmə qabiliyyətinə malik bölünən başlıq (MIRV) texnologiyası ilə təchiz edilib.
TASS-ın verdiyi məlumata görə, raket Hind okeanı akvatoriyasında bir-birindən xeyli məsafədə yerləşən müxtəlif obyektlərə yönəldilmiş bir neçə döyüş bloku ilə sınaqdan keçirilib. Hindistan hərbi idarəsinin bildirdiyinə görə, MIRV texnologiyası bir raketə eyni vaxtda bir neçə döyüş başlığını fərqli hədəflərə çatdırmaq imkanı verir.
Ölkənin müdafiə naziri Rajnath Sinqh Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatını, eləcə də ölkənin silahlı qüvvələrini "Agni" raketinin uğurlu sınağı münasibətilə təbrik edib.
Qeyd edək ki, Hindistan dünyanın nüvə dövlətlərindən biridir. Ölkədə nüvə silahının mövcudluğu 1990-cı illərin sonunda rəsmən məlum olsa da, Hindistan sınaqlara hələ 1974-cü ildən başlayıb. Ölkənin arsenalında nüvə başlığı daşıya bilən bir neçə "Agni" ballistik raketi var ki, onlardan sonuncusu - "Agni V" - 8 min kilometr məsafəni qət etmək iqtidarındadır.
Musavat.com