AZ

“Heydər Əliyev Azərbaycan dövlətinin fundamentini yaratdı” Qüdrət Həsənquliyev

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında mərhum Prezident Heydər Əliyevin doğum günü ərəfəsində onun barəsində fikirlərini bölüşüb.

O, bildirib ki, Heydər Əliyev XX əsrin ən istedadlı siyasət və dövlət adamı idi:

"Azərbaycanın ən yeni tarixi onun adı ilə bağlıdır. Onun qədər xalqımızın mentalitetinə və potensialına bələd olan ikinci dövlət xadimi olmayıb. Heydər Əliyev Milli Azadlıq Hərəkatına ciddi dəstək verməklə Sovet İttifaqının süqutunda və müstəqiliyimizin bərpa olunmasında müstəsna rol oynayıb, SSRİ-nin saxlanması əleyhinə Milli Məclisdə 43 deputatla birlikdə səs verib. Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmaqla onun dağılmasını sürətləndirib. Böyük cəsarət nümayiş etdirərək, Moskvada, İlham Əliyevlə birlikdə 20 Yanvar faciəsini törədənləri qınayıb, xalqı ilə bir yerdə olduğunu nümayiş etdirib. O, yaşlı və səhhətində müəyyən problemlərin olmasına baxmayaraq, öncə Naxçıvanda və sonra isə, ölkəmiz üçün ağır günlərdə mərhum Prezident Elçibəyin dəvəti ilə Bakıya gələrək, ağır bir yükün altına girib, müstəqilliyimizi qorudu, ölkəni vətəndaş qarşıdurmasından xilas etdi, silahlı müxalifəti tərk-silah etməyi bacardı, Azərbaycanı dinc inkişaf yoluna keçirdi. O, uzaqgörən siyasətçi kimi dövrün nəbzini tutmağı bacarırdı. Ermənistanla atəşkəs razılaşmasına nail olub, bugünkü inkişafımızın əsasını təşkil edən "Əsrin müqaviləsi"ni imzalamağı bacardı. Ölkəmizdə ordu quruculuğu prosesi başladı. Beynəlxalq münasibətlərdə Azərbaycanı ciddi regional oyunçuya çevirdi. Hər bir insanla səmimi təmas qurmağı bacaran Heydər Əliyev cəzalandırmağı və əfv etməyi bacardığı kimi, insanlara qiymət verməyi də bacarırdı. Onun böyük dövlət ədəb-ərkanı nümayiş etdirərək Milli Azadlıq Hərəkatının lideri, eks-prezident və müxalifət lideri Elçibəy Türkiyədə müalicə olunarkən ona gül göndərməsi, Elçibəyin dəfni ilə əlaqədar Milli Məclisin sədri Murtuz Ələsgərovun rəhbərliyi ilə dövlət komissiyası yaratması və dəfn mərasiminə gəlməsi heç vaxt yaddaşlardan silinməyəcək. Heydər Əliyev tanınmış ictimai-siyasi xadimlərə dövlət təltiflərini şəxsən təqdim edirdi. Ölkənin siyasi isteblişmenti və ictimai xadimləri ilə müxtəlif mədəni tədbirlərə qatılırdı, mədəniyyət nümayəndələri ilə görüşürdü".

Partiya sədri vurğulayıb ki, Heydər Əliyevin özünə varis seçməkdə də səhv etmədiyi zamanla təsdiqini tapdı: "İlham Əliyev ölkəmizin qürur məsələsi olan torpaqlarımızı işğaldan azad etdi, Qarabağda dövlət suverenliyini bərpa etdi, separatizmə birdəfəlik son qoydu. Heydər Əliyev Azərbaycan dövlətinin fundamentini, möhkəm dayaqlarını yaratdı. Onu gözəlləşdirmək və vətəndaşlarımız üçün daha təhlükəsiz və daha güclü iqtisadiyyata sahib, insan hüquq və azadlıqlarının daha ciddi qorunduğu azad ölkəyə çevirmək isə bügünkü iqtidarın və hər birimizin borcudur.

Allah ruhunu şad etsin!"

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
2
azpolitika.info

3Mənbələr