Masallı UGİŞM minifutbol turnirinin qalibi olub
Masallıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş idarə, müəssisə və təşkilat komandaları arasında keçirilən minifutbol turniri başa çatıb.
20 aprel–8 may tarixlərini əhatə edən yarışın qalibi Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası olub. Komanda uğurlu çıxışı ilə turnirin kubokuna sahib çıxıb.
Masallı Rayon İcra Hakimiyyəti, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və YAP Masallı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən turnirin final oyunları “Ərkivan Arena” minifutbol meydançasında baş tutub.
Səkkiz komandanın iştirak etdiyi yarışın yekun nəticələrinə görə, Masallı Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası birinci yeri tutub. Masallı Rayon İcra Hakimiyyətinin komandası ikinci, Masallı Rayon Mərkəzi Xəstəxanasının komandası isə üçüncü olub.
Sonda qalib və mükafatçılar təşkilat komitəsi tərəfindən kubok, diplom, medal və hədiyyələrlə təltif ediliblər.
Akif AĞAYEV