AZ

Türk dron texnologiyasının banisi Səlçuk Bayraktar bəşəriyyətə xəbərdarlıq etdi

BAKI, TurkicWorld

"Baykar" İdarə Heyətinin sədri və Texnologiya Lideri Səlçuk Bayraktar SAHA 2026-da etdiyi çıxışı ilə XXI əsrin texnoloji hegemonluğuna və rəqəmsal əsarətə qarşı bəyanatlar səsləndirib.

TurkicWorld xəbər verir ki, Səlçuk Bayraktar qeyd edib ki, bu tədbir sadəcə metalın və proqram təminatının nümayiş olunduğu sərgi deyil, bəşəriyyətin mənəvi yol ayrıcında ləyaqətini qorumaq üçün bir yol xəritəsidir. Onun sözlərinə görə, 30 il əvvəl dünyaya vəd edilən "texnologiya utopiyası" bu gün yerini "könüllü əsarətə" verib.

Texnokapitalist qlobal hegemonluq və "könüllü əsarət"

Bayraktar internetin gətirəcəyi iddia edilən sülh və bərabərliyin bir mif olduğunu bildirərək, müstəqilliyimizi təhdid edən əsas təhlükənin ənənəvi ordular deyil, cibimizdəki cihazlara qədər sızan "Texnokapitalist Qlobal Hegemonluq" olduğunu vurğulayıb.

"Bu hegemonluq keçmiş diktaturalar kimi kobud güclə gəlmir. Milyardlarla insanı narkotik kimi asılı vəziyyətə salan bir sistemlə, həyatımıza daxil olur. Sosial media alqoritmləri doğrunu deyil, neyroloji zəifliklərimizi analiz edərək bizi ekranda saxlayacaq qəzəb və hedonizm məzmunlarını ön plana çıxarır."-deyə o qeyd edib.

"Maşınlaşan insan qaranlığına doğru gedirik"

İnsanla maşın arasındakı sərhədin itdiyini deyən Səlçuk Bayraktar, ruhsuz rasionalizmin və materializmin insanlıq ləyaqətini məhv etdiyini qeyd edib və bildirib ki,maşınlar üçün inanc, sevgi, mərhəmət və "niyə?" sualı yoxdur.

“Biz inancımızın ifadəsi olan "Əşrəfi-Məxluqat" ruhunu və dərin hissiyyatı qorumalıyıq. Qəlbi və mərhəməti olmayanın əlində texnologiya yalnız məhv alətinə çevrilər. Məqsədimiz insanın maşınlaşdığı deyil, texnologiyanın insana xidmət etdiyi ədalətli dünya qurmaqdır.”-deyə müasir türk texnologiyasının atası qeyd edib.

Bayraktar mülki texnologiyaların, xüsusən ağıllı cihazların necə ölüm saçan silahlara çevrildiyinə diqqət çəkib.

"Bugünün Təpəgözləri, 'Texno-Canavarlar' insanlığı hər addımda izləyən bir tor hörüblər. Yaxın zamanda gördük ki, təchizat zəncirinə yerləşdirilən bombalar vasitəsilə cibimizdəki telefonlar, ağıllı saatlar, hətta qulaqlıqlar belə insanları öldürmək üçün istifadə edilir. Bu mühasirə birbaşa iradəmizə və ruhumuza qarşı yönəlib."-deyə o əlavə edib.

Səlçuk Bayraktar sonda vurğulayıb ki, bizim sivilizasiyamız bir "könül sivilizasiyasıdır" və bu mühasirəni yalnız mənəvi dəyərlərə sahib çıxaraq yarmaq mümkündür.

Seçilən
40
turkic.world

1Mənbələr