AZ

Ümummilli Liderin yaşayan irsi Los-Ancelesdə: təsviri incəsənət, mədəniyyət və musiqinin vəhdəti

Vaşinqton, 9 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibətilə Los-Ancelesdəki Azərbaycan baş konsulluğunun təşkilatçılığı ilə "Ümummilli Liderin yaşayan irsi" adlı incəsənət gecəsi keçirilib.

AZƏRTAC-ın məlumatına görə, Los-Ancelesdə baş tutan tədbir Ümummilli Liderin əhəmiyyət verdiyi multikulturalizm, xalqlar arasında qarşılıqlı hörmət və müxtəlifliyin gözəllik mənbəyi kimi dəyərləri əks etdirən zəngin bir proqramla müşayiət olunub. Konsulluq korpusu, müxtəlif dini və etnik icma, habelə yerli ictimaiyyət nümayəndələrinin iştirak etdiyi gecədə təsviri incəsənət, mədəniyyət və musiqi vəhdət təşkil edərək Azərbaycan cəmiyyətinin rəngarəng mədəni birgəyaşayış ruhunu sərgiləyib.

Tədbirdə istedadlı Azərbaycan rəssamları Nazim Hacıyev, Fidan Kim və İntiqam Musayevin əsərlərinin daxil olduğu “Müasir Azərbaycan”, “Azərbaycan qadınları”, “Azərbaycanda mültikulturalizm” və “Müxtəlif” altmövzularında sərgi təşkil edilib. Rəssamlar öz yaradıcılıq yolları, incəsənətə gəliş hekayələri və Azərbaycan mədəni irsindən aldıqları ilham barədə qonaqlarla səmimi söhbətlər aparıblar.

Baş konsul Vüqar Qurbanov çıxışında Ümummilli Liderin müdrik siyasəti sayəsində Azərbaycanda formalaşmış mədəni harmoniya mühitinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, Heydər Əliyevin mədəniyyət və incəsənəti dəstəkləməyə əsaslanan siyasi irsi müasir dövrdə də Azərbaycanda incəsənət xadimlərinə ilham verməkdə davam edir.

Gecə Ümummilli Liderin əbədi irsini yaşatmaq və Azərbaycanla ABŞ arasında mədəni körpülər qurmaq baxımından uğurlu bir təşəbbüs kimi qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
12
2
azertag.az

3Mənbələr