Fələstinin nüfuzlu “əl-Qüds” qəzetində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş geniş məqalə dərc edilib. “Heydər Əliyev: Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” sərlövhəli yazının müəllifi Azərbaycanın Fələstin Dövlətindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərlidir.
Hafta.az xəbər verir ki, məqalədə Azərbaycanın dövlətçilik tarixi, müstəqillik uğrunda mübarizəsi və Heydər Əliyevin ölkənin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətlər ətraflı şəkildə təqdim olunub.
Qeyd olunub ki, Azərbaycan xalqı ötən əsrdə iki dəfə müstəqil dövlət qurmaq imkanı əldə edib. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika kimi tarixə düşsə də, xarici müdaxilə və daxili çəkişmələr səbəbindən cəmi 23 ay fəaliyyət göstərə bilib.
Yazıda vurğulanıb ki, Azərbaycan xalqı ikinci dəfə dövlət müstəqilliyini 1991-ci ildə bərpa edib. Lakin müstəqilliyin ilk illərində ölkədə dərin siyasi və iqtisadi böhran hökm sürüb, dövlət parçalanmaq təhlükəsi ilə üz-üzə qalıb. Məhz belə mürəkkəb şəraitdə Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyini xilas edib. Məqalədə Ümummilli Liderin “Müstəqilliyi qorumaq onu əldə etməkdən daha çətindir” fikrinin bu gün də aktuallığını qoruduğu qeyd olunub.
Məqalədə, həmçinin Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda sabitliyin təmin olunduğu, dövlət çevrilişi cəhdlərinin qarşısının alındığı, hüquqi dövlət quruculuğunun əsasının qoyulduğu və ölkənin beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğu diqqətə çatdırıılb. Yazıda, həmçinin vurğulanıb ki, Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi, siyasi və hərbi sahələrdə böyük uğurlar qazandığı, enerji və nəqliyyat layihələri ilə regionun əsas dövlətlərindən birinə çevrildiyi bildirilib. Xüsusilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər strateji layihələrin Azərbaycanın beynəlxalq nüfuzunu artırdığı qeyd olunub.
Yazıda Azərbaycan Ordusunun 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı zamanı qazandığı tarixi qələbələrdən də bəhs edilib. Bildirilib ki, bu qələbələr nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub.
Məqalədə, həmçinin Azərbaycan–Fələstin münasibətlərinə də toxunulub. Qeyd olunub ki, Azərbaycan Fələstin məsələsində beynəlxalq hüquqa və BMT qətnamələrinə əsaslanan mövqeyi dəstəkləyir. Eyni zamanda, yazıda Heydər Əliyevin Fələstin lideri Yasir Ərəfat ilə keçirdiyi görüşlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı bildirilib. Hazırda isə əlaqələrin Prezident İlham Əliyev və Fələstin Prezidenti Mahmud Abbas tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb. Məqalədə Azərbaycanın Qəzza zolağında yaranmış humanitar böhranla bağlı həyata keçirdiyi yardım proqramlarından, fələstinli tələbələr üçün ayrılmış təqaüdlərdən və humanitar təşəbbüslərdən də ətraflı bəhs olunub. Qeyd edilib ki, Azərbaycan bundan sonra da Fələstin xalqına dəstəyini davam etdirəcək.