AZ

Həmidov Şiraslanın həyatı və itkin düşməsinə dair arxiv ARAŞDIRMASI

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünya tarixinə qızıl hərflərlə yazılmış faşizm üzərində Qələbə bizim ümumi nailiyyətimizdir. Bu zəfər sovet əsgərlərinin tükənməz dəyanəti və qəhrəmanlığı nəticəsində mümkün olmuşdur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

1941-1945-ci illər müharibəsində Rusiya ilə yanaşı, digər respublika və millətlər də ağır tələfat və itkilər vermiş, böyük igidliklər göstərmişlər. Təkcə Azərbaycandan 123 nəfərin Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfərin isə “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülməsi buna əyani sübutdur. Alman-faşist işğalçılarına qarşı vuruşan 700 min həmvətənimizdən 300 min nəfərdən çoxu qəhrəmanlıq və igidlik nümayiş etdirərək, dünyanı faşist əsarətindən xilas etmək naminə ömrünün gənclik çağında canını qurban verərək həlak olmuşlar. Odlu-alovlu cəbhəyə yollanan 3384 nəfər Zərdab sakinindən isə bu acı aqibəti yaşamış, Vətənə, doğma evə, ailəyə qayıtmaq onlara qismət olmamışdır (2, s. 23).

Danılmaz həqiqətdir ki, əgər 1418 gün gecə-gündüz davam edən Böyük Vətən müharibəsi cəbhələrində Rusiyanın, Ukraynanın, Belarusun, Baltikyanı respublikaların, Qazaxıstanın və Orta Asiyanın, Gürcüstanın və Azərbaycanın övladları çiyin-çiyinə vuruşmasaydılar, alman faşizmi üzərində qələbə mümkün olmazdı. Müharibənin əhəmiyyətindən, tarixi nəticələrindən danışarkən Ümummilli liderimiz Heydər Əliyev vurğulayırdı: “Bizim üçün İkinci Dünya Müharibəsində, faşizmə qarşı aparılan Böyük Vətən Müharibəsində iştirak edən hər bir şəxs yüksək hörmətə layiqdir. İkinci Dünya müharibəsində faşizm üzərində qələbə böyük tarixi əhəmiyyətə malikdir. Əsrlər keçəcək, gələcək nəsillər bu qələbənin bəşəriyyət üçün, dünya üçün, gələcək üçün nə qədər əhəmiyyətli olduğunu daha çox dərk edəcəklər”.  

Müharibənin başlanmasından qısa müddət sonra respublikamızda milli diviziyaların formalaşdırılması istiqamətində mühüm işlərə başlanıldı. Azərbaycanlılardan ibarət 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyaların döyüş şöhrəti tezliklə hər yerdə eşidilməyə başladı. Bu hərbi birləşmələr Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçdilər. Bu döyüşlərdə Zərdab rayonu  böyük fədakarlıq nümayiş etdirmiş, yurdumuzun yüzlərlə oğul-qızları  arxa və ön cəbhədə misilsiz çətinliklərdən keçərək əsl qəhrəmanlıq nümunəsi göstərmişdir.

İkinci Dünya müharibəsi özündən əvvəlki dövrlərdə olan müharibələrdən müqayisəolunmaz dərəcədə onunla fərqlənirdi ki, tarixdə ən böyük müharibə fatehləri olan Makedoniyalı  İsgəndərin, Çingiz xanın, Napoleon Bonapartın apardıqları müharibələr dünyanın yalnız bir hissəsində getdiyi halda II Dünya Müharibəsi çox geniş ərazini əhatə edib. Müharibəyə dünyanın 60-dan çox ölkəsini cəlb etməklə 2 milyarddan artıq əhalisi müharibədə iştirak etmişdir. Bu rəqəm o zaman dünya əhalisinin 80 faizini təşkil edirdi (1, s. 10).

Anam Sadıqova Solmaz Azay qızının babası – Həmidov Şiraslan Şirin oğlu Böyük Vətən müharibəsində iştirak etmiş və itkin düşmüşdür. Uzun illər ərzində babamız haqqında müxtəlif illərdə axtarış aparmış, məlumat toplamağa çalışmışıq. Babamızın soyadının bəzi sənədlərdə Şirinov, bəzilərində Eyvazov olduğunu, 1941-1943-cü illərdə döyüşlərdə iştirak etdiyini, 1943-cü ildə yaralandığını öyrənmişik. Rayonumuzun yaşlı sakinlərinin söylədiklərinə əsasən, onun döyüş yolu keçdiyi ərazilərdən biri Dnepropetrovsk vilayəti olmuşdur.

Müharibədən əvvəl – 1938-ci ildə Şiraslan babanın bir qızı – Həmidova Qureyiş Şiraslan qızı dünyaya gəlir. O, müharibəyə gedən zaman həyat yoldaşı Güllü xanım hamilə idi. Şiraslan anasına və həyat yoldaşına: “Darıxmayın, tezliklə qayıdacağam”, – deyir. 1941-ci ildə müharibəyə gedəndən 2 ay sonra ikinci qızı Almaz dünyaya gəlir.

Tədqiqat zamanı ailə arxivindən üzə çıxarılan ən emosional məqamlardan biri Şiraslanın anası Durna xanımla bağlı hadisədir. Bu epizod təkcə bir ailənin şəxsi faciəsini deyil, həm də Böyük Vətən müharibəsi illərində minlərlə Azərbaycan ailəsinin yaşadığı ümumi kədərin simvolik ifadəsini əks etdirir.

Uzun müddət Durna xanıma oğlunun yaralandığı və hər an geri qayıdacağı barədə məlumat verilmişdi. O, daimi gözlənti içində yaşayır, oğlunun qayıdışı münasibətilə qurban kəsmək üçün qapının ağzında bir qurbanlıq qoyun saxlayırdı. Ümid, nigaranlıq və ağır emosional gərginliyin müşayiət etdiyi bu gözlənti həmin dövrdə oğullarının taleyi barədə heç bir məlumat ala bilməyən anaların yaşadığı psixoloji durumun səciyyəvi ifadəsi idi.

Xüsusilə dramatik məqamlardan biri Durna xanımın radionu açarkən məşhur xalq mahnısı olan “Yaralı durna”nı eşitməsi ilə bağlıdır. Ağrı, yaralanma və həsrət motivləri ilə zəngin olan bu mahnının sözləri onun daxili iztirabları ilə dərin səsləşirdi:

“Üç telli, dörd telli, beş telli durna,

Sən haralısan, haralı, durnam?

Ovçu əlindən yaralı durnam,

Yaralı, yaralı, yaralı durnam”.

Azərbaycan folklor ənənəsində “yaralı durna” obrazı çoxqatlı simvolik məna daşıyır. Bu obraz həm fiziki yaralanmanı, həm də dərin mənəvi iztirabı ifadə edir. Mahnının sözləri həmin kontekstdə özünəməxsus emosional təsir vasitəsinə çevrilmişdi. Durna xanım bu sözləri eşitdikdə dərindən sarsılmış, ağır emosional sarsıntı vəziyyətində radionu sındıraraq: “Sən haradan bilirsən ki, Durna yaralanıb?” –  demişdir.

Bu epizod itkin düşmüş əsgərlərin analarının yaşadığı qeyri-müəyyənliyin onların psixoloji durumuna necə təsir göstərdiyini aydın şəkildə nümayiş etdirir. Məişət hissləri ilə folklor motivlərinin vəhdəti cəbhədən övlad yolunu gözləyən anaların üzərinə düşən ağır emosional yükü daha dərindən anlamağa imkan verir.

Durna xanımın həyat hekayəsi təkcə bir ana faciəsini deyil, həm də müharibə dövründə minlərlə azərbaycanlı ailəsinin yaşadığı ümummilli kədəri əks etdirir. Bu hadisə göstərir ki, müharibənin təsiri yalnız cəbhə ilə məhdudlaşmamış, arxa cəbhədə qalan insanların taleyinə və mənəvi dünyasına da dərindən nüfuz etmişdir.

Bu cür folklor elementlərinin arxiv sənədləri ilə inteqrasiyası tədqiqatın analitik imkanlarını genişləndirir və müharibənin həm ayrı-ayrı ailələr, həm də bütövlükdə cəmiyyət səviyyəsində necə yaşandığı barədə daha kompleks təsəvvür formalaşdırır. Belə yanaşma şəxsi faciəni daha geniş tarixi-mədəni kontekstdə dərk etməyə imkan verir və müharibənin sosial nəticələrinin daha dərindən anlaşılmasına xidmət edir.

Şiraslanın qızları – Qureyiş və Almaz atasız böyümüş, çətinlik və məhrumiyyətlərə sinə gərmişlər. Onların hər ikisi ailə qurmuş, on övlad böyüdüb tərbiyə etdiklərinə görə “Qəhrəman ana” adına layiq görülmüşlər.

Tədqiqat zamanı aparılmış arxiv araşdırmaları Böyük Vətən müharibəsi illərində itkin düşmüş minlərlə azərbaycanlı əsgərdən biri olan Həmidov Şiraslan Şirin oğlunun bioqrafiyasının əsas mərhələlərini bərpa etməyə imkan vermişdir. Zərdab Rayon Dövlət Arxivi və Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən əldə olunan materialların təhlili göstərir ki, onun taleyi intensiv döyüş əməliyyatları zamanı itkin düşmüş çoxsaylı hərbi qulluqçuların taleyi üçün səciyyəvi olmuşdur.

Arxiv sənədlərinə əsasən, Şiraslan Həmidov 1912-ci ildə Azərbaycan SSR-in Zərdab rayonunun Allahqulubağı kəndində anadan olmuşdur. O, 1941-ci il sentyabrın 8-də cəbhəyə çağırılmışdır. Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin sənədlərində onun Qırmızı Ordunun atıcı bölmələrindən birinin tərkibində xidmət etdiyi göstərilir.

Sənədlər 58 nömrəli fondda, 977520 inventar nömrəsi və 181 nömrəli işdə saxlanılır. Onun həlak olduğu və ya dəfn edildiyi məkan barədə hələlik məlumat əldə edilməmişdir. Axtarışlar davam etdirilir, çünki bizim üçün əcdadımızın xatirəsini bərpa etmək və onu gələcək nəsillərə ötürmək mühüm əhəmiyyət daşıyır.

Xüsusi maraq doğuran məqamlardan biri də odur ki, bəzi arxiv sənədlərində onun adı “Şirallan” kimi qeydə alınmışdır. Bu hal müharibə dövrü sənədləşməsində geniş yayılmış səhvləri əks etdirir. Belə yanlışlıqlar şəxsi işlərin sürətli dövriyyəsi, səfərbər olunanların sayının çoxluğu və uçotun mürəkkəb şəraitdə aparılması ilə bağlı meydana çıxırdı. Fond məlumatlarının ətraflı təhlili təsdiq edir ki, “Şirallan” adı altında qeyd olunan şəxs əslində Şiraslan Həmidovdur.

Arxiv materiallarında onun 1943-cü ilin noyabr ayında itkin düşmüş hesab edilməsi barədə qeyd mövcuddur. Bu cür ifadə, adətən, hərbi hissənin əsgərin həlakolma şəraitini müəyyənləşdirmək imkanına malik olmadığı hallarda işlədilirdi. Belə vəziyyətlərdə əsgərlər güclü artilleriya atəşi altında qala, mühasirəyə düşə və ya genişmiqyaslı hücum əməliyyatlarının aparıldığı cəbhə sahələrində itkin düşə bilərdilər.

Şiraslan Həmidovun həlak olması və ya dəfn olunduğu yer barədə məlumatların olmaması, 1943-cü ildə cənub-qərb istiqamətində döyüşmüş əsgərlər üçün tipik bir vəziyyətdir, çünki həmin döyüşlər yüksək intensivlik və böyük itkilərlə fərqlənirdi. Babamızın taleyi barədə məlumatların olmaması onun ailəsi üçün dərin emosional iztirabların mənbəyi olmuşdur.  

Qeyd etmək lazımdır ki, itkin düşmüş hərbi qulluqçular haqqında məlumatların axtarılması mürəkkəb və çoxsahəli bir prosesdir. Həmidov Şiraslan Şirin oğlunun döyüş yolu yalnız ailəvi bir məsələ deyil, həm də müharibə illərində itkin düşənlərin adlarını dəqiqləşdirməyə  yönəlmiş böyük tarixi işin bir hissəsidir. 1941-1943-cü illəri əhatə edən cəbhə bioqrafiyasındakı qeyri-müəyyənlik, Şiraslan Həmidovun harada xidmət etdiyini, hansı vəzifələri icra etdiyini, hansı əməliyyatlarda iştirak etdiyini və s. axtarıb tapmağa məcbur etdi.

Bu naməlum səhifələri işıqlandırmaq arzusuyla bir neçə mənbəni müqayisə etməyə ehtiyac duydum – arxiv sənədləri, şifahi şahidliklər, məlumat kitabçaları, hərbi xronikalar. Məhz bu sistemli işlər nəticəsində mən tədqiqatda dönüş nöqtəsi olan əsas məlumatı əldə etməyi bacardım. Bir neçə aylıq axtarışlardan sonra ilk dəfə olaraq babamın xidmət etdiyi bölmə və itkin düşdüyü vaxta qədər harada ola biləcəyi barədə sənədli təsdiq edilmiş məlumatları tapdım.

Bu mühüm məlumat “Azərbaycan Respublikası Xatirə Kitabı” çoxcildliyinin beşinci cildində (səh.240) tapıldı – burada babamın müəyyən bir hərbi hissəyə mənsubiyyətini dəqiq müəyyənləşdirməyə imkan verən qeyd mövcuddur. Beləliklə, “Xatirə Kitabı”nın məlumatları sonrakı təhlil üçün əsas oldu – diviziyanın müəyyənləşdirilməsi, babamın döyüş yolu, mühüm əməliyyatlarda iştirakı və onun 1943-cü ildə itkin düşməsinin mümkün şərtləri. Araşdırmanın  bu mərhələsi yalnız onun xidmətinə dair biliklərimi genişləndirmək deyil, həm də işə dərin bir yaddaş mənası qatdı, çünki itirilmiş talelərin bərpasının xalqın tarixi yaddaşının qorunmasında mühüm rol oynadığını bir daha xatırladır.

“Azərbaycan Respublikasının Xatirə Kitabı” çoxcildli və əsaslı bir nəşr olmaqla, Böyük Vətən müharibəsində iştirak etmiş azərbaycanlılarla bağlı arxivdə təsdiq edilmiş məlumatları sistemləşdirir. Bu nəşr milli hərbi tarixşünaslıqda mühüm rol oynayır və hərbi qulluqçuların bioqrafiyaları, döyüş itkiləri və itkin düşmə hallarının statistikalarının bərpası üçün vacib bir mənbədir.

Kitabda hər bir hərbi qulluqçunun doğum yeri, cəbhəyə çağırılma vaxtı, hərbi hissəyə mənsubiyyəti, xidmətin xarakteri və taleyi barədə məlumatlar təqdim olunur. 240-cı səhifədəki qeyd göstərir ki, Həmidov Şiraslan Şirin oğlu (1912-ci il, Zərdab rayonunun Allahqulubağı kəndi) 1941-ci ildə Azərbaycan, Zərdab Rayon Hərbi Komissarlığından orduya çağırılıb və 581-ci qırıcı alayının avtomatçısı  kimi xidmət edib, 1943-cü ildə  qızğın döyüşlərdə yaralanmış və  itkin düşmüş (1943, noyabr) hesab edilmişdir.

Həmidov Şiraslan Şirin oğlunun 581-ci qırıcı aviasiya alayına mənsubiyyətinin müəyyən edilməsi, yalnız onun xidmət etdiyi yeri təyin etməyə deyil, həm də onun cəbhə illərinin keçdiyi tarixi konteksti bərpa etməyə imkan yaratdı. Onun döyüş yolu ilə bağlı tam məlumatın əldə edilməsi üçün bu alayın təşkili, strukturu və döyüş əməliyyatlarının tarixinə müraciət etmək vacib idi, çünki 1942-1943-cü illərdə bu alay hava döyüşlərində mühüm rol oynamışdır.

Stalinqrad əməliyyatında göstərdiyi qəhrəmanlığa görə alay 55-ci Qvardiya Qırıcı Aviasiya Alayı adına layiq görülmüşdür ki, bu da döyüş şücaətinin ən yüksək dərəcədə tanınmasıdır. Məhz bu dövrdə – Dnepr əməliyyatının qızğın çağında Şiraslan Həmidovun itkin düşməsi qeyd olunur.

Beləliklə, “Xatirə Kitabı”ndakı məlumatlar və alayın döyüş yolu təhlili birləşdirilərək, Şiraslan Həmidovun cəbhə bioqrafiyasını daha dəqiq şəkildə müəyyən etməyə və onun itkin düşməsinin şərtlərini anlamağa imkan verir.

581-ci Qırıcı Aviasiya Alayı 1941-ci ilin sonlarında Volqa hərbi dairəsində formalaşdırılmış və “Yak” seriyasının qırıcı təyyarələri ilə təchiz olunmuşdur – Yak-1, Yak-7, sonradan isə Yak-9. Struktur baxımından alay üç aviasiya eskadrilyasından, mühəndis-texniki xidmətdən, silahlanma xidmətindən və aerodrom-texniki bölmələrdən ibarət idi (4). Şiraslan Həmidovun döyüş yolu aşağıdakı mərhələləri əhatə edir:

1942 – ci il – Xarkov əməliyyatı və Cənub-Qərb cəbhəsi. Luftwaffe-nin (Alman Hərbi Hava Qüvvələri) zərbələrinin dəf edilməsi və qoşunların hava müdafiəsinin təmin edilməsi.

1942-1943 –cü illər – Voronej və Don istiqamətləri. Hava məkanının idarə olunması uğrunda intensiv hava döyüşləri.

1942-1943-cü illər – Stalinqrad döyüşü. 581-ci alay Stalinqrad üzərində alman aviasiyasının fəaliyyətini zəiflədir və qoşunların və rabitə xətlərinin hava müdafiəsini təmin edir. Bu şəraitdə texniki heyət, aerodromların daimi bombardmanlarına baxmayaraq, aviasiya texnikasının fasiləsiz hazır vəziyyətdə olmasını təmin edirdi.

1943-cü il – Donbas və Dnepr əməliyyatları. Alay, Donbasın azad edilməsi və Dnepri keçmək əməliyyatları zamanı hava üstünlüyünün təmin olunmasında fəal iştirak etmişdir.

Bu əməliyyatlardakı döyüşlərin xarakteri, 1943-cü ilin noyabrında Həmidov Şiraslan Şirin oğlunun itkin düşməsi ilə bağlı arxiv məlumatları ilə tamamilə uyğun gəlir – bu dövr Dnepropetrovsk istiqamətində ən şiddətli hava döyüşlərinin baş verdiyi dövr idi.

Alayın mühəndis-texniki heyəti təyyarələrin döyüşə uçuşlara hazırlanması, aviasiya sistemlərinin təmiri və tənzimlənməsi, bombardmanlara məruz qalan aerodromlardan aviayaxtaların evakuasiyası və döyüşlər şəraitində aviasiya hissələrinin döyüş qabiliyyətinin bərpası ilə məşğul idi.

Bu səbəbdən aviasiya texnikləri tez-tez birbaşa hava zərbələrinin təsirində qalır və ciddi itkilərə məruz qalırdılar. Arxiv məlumatları göstərir ki, 1943-cü ilin payızında Dnepr əməliyyatı Şiraslan Həmidovun itkin düşməsinin şərtləri ilə tam uyğun gəlir.

Beləliklə, babamızın taleyi, müharibənin sərt reallıqları nəticəsində izləri itən yaxınlarını itirmiş minlərlə azərbaycanlı ailəsinin tipik faciəsini təcəssüm etdirir. Onların adlarını, bioqrafiyalarını və döyüş yolunu bərpa etmək arzusu yalnız elmi axtarışın bir hissəsi deyil, həm də tarixi və ailə yaddaşını qorumağa yönəlmiş mühüm bir missiyadır. Əminəm ki, arxiv mənbələri ilə aparılacaq əlavə işlər mövcud boşluqları doldurmağa və onların hərbi taleyinin yeni səhifələrini açmağa kömək edəcəkdir.

Həmidov Şiraslan Şirin oğlunun taleyinə həsr olunmuş tədqiqat göstərir ki, arxiv mənbələrinin, şifahi şahidliklərin və dərin tarixi təhlilin birləşdirilməsi, itkin düşmüş əsgərin bioqrafiyasının rekonstruksiyasında nə qədər vacib ola bilər. Aşkarlanmış sənədlər yalnız onun mənsub olduğu konkret hərbi hissəni müəyyən etməyə deyil, eyni zamanda onun şəxsi taleyini 581-ci Qırıcı Aviasiya Alayının döyüş əməliyyatlarının geniş kontekstinə daxil etməyə şərait yaratdı.

Arxiv məlumatları bioqrafiyanın bərpası üçün əsas yaradır. Rusiya Federasiyası Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən əldə edilən məlumatlar və “Azərbaycan Respublikası Xatirə Kitabı”nın materialları Şiraslan Həmidovun 581-ci Qırıcı Aviasiya Alayına  mənsub olduğunu müəyyən etməyə və onun xidmətinin zaman çərçivələrini müəyyən etməyə imkan vermişdir.

Şiraslan Həmidovun həyat hekayəsi yalnız fərdi bir faciəvi yol deyil, həm də həyatları Böyük Vətən müharibəsinin sərt reallıqlarında kəsilən bir nəslin taleyidir. Onun itkin düşməsi sadəcə bir “arxiv qeydi” deyil, gözləmə, ağrı və ümidlə dolu, illər boyu ailəsi tərəfindən yaşanan real bir insan dramıdır.

AYŞƏN ƏSƏD QIZI RƏSULOVA

AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL İNSTİTUTU,

BÖYÜK ELMİ İŞÇİ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
51
2
redaktor.az

3Mənbələr