AZ

Ev təmirində ən böyük səhv açıqlandı: Sonradan baha başa gəlir

Evdə təmirə başlayarkən büdcəni rasional şəkildə planlaşdırmaq, eləcə də mənzilin dayanıqlılığı və təhlükəsizliyində əsas rol oynayan qara işlər zamanı materiallara qənaət etməmək olduqca vacibdir.


Pravda.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ekspert Sergey Qlebov mayın 9-da "İzvestiya" qəzetinə müsahibəsində ətraflı danışıb.

 

"Qara təmir materiallarına ayrılan vəsaiti azaltmaq qətiyyən olmaz. Buraya suvaq işləri, astar tətbiqi və gipsokarton sistemləri daxildir", - deyə mütəxəssis vurğulayıb.


Ekspertin sözlərinə görə, ilkin mərhələdə edilən səhvlər sonradan təmirin yenidən aparılmasına səbəb ola bilər. Elektrik və su xətlərinin çəkilişi zamanı yalnız yüksəkkeyfiyyətli materiallardan istifadə edilməlidir. S.Qlebov bildirib ki, vaxt itkisini azaldan müasir texnologiyalar, xüsusilə, gipsokarton əsaslı konstruksiyalar vasitəsilə xərcləri optimallaşdırmaq mümkündür.


"Arakəsmələr quraşdırıldıqdan sonra divarlar istifadəyə hazır vəziyyətə gəlir. Yalnız birləşmə yerlərini bağlamaq tələb olunur və bundan dərhal sonra kosmetik tamamlanma mərhələsinə keçmək mümkündür", - deyə o izah edib.


Mütəxəssis astar tətbiqinin əhəmiyyətinə də xüsusi diqqət çəkib. Onun sözlərinə görə, bu mərhələnin ötürülməsi və ya keyfiyyətsiz məhsullardan istifadə olunması divar səthində çatların və müxtəlif qüsurların yaranmasına səbəb ola bilər.


Ekspert qeyd edib ki, ev təmirinin başlanğıcında döşəmə, divar və tavanların hamarlanması mütləq həyata keçirilməlidir. Bu mərhələdə ən çox üstünlük verilən variantlardan biri quru gips-lifli hazır döşəmə konstruksiyalarının tətbiqidir.
 

"Döşəməaltı hissənin bu üsulla hazırlanması yekun qat çəkildikdən cəmi bir gün sonra tam istifadəyə imkan verir", - deyə mütəxəssis bildirib.


O əlavə edib ki, döşəmə materialları alınarkən keramzit qatına qənaət etmək olmaz. Çünki keyfiyyətsiz və ucuz materiallar döşəmənin deformasiyasına səbəb ola bilər.


S.Qlebov vurğulayıb ki, dartma tavanlar daha ucuz alternativ hesab olunsa da, gipsokarton tavan sistemləri akustik izolyasiya və yanğın təhlükəsizliyi baxımından daha etibarlıdır.


Mütəxəssis, həmçinin sənuzel və mətbəx kimi rütubət səviyyəsi yüksək olan məkanlarda mütləq suya davamlı materiallardan istifadə edilməsini və hidroizolyasiya tədbirlərinin görülməsini tövsiyə edib.

Tarix: 10 May 2026, 08:38   
Seçilən
27
pravda.az

1Mənbələr