AZ

Azər Həsrət: “Narahat deyiləm”

“Din barədə açıqlamalarım bir çoxlarının xoşuna gəlmədi. Mədəni şəkildə etiraz edənlər də az olmadı. İncimirəm, əlbəttə ki, insanların fikirləri fərqlidir, hər kəsin öz fikri var. Təəssüf ki, xeyli sayda söyüşlə, təhqirlə İslam dinini müdafiə etdiyini düşünənlər, həmçinin saxta hesablar üzərindən məni təhdid edənlər də oldu. Hətta qardaş Türkiyədən yazırmış kimi görünənlər də çağırışlar edirdilər ki, Azərbaycanda bir nəfər yoxdurmu, bunu vurub öldürə? Əsasən, bu cür təhdidləri saxta profillərdən edirdilər. Bəzən belə profillərdən mənə mesaj yazırdılar və mesaj dərhal silinirdi. Görürəm ki, adamlar sözü atıb qaçırlar. Təbii ki, arxalarınca düşüb axtarmadım. Axtarsam da, tapa biləcəyimə əmin deyiləm...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

 

A.Həsrət bildirib ki, təhdidlər onu narahat etmir: “Özüm ehtiyatlı, diqqətli adamam. Həmişə belə olub. Obrazlı desək, mənə qarşı təhdid olsa da, olmasa da arxanı da, irəlini də, sağı da, solu da görürəm. Bütün bunlar məni narahat etmir, çünki başında problem olan adamlar az deyil. Bunu başa düşürük, lakin əksəriyyət məsələyə ağılla, təmkinlə yanaşdı. Belə demək mümkündürsə, Azərbaycan dövləti kifayət qədər sabit və güvənli dövlətdir. Əlbəttə, kimisə təhdid etmək bir işə yaramaz, çünki dövlətin gözü hər tərəfi görür, qulağı hər yeri eşidir. Bu baxımdan, elə də narahatlığım yoxdur. Lakin bir şeyə çox təəssüfləndim ki, fikirlərimi tənqid edənlər öz yerində, bu fikirlərə qarşılıq olaraq təhqirə üstünlük verənlərin sayı da az deyildi. Halbuki o adamlar özlərini “din, iman” adamları kimi təqdim edirdilər. Əlbəttə, bu, insanı kədərləndirir. Mənim bildiyimə görə, İslam dinində insanlar təhqirə, başqalarına qarşı bu cür aşağılayıcı davranışlara yol verməməlidirlər. Həmin adamlar bu cür davranışa yol verməklə bir daha göstərdilər ki, doğrudan da, cahil insanlar az deyil”.

 

Aytəkin Qardaşova

Tarix: 10 May 2026, 09:16   
Seçilən
37
pravda.az

1Mənbələr