AZ

Müasir Azərbaycan Heydər Əliyevin memarlıq dühasının təcəssümüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu Sərəncamın əsasında Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq ənənələrinin yaşadılması, ölkəmizdə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədi dayanır. Xüsusi qeyd edilməlidir ki, respublikamız iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində etibarlı tərəfdaş kimi tanınır, bu sahələrdə nəticəyönümlü beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir, həmçinin dayanıqlı şəhərsalma proseslərində fəallığı ilə seçilərək böyük təcrübə qazanıb. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) Bakı şəhərində keçirilməsi barədə qərarın qəbul olunması Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu əyani şəkildə nümayiş etdirir.

Çoxəsrlik tarixinin müxtəlif mərhələlərində, Şərqlə Qərbin kəsişməsində güclü dövlətlər və sıx iqtisadi, siyasi, mədəni əlaqələr qurmuş Azərbaycanda UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Şirvanşahlar sarayı kompleksi, Qız qalası, Xan sarayı, həmçinin çoxsaylı məscidlər, türbələr və digər mədəniyyət inciləri yaradılmış, tədricən şəhərlərin özünəməxsus siması formalaşmışdır. XlX əsrin ortalarından başlayaraq qısa zamanda dünyanın neft mərkəzlərindən birinə çevrilmiş Bakıda sürətli sənayeləşmə prosesinin təsiri altında Şərq və Qərb memarlığının sintezi hesab edilən təkrarolunmaz şəhərsalma modelinin əsası qoyulmuşdur. Təəssüf ki, XX əsrin əvvəllərində bolşevik işğalından sonra Azərbaycan daha çox xammal mənbəyi və aqrar ucqarlardan biri kimi qiymətləndirilmiş, qlobal tərəqqi prosesi fonunda malik olduğu yüksək potensialını tam reallaşdıra bilməmişdir. Lakin buna baxmayaraq, dövrün görkəmli memarlarının səyləri nəticəsində ölkəmizdə milli ənənələr zəminində yeni memarlıq üslubu yaranmış və yaşadılmışdır.

Fəaliyyəti zamanın çərçivəsini aşan və gələcək nəsillər üçün strateji əhəmiyyətə malik olan şəxsiyyətlərin yeri və rolu tarixdə xüsusi əhəmiyyət kəsb edir. Yaradıcı və qurucu şəxsiyyətlər təkcə siyasi lider kimi çıxış etmirlər, dövlətin institusional əsaslarını yaradan, eyni zamanda, iqtisadi prosesləri istiqamətləndirən və xalqın milli-mədəni inkişaf vektorunu müəyyənləşdirən ictimai inkişafın memarı olurlar. Müasir dövrün əsas prioriteti kimi qəbul edilən qlobal urbanizasiya şəraitində məkan və infrastruktur modellərini müəyyənləşdirən belə liderlərin əhəmiyyəti daha da artır.

XX əsrin ikinci yarısı – XXl əsrin əvvəlində Azərbaycanın idarəçilik sükanını əlinə alan və onu inamla, uzaqgörənliklə gələcəyə doğru aparan belə bir şəxsiyyət xalqımızın Ümummilli Lideri Heydər Əliyev olmuşdur. Heydər Əliyev Azərbaycan tarixində dövlətçilik ənənələrinin, milli dirçəlişin güclənməsinə əvəzolunmaz töhfələr vermiş və müasir idarəçiliyin əsaslarını yaratmış görkəmli dövlət xadimidir. Onun fəaliyyəti uzaqgörən liderlik, güclü idarəçilik və milli maraqlara əsaslanan strateji düşüncə ilə səciyyələnmişdir. Ulu Öndər bütün siyasi fəaliyyəti boyunca Azərbaycanın sosial-iqtisadi inkişafını, dövlət müstəqilliyinin möhkəmləndirilməsini və milli ideologiyanın formalaşmasını əsas prioritet kimi müəyyən etmiş, bununla da ölkənin gələcək inkişaf modelinin konseptual əsaslarını yaratmışdır.

Ulu Öndərin fəaliyyəti mərkəzində müstəqil, güclü, dayanıqlı və müasir dövlətin formalaşması amalı dayanan ardıcıl və məqsədyönlü quruculuğun bariz nümunəsidir. Onun müəyyən etdiyi dayanıqlı inkişaf xətti konkret zaman çərçivəsi ilə kifayətlənməmişdir. Ümummilli Lider xalqın dövlətçilik təfəkkürünü və mənəvi dəyərlərini inkişaf etdirən, zənginləşdirən və istiqamətləndirən, eyni zamanda, gələcək onilliklərin çağırışlarını qabaqcadan görən, onu sanki bir memarlıq layihəsi kimi qiymətləndirən və bu layihənin reallığa çevrilməsi üçün dayanmadan çalışan dahi rəhbər və güclü ideoloq olmuşdur.

Seçilən
31
15
publika.az

10Mənbələr