Trend xəbər verir ki, bu sözlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.
Administrasiyasının rəhbəri bildirib ki, dünyanın müxtəlif bölgələrində şəhərlər dağılır, Azərbaycan isə işğaldan azad olunmuş ərazilərində müasir şəhərlər salır, orada insanların layiqli yaşayışını təmin edir. Azərbaycan qarşıdurmaların, kataklizmlərin hökm sürdüyü məkan deyil, bu problemlərin həlli ilə bağlı qlobal müzakirələrin keçirildiyi platformadır. Çünki sözü imzası qədər qiymətli və dəyərli olan Prezident İlham Əliyevə dünyada böyük inam və etimad vardır.
"Ümummilli Lider Heydər Əliyev dağılmaq ərəfəsində olan Azərbaycanı bir memar kimi yenidən qurdu, Prezident İlham Əliyev isə Ulu Öndərin memarlıq ənənəsini bacarıqla davam etdirərək, onu qüdrətli dövlətə çevirdi. Olduqca böyük çətinlikləri, sarsıntıları aşaraq inşa edilmiş bugünkü müasir və qüdrətli Azərbaycan Heydər Əliyevin memarlıq dühasının və Prezident İlham Əliyevin məharətli idarəçiliyinin, uzaqgörənliyinin və qətiyyətinin təcəssümüdür", - deyə məqalədə vurğulanıb.