AZ

Heydər Əliyev və Azərbaycan intibahı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ölkəmizin hər yerində və dünyanın bir çox ölkələrində xüsusi hörmət və ehtiramla qeyd olunur. İndiyədək bu böyük şəxsiyyət haqqında onlarla kitablar və məqalələr yazılmış, filmlər çəkilmiş, xatirəsini əbədiləşdirmək məqsədilə beynəlxalq konfranslar keçirilmişdir. 

Heydər Əliyevi yaxından tanıyan bir insan kimi hesab edirəm ki, Ulu öndər haqqında nə qədər yazılsa və deyilsə də, onun şəxsiyyəti və Azərbaycan naminə gördüyü tarixi işlər hələ də yetərincə işıqlandırılmamışdır. Mən özümü xoşbəxt insanlardan hesab edirəm ki, belə bir dahi şəxsiyyətlə bir dövrdə yaşamış, onun rəhbərliyi altında müxtəlif vəzifələrdə işləmiş, onunla dəfələrlə xarici ölkələrdə səfərdə olmuş, həmişə diqqət və qayğısını hiss etmişəm. Onu yaxından tanıyan bir şəxs kimi qərara aldım ki, bəzi etibarlı mənbələrdən oxuduğum, gördüyüm, yaxın insanlardan eşitdiyim, şahidlik etdiyim hadisələri hörmətli oxucularla bölüşüm. 

Tarixdən məlumdur ki, 1941-ci ilədək azərbaycanlılara etibar edilməyən vaxtlarda Dövlət Təhlükəsizliyi orqanlarının əməkdaşları əsasən rus, yəhudi, gürcü və erməni əsilli kadrlardan ibarət idi. Həmin dövrdə 18 yaşı yenicə tamam olan və Naxçıvanda Xalq Komissarları Sovetində işləyən Heydər Əliyev ştatdankənar sınaq müddətinə Naxçıvan Xalq Daxili İşlər Komissarlığına dəvət olundu. 

Həmin il avqustun 25-də SSRİ Naxçıvan ərazisindən Cənubi Azərbaycana qoşun yeritdi. Cənubi Azərbaycanda Milli Hökumət elan edildi və Seyid Cəfər Pişəvəri ora rəhbər seçildi. Naxçıvan Sovet texnikasının, silahların, ərzaq və başqa yüklərin İrana daşınması, partiya, dövlət, mədəniyyət işçilərinin, təbii ki, həm də kəşfiyyat əməkdaşlarının Cənubi Azərbaycana ötürülməsi üçün əsas məkana çevrildi. Bəzi tədqiqatçıların yazdığına görə, müharibənin ilk illərində Naxçıvan qızğın döyüşlərin getdiyi Belarusdan, Ukraynadan az əhəmiyyəti olmayan strateji məkana çevrilmişdi. Həmin il Bakıya gəlib Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Memarlıq fakültəsinə daxil olur. Bir il oxuduqdan sonra Naxçıvanda yaşayan kiçik bacı və qardaşlarının maddi durumunun çətinliyi səbəbindən təhsilini yarımçıq qoyub Naxçıvana qayıdır. 1941–1943-cü illərdə Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışır. 1943-cü ilin axırlarında 20 yaşlı Heydər Əliyev Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilir. 

Bütün bu işlərin həyata keçirilməsi Azərbaycan dövlət təhlükəsizlik orqanlarının fəaliyyət dairəsinə daxil idi və leytenant Əliyev sovet və xarici hökumət nümayəndə heyətlərinin İrana və geriyə hərəkətləri zamanı mühafizə tədbirlərində iştirak edirdi. 1946-cı il aprelin -də Azərbaycanın rəhbəri Mir Cəfər Bağırov Pişəvəri ilə görüşmək üçün Culfaya gəlir, iyun və oktyabr aylarında isə görüşlər Naxçıvanda baş tutur. Hər iki tədbirin təşkilatçılarından biri olan Əliyev bu zaman Mir Cəfər Bağırovla şəxsən tanış olur. 

İkinci Dünya müharibəsindən sonra SSRİ-yə, o cümlədən Azərbaycana qayıdan əsirlərin sayı minlərlə idi. Bu insanlar vətən xaini hesab edilir və onlara divan tutulurdu. 1946-cı ilin iyulunda Azərbaycana 3 mindən çox əsir qayıtmışdı. Ölkənin hər yerində, o cümlədən Naxçıvanda bu məsələ ilə bağlı yoxlama-araşdırma komissiyası yaradılmışdı. Heydər Əliyev də həmin  komissiyanın üzvü idi. O, bu yoxlamalara çox incəliklə yanaşırdı və məhz onun iştirakı ilə yüzlərlə azərbaycanlı azadlığa çıxa bilmişdi. 

1947-ci ildə baş leytenant Heydər Əliyev Naxçıvan Respublikası Dövlət Təhlükəsizlik Nazirliyinin 5-ci şöbəsinin rəisi vəzifəsinə təyin olunur. Bu bölmə Naxçıvan təhlükəsizlik orqanlarının ən əsas bölmələrindən biri idi, İran və Türk xüsusi xidmətlərinə qarşı əks-kəşfiyyat işləri aparırdı. 

Heydər Əliyev müharibədən sonra operativ işçilərin çekist hazırlığının artırılması üzrə Azərbaycan Xüsusi Dövlət Xidməti Komitəsi yanında qısamüddətli kurslarda təlim keçmiş, burada keçirilən bütün fənlərdən əla qiymətlər almışdı. 

Naxçıvanda dövlət təhlükəsizlik orqanlarında işlədiyi səkkiz il onu həm mütəxəssis kimi, həm də bir insan kimi çox yetkinləşdirdi. O, həmvətənlərinə, ən əvvəl isə özünə sübut etdi ki, hətta belə bir ciddi və qəddar, amansız cəza orqanlarında çalışmaqla da əsl insan olaraq qalmaq, insanlara kömək etmək, onların gözünün içinə çəkinmədən, utanmadan, dik baxmaq olar. 

Həmin dövrdə onlarla insan məhz onun müdaxiləsi ilə ölüm düşərgələrindən, sürgünlərdən xilas olmuş, doğma torpaqlarına rahat həyata qaytarılmışdı. 

1949-cu ilin mayında 26 yaşı tamam olduğu ərəfədə Bakıdan xəbər gəlir ki, onu Leninqrada (indiki Sankt-Peterburq) SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin operativ rəhbər heyətin yenidən hazırlanması məktəbinə oxumağa göndərirlər. Heydər Əliyev həmin məktəbi də əla qiymətlərlə bitirir. Ona bu məktəbi bitirməsi barədə verilən xasiyyətnamədə deyilirdi: “baş leytenant Heydər Əliyev məktəbdə oxuduğu müddətdə özünü yalnız müsbət tərəfdən göstərmiş, dərslərə ciddi yanaşmış, oxuduğu müddət ərzində dərs əlaçısı olmuş, məktəbin rəisi tərəfindən ona dəfələrlə təşəkkür elan edilmiş, adı əlaçıların şərəf lövhəsinə yazılmışdır”. Xasiyyətnamədə o da qeyd olunur ki, “yoldaş Əliyev operativ məsələlərin həllində əsas mahiyyəti bacarıqla üzə çıxarır, əməliyyat şəraitində sərbəst və düzgün addımlar atır, doğru qərarlar qəbul edir, əməliyyat sənədlərini dolğun və əsaslandırılmış şəkildə hazırlayır. Ona görə də o, xidməti vəzifədə irəli çəkilməyə layiqdir”. 

1950-ci ildə 2 yaşlı Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin mərkəzi aparatına keçirilir və ikinci əks-kəşfiyyat şöbəsinin altıncı bölməsinə rəis müavini vəzifəsinə təyin edilir. Bakıda işə başlayanda orada ev tutub anasını və kiçik bacısını da özü ilə aparır. Təxminən iki il sonra ona dövlət tərəfindən indiki 6 nömrəli məktəbin yaxınlığında ikiotaqlı mənzil verilir və bütün ailə bu mənzilə yığışır. 

Heydər Əliyev 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olur və 1957-ci ildə həmin fakültəni də fərqlənmə diplomu ilə bitirir. 1958-ci ildən 35 yaşlı Heydər Əliyev Azərbaycan əks-kəşfiyyat idarəsinə başçılıq edir. 1965-ci il martın 31-də ona polkovnik rütbəsi verilir. Həmin ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci il iyunun 22-də isə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyin edilir və 1969-cu il iyulun 14-nə qədər bu vəzifədə işləyir. 

Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində iki istiqamətdə fəaliyyət göstərirdi. Birincisi sistemi milliləşdirmək, ikincisi ziyalıları təqiblərdən qorumaq. 1950-1960-cı illərdə qeyrətli və milli əhvali-ruhiyyəli Vətən oğullarını Dövlət Təhlükəsizlik Komitəsinə işə cəlb etməklə, əslində, xalqımızın namuslu övladlarına qarşı gözlənilən növbəti təqiblərin qarşısını alırdı.

Digər tərəfdən həmin çətin illərdə milli ideyalara malik olan Azərbaycan ziyalılarını - akademik iya Bünyadovu, Xəlil Rza Ulutürkü, Bəxtiyar Vahabzadəni, Anarı və digərlərini təqiblərdən xilas etmək hər adamın hünəri deyildi. Ancaq Heydər Əliyev onları nəinki təhlükədən müdafiə etmiş, hətta onların elmi və bədii yaradıcılığının inkişaf etdirilməsinə, mövqelərinin daha da möhkəmləndirilməsinə münbit zəmin hazırlayıb, hər cür şərait yaratmışdı.

1969-cu il iyulun 14-də Heydər Əliyev SSRİ-də ən geridə qalmış respublikalardan birinə – Azərbaycana rəhbər – Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilmişdi. 

Həmin dövrdə SSRİ rəhbərliyinə Azərbaycanda Moskvanı qane edəcək bir qayda-qanun yaratmaq, milli maraqları qızışdıran qüvvələri neytrallaşdırmaq, millətçilik toxumlarını məhv etmək lazım idi. Moskvada açıq-aşkar deyirdilər ki, DTK-nın rəhbəri Heydər Əliyev zəif nöqtələri çox yaxşı bilir və tezliklə Azərbaycanda istədiyimiz nizam-intizamı yarada bilər. 

Ulu öndərin həyata keçirdiyi müdrik və məqsədyönlü siyasət nəticəsində 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan 15 müttəfiq respublika arasında 14-cü yerdə olan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilə bildi.

Sadə olmayan bu vəziyyətdə, Moskvanın təzyiqinə, işdən çıxarılan kadrların müxtəlif səpgili etirazlarına, cürbəcür sabotajlara, yazılan anonim məktublara, təxribatlara və digər hallara baxmayaraq, lokomotiv artıq yola düşmüşdü. Azərbaycanda Moskvanın gözlərini qamaşdıra-qamaşdıra milli toxumlar əkərək ölkəmizin sabahını quran bu dahi insan müxtəlif forma və üsullarla düz 2003-cü ilə, ömrünün sonunadək xalqına şərəflə xidmət edəcəkdi.

Həmin dövrdə yaşamış, o möhtəşəm hadisələrin şahidi olmaq xoşbəxtliyi nəsib olmuş insanlardan biri kimi yaxşı xatırlayıram ki, 1969-cu ilin noyabr ayında Heydər Əliyevin Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxışı həmin ilin məşhur avqust plenumundan sonra ikinci böyük siyasi hadisə oldu.

Heydər Əliyevin yubiley mərasimində totalitar sovet rejiminin tətbiq etdiyi bütün baryerləri aşaraq Azərbaycan dilində çıxış etməsi həqiqətən tarixi hadisə idi. Həmin tədbirdə Sov.İKP MK-nın rəhbərliyindən yüksək nümayəndələr, SSRİ ali və orta ixtisas təhsili naziri, Moskvadan, Sankt-Peterburqdan, Kiyevdən və digər şəhərlərdən gələn nazirlər, rektorlar və başqa rusdilli qonaqlar iştirak edirdi. 

Qeyd etmək lazımdır ki, o dövrdə öz ana dilində çıxış etmək heç kimə rəsmi şəkildə qadağan edilməsə də, Heydər Əliyevə qədər bu qəbildən olan tədbirlərdə yüksəkvəzifəli şəxslər bir qayda olaraq öz çıxışlarını yalnız rus dilində edərdilər. Heydər Əliyev bu məhdudiyyətlərə baxmayaraq, Azərbaycan dilində çıxış edib hamıya göstərdi ki, hər kəs öz dilində də çıxış edə bilər və əgər biz öz ana dilimizin inkişafına nail olmaq istəyiriksə, məhz bu yolla getməliyik.

1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizdə həyata keçirilən və xalqımızın həyatında çox böyük əhəmiyyəti olan layihələrdən bəzilərini hörmətli oxucuların diqqətinə çatdırmaq istəyirəm: 

1. Ölkənin iqtisadi həyatında önəmli rol oynayan Bakı məişət kondisionerləri zavodu, “Azon” Elm-İstehsalat Birliyi, Elektron hesablayıcı maşınlar zavodu, Dərin özüllər zavodu, Azərbaycan DRES-i, Sumqayıt kompressor zavodu, Üst trikotaj fabriki, Bakı tikiş və ayaqqabı fabrikləri, Gəncə əlvan metal emalı zavodu, Naxçıvan şüşə qablar zavodu, Əli Bayramlı məişət cihazları zavodunun istifadəyə verilməsi; 

2. Astara və Lənkəranda çay fabriklərinin, Bakıda şampan şərabları zavodunun, Kəlbəcərdə “İstisu” mineral su zavodunun, Sumqayıtda əyirici, Yevlaxda yunun ilkin emalı fabriklərinin işə salınması; 

3. Üzüm istehsalının 1969-cu ildəki 22 min tondan 1983-cü ildə 2 milyon tona çatdırılması; 

4. Pambıq istehsalının 12 il ərzində üç dəfə artaraq, bir milyon tona çatdırılması; 

5. Tərtərçay, Arpaçay, Ağstafaçay, Xanbulançay və s. dəryaçaların istifadəyə verilməsi və nəticədə suvarılan torpaq sahələrinin 1 milyon 450 min hektara çatdırılması; 

6. Yeni texnologiyaya əsaslanan 30-a qədər iri quşçuluq kompleksinin, o cümlədən Siyəzən, Şabran, Yeni Bakı broyler, Abşeron damazlıq quşçuluq fabriklərinin tikilib istifadəyə verilməsi: 

7. Respublikada milli gəlirin 2,5 dəfə artması; 

8. Ölkəmizdə yüz kilometrlərlə yeni dəmir və şose yolları, yüzlərlə körpü, çay keçidləri, Bakı şəhərində metropolitenin “Ulduz”, “Əzizbəyov”, “Qara Qarayev”, “Neftçilər”, “Nizami” stansiyalarının istifadəyə verilməsi; 

9. Respublikada 18 milyon 293 min kvadratmetr mənzil sahəsinin tikilib istifadəyə verilməsi, Bakıda, Gəncədə və Sumqayıtda bir sıra yaşayış massivləri və mikrorayonların salınması, 1 milyon 700 mindən çox insanın mənzil şəraitinin yaxşılaşdırılması, Bakı şəhərində yaşayan azərbaycanlıların sayının 33 faizdən 70 faizə çatdırılması;

10. “Abşeron”, “Moskva”, “Azərbaycan”, “Təbriz” kimi nəhəng mehmanxanaların, “Respublika”, “Prezident”, “Gülüstan”, “Əl oyunları idman saray”larının, “Prezident iqamətgah”ının, “Milli Məclis” binasının, habelə “İdman-Konsert Kompleksi”nin, onlarla digər binaların, idman-mədəniyyət komplekslərinin tikilib istifadəyə verilməsi; 

11. 1969-cu ildən 1980-ci illərin ortalarına qədər Azərbaycanın şəhər, kənd və qəsəbələrində müasir tələblərə cavab verən 700-ə qədər məktəb binasının tikilməsi, beş yeni ali məktəbin açılması, ali məktəb tələbələrinin sayının 70 mindən 100 minə çatdırılması; 

12. 1970-ci ildən başlayaraq 1978-ci ilədək 15000-dən çox gəncin Azərbaycandan kənarda yerləşən aparıcı ali məktəblərə nadir ixtisasları mənimsəmək üçün təhsil almağa göndərilməsi; 

13. 1972-ci ildən başlayaraq, hər il 300-400 azərbaycanlı gəncin ali hərbi təhsil almaq üçün SSRİ-nin müxtəlif hərbi məktəblərinə göndərilməsi; 

14. Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Süleyman Rəhimov, Qara Qarayev, Fikrət Əmirov, Rəşid Behbudov, Məhər Quliyev kimi şairlərə, yazıçılara, incəsənət xadimlərinə, müəllimlərə SSRİ-nin ən yüksək mükafatı olan “Qızıl ulduz” medalının və Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi; 

15. Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Müslüm Maqomayev, eynəb Xanlarova, Tofiq Quliyev, Hökumə Qurbanova, Adil İsgəndərov, Lütfiyar İmanov, Fərhad Bədəlbəyli, Fidan Qasımova kimi incəsənət xadimlərinə o zaman üçün çox yüksək titul hesab edilən SSRİ Xalq artisti fəxri adının verilməsi; 

16. Tahir Salahova, Mikayıl Abdullayevə SSRİ Xalq rəssamı, ahid Şöyübova SSRİ Xalq müəllimi, onlarla digər peşə sahiblərinə keçmiş SSRİ-nin çox ali titullarının, Dövlət mükafatlarının və yüksək fəxri adlarının verilməsi;

17. Azərbaycanın unudulmaqda olan bir çox məşhur şəxsiyyətlərinin – Nəsimi, Cəfər Cabbarlı, Nəriman Nərimanov, Mikayıl Müşfiq – adlarının əbədiləşdirilməsi, abidələrinin qoyulması, əsərlərinin çap edilməsi, haqlarında filmlərin çəkilməsi, Nizami, Füzuli, Üzeyir Hacıbəyov kimi dahilərin beynəlxalq səviyyədə yubiley tədbirlərinin keçirilməsi. 

1982-ci il noyabrın 22-də Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi, beləliklə, nəhəng Sovet dövlətinin idarə edilməsində ikinci şəxsə çevrildi. 

Hörmətli oxucular bir daha bilsinlər deyə qeyd edirəm ki, SSRİ Nazirlər Soveti Rəyasət Heyətinin 15 dekabr 1982-ci il tarixli qərarı ilə Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əlirza oğlu Əliyevə: 

a) SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, eləcə də müttəfiq respublikaların avtomobil, çay nəqliyyatı və yol təsərrüfatı məsələlərinə nəzarət; 

b) SSRİ Nazirlər Sovetinin Baykal-Amur dəmir yolu tikintisi məsələləri üzrə daimi komissiyasına rəhbərlik; 

c) Ümumittifaq Səhiyyə Nazirliyi, Tibb Sənayesi Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki-Peşə Təhsili Komitəsi, Dövlət Teleradio Verilişləri Komitəsi, Dövlət Kinematoqrafiya Komitəsi, Dövlət Nəşriyyatı, İdman Komitəsi, Sovet İttifaqı Teleqraf Agentliyi, Dövlət Arxiv və Müəlliflik Hüququ Agentliyinə rəhbərlik etmək tapşırılmışdı.

1984-cü ildə 770 kilometrlik XX əsrin ən nəhəng tikintisi hesab edilən Baykal-Amur magistralının istifadəyə verilməsi, qəzaya uğrayan “Suvorov” teploxodu və “Admiral Naximov” sərnişin gəmisi ilə əlaqədar yaradılan komissiyalara rəhbərlik, uzunluğu 15 kilometrdən artıq Şimali Muysk tunelində işləri sürətləndirməklə yanaşı, Yaxın Şərq və Latın Amerikası siyasətinə və digər onlarla mürəkkəb sahələrə rəhbərlik etmək onun səlahiyyətlərində idi.

Heydər Əliyev o zaman, həm də, Dağlıq Qarabağı Azərbaycandan qoparılmağa çalışan erməni millətçilərinin qarşısında qüdrətli maneə, keçilməz sədd idi. Elə buna görə də hələ Stavropoldan başlayaraq erməni mafiyasının əlində itaətkar alət olan Qorbaçov, nəhayət, öz fitnəkar niyyətinə nail ola bildi: 1987-ci ilin oktyabrında xalqımızın böyük oğlu SSRİ rəhbərliyindən uzaqlaşdırıldı. Bu, əslində, bütün sovet hakimiyyəti illəri ərzində xalqımıza vurulan, ən ağır zərbə idi.

Təsadüfi deyil ki, bundan dərhal sonra Qorbaçov tərəfindən himayə olunan erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan qoparıb almaq üçün fəal mübarizəyə başladılar. Bundan sonra baş verən hadisələrin ssenarisi Qorbaçov və onun erməni havadarları tərəfindən əvvəlcədən yazılmışdı: Ermənistandan soydaşlarımızın deportasiyası, Sumqayıtda baş verən vəhşiliklər, Qarabağ torpaqlarının işğalı, 20 Yanvar faciəsi, Gəncə qiyamı və daha nələr…

Ölkəmiz idarəedilməz bir vəziyyətdə olarkən artıq hamı bilirdi ki, Heydər Əliyev Azərbaycana qayıtmalıdır. Lakin Moskva hökuməti də bunu yaxşı bildiyi üçün bütün vasitələrlə onu ciddi nəzarət altında, təqiblər şəraitində saxlayır, yaşadığı sanatoriyadan bir addım kənara atmasına imkan vermirdilər. 

Qorbaçovun tapşırığı ilə 30 il sıralarında fəaliyyət göstərdiyi Dövlət Təhlükəsizliyi Komitəsi də onu sovet quruluşu əleyhinə olan bir şəxs kimi təqib edir, təxribat yolu ilə onu aradan götürməyə və bununla da haqq, ədalət, Vətən uğrunda mübarizəni dayandırmağa məcbur etmək istəyirdilər. Lakin Heydər Əliyevi heç nə susdura bilmədi. O, Bakıya qayıtdı, xalqın tələbi ilə hakimiyyətə gəldi və xalqı çox böyük bəlalardan xilas etdi. 

1993-2003-cü illərdə Ulu öndərin rəhbərliyi ilə həyata keçirilmiş bəzi hadisələri də xatırlatmaq istəyirəm: 

1. Hər şeydən əvvəl, əmin-amanlığın, qanunçuluğun bərpa olunması, müstəqilliyin qorunub saxlanması istiqamətində uğurlu addımlar atıldı. Silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik son qoyuldu. Respublikada möhkəm, davamlı sabitlik təmin edildi; 

2. Ermənistan silahlı qüvvələrinin azğınlıqlarının qarşısı alındı, düşmənə güclü əks-zərbələr endirildi və beləliklə də 1994-cü ilin mayında münaqişənin həllində ilk mərhələ kimi, cəbhə xəttində atəşkəs elan edildi. Mənasız qanlar axıdılmasına, ordunun canlı qüvvəsinin sıradan çıxmasına son qoyuldu. Ölkədə bir çox özbaşınalıqların səbəbkarı olan qanunsuz silahlı dəstələr tədricən ləğv edildi, nizami ordu quruculuğuna başlandı; 

3. Azərbaycanın xarici siyasəti çoxşaxəli istiqamətlərdə inkişaf etdirildi, Heydər Əliyevin dünyanın ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, Polşa, Rumıniya, Yaponiya, Çin Xalq Respublikası, Türkiyə, İran, Pakistan və s. kimi aparıcı dövlətlərinə rəsmi səfərləri nəticəsində ölkələrimiz arasında bərabərhüquqlu əlaqələrin yaradılmasına nail olundu, Türkiyə ilə əlaqələrimiz keyfiyyətcə yeni mərhələyə qalxdı, “bir millət, iki dövlət” formulu əsasında, sarsılmaz təməl üzərində qərar tutdu; 

4. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adını almış irimiqyaslı neft müqaviləsinin bağlanması, sonralar Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının istismarı ilə əlaqədar yeni-yeni müqavilələrin imzalanması ölkəmizin iqtisadi potensialının dirçəlməsi, iqtisadiyyata bu gün lazım olan milyardlarla dollar xarici sərmayənin respublikaya axması üçün geniş imkanlar yaratdı; 

5. 1998-ci ilin sentyabrında Tarixi İpək Yolunun bərpası ilə bağlı 32 ölkənin və 14 beynəlxalq təşkilat rəhbərinin, 7 ölkə prezidentinin iştirakı ilə ilk beynəlxalq konfrans keçirildi; 

Əlbəttə, onun xalqımız, dövlətimiz üçün gördüyü işləri, həyata keçirdiyi nəhəng layihələri bir məqaləyə sığışdırmaq mümkün olmazdı. Mən onların yalnız bir hissəsini qeyd edə bildim. Əminəm ki, ölkəmizin tarixində dərin, pozulmaz izlər qoymuş Heydər Əliyevin əziz və parlaq xatirəsi qədirbilən xalqımızın qəlbindən heç vaxt silinməyəcək, onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır. 

İnanıram ki, bu gün Ulu öndərin ruhu şaddır, qurduğu müstəqil Azərbaycan dövləti onun layiqli davamçısı, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla idarə edilir.

Misir MƏRDANOV, 

professor

 

Seçilən
34
xalqqazeti.az

1Mənbələr