Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.
Aznews.az xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün Zəngilan sakinləri üçün çox gözəl, əlamətdar bir gündür. Uzun fasilədən sonra siz doğma vətənə - Zəngilan şəhərinə qayıdırsınız. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür və bizim görüşümüzün məhz bu gündə keçirilməsi təbii ki, rəmzi məna daşıyır. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu doğma torpaqlarımızın işğaldan azad olunması idi. Biz - onun davamçıları onun vəsiyyətini yerinə yetirdik. Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur. İşğalçıları torpaqlarımızdan qovaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır. Onun fəaliyyəti nəticəsində Azərbaycan ağır günlərdə öz müstəqilliyini qoruya bilmişdir. Bildiyiniz kimi, yaşlı nəsil o illəri yaxşı xatırlayır - 1993-cü ildə nəinki ərazi bütövlüyümüz, müstəqilliyimiz təhlükə altında idi. O vaxt ölkəmizə rəhbərlik etmiş şəxslər ölkəmizi fəlakətə aparırdılar. Həm torpaqlarımızın işğal altına düşməsi, Şuşanın, Laçının, Kəlbəcərin erməni işğalına məruz qalması, daxili çəkişmələr, özbaşınalıq, anarxiya və ovaxtkı hakimiyyətin təxribatçı və xəyanətkar fəaliyyəti nəticəsində vətəndaş müharibəsinin başlanması – gənc müstəqil dövlətimiz olan Azərbaycan faktiki olaraq parçalanma ərəfəsində idi. O vaxt əgər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, xalqımızın, dövlətimizin taleyi çox ağır ola bilərdi. Məhz onun fəaliyyəti nəticəsində bütün mənfi meyillərə son qoyuldu, vətəndaş müharibəsinə son qoyuldu, hakimiyyətsizlik, özbaşınalıq kimi hallara son qoyuldu, ölkəmizdə sabitlik yaradıldı, inkişaf başlandı və yavaş-yavaş ordu quruculuğu da artıq getməyə başladı. Onun Azərbaycana gəlməsindən əvvəl faktiki olaraq nizami ordumuz yox idi və Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz məhz buna görə idi. O vaxt ordumuza rəhbərlik edən şəxslər nəinki hərbi peşə nədir, onu bilmirdilər, hətta onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. “Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən o namərd, xain bu gün də orada-burada sülənir. Amma o vaxt dərdimiz onda idi ki, onun kimi adamlar Azərbaycanın əsas vəzifələrini zəbt etmişdilər. Heç bir biliyi, bacarığı, iş təcrübəsi olmayan, küçədən keçən insanlar birinci, ikinci, üçüncü, dördüncü şəxs təyin olunmuşdular. Ordumuz faktiki olaraq quldurların əlində idi.
Bütün bu mənfi meyillərin qabağını almaq, o cümlədən o vaxt müxtəlif qanunsuz silahlı birləşmələri yerinə oturtmaq üçün güclü siyasi iradə və xalqın dəstəyi lazım idi. Hər ikisi də var idi. Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik. İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil - onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər.
Bunların qabağında güclü iradə göstərmək, bunların qabağında demək ki, biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik, əlbəttə ki, böyük iradə tələb edirdi. Yenə də 1993-cü ildəki kimi, xalqın dəstəyi lazım idi. O dəstək var idi və bütün xalqımız bir yumruq kimi birləşmişdi. O, mənə güc verirdi. İşin sonuna qədər - Şuşanın azad olunmasına qədər biz dayanmaq fikrində deyildik.
Təbii ki, o vaxt müharibənin davam etdirilməsi məqsədəuyğun deyildi və sonrakı hadisələr bunu əyani şəkildə göstərdi. Şuşanın işğaldan azad olunması ilə faktiki olaraq Ermənistan ordusunun beli qırılmışdı. Ermənistan silahlı qüvvələri faktiki olaraq mühasirədə qalmışdı. O vaxt müharibənin dayandırılması bizə imkan verdi ki, qan tökülmədən Kəlbəcər, Laçın, Ağdam rayonlarını siyasi yollarla, faktiki olaraq ultimatum yolu ilə qaytara bilək. Ultimatum da ondan ibarət idi ki, əgər Ermənistan qısa müddət ərzində, faktiki olaraq bir ay, ondan da az müddət ərzində bu torpaqlardan çıxmasa, Qarabağda qalmış bütün erməni silahlı qüvvələri məhv ediləcək. Əmr də verilmişdir və 15 minlik erməni silahlı qüvvələrinin kontingenti məhv olunacaqdı. Məhz buna görə Ermənistan, yenə də deyirəm, bizim tələblərimizə uyğun Kəlbəcər, Laçın və Ağdam rayonlarından çıxmışdı.
Burada heç bir başqa amil yox idi, heç bir kənar qüvvə onlara təzyiq etmirdi, ancaq bizim sərt mövqeyimiz. Nəzarətdən kənarda qalan hissə də gec-tez bizə qayıtmalı idi, amma o tez oldu, nəinki gec. Yenə də güclü iradə, peşəkarlıq və 2023-cü ilin sentyabrına qədər görülmüş taktiki işlər, addımlar, hərbi əməliyyatlar - bütün bunlar zəmin hazırladı ki, antiterror əməliyyatı cəmi bir neçə saat davam etsin. Ermənistan ordusu ikinci dəfə təslim oldu, separatçılığa son qoyuldu, işğala son qoyuldu və biz suverenliyimizi tam bərpa etdik.
Bütün bu şanlı tarix bizimlə əbədi olacaq. Təbii ki, bizim nəsil bunu heç vaxt unutmayacaq, gənc nəsil isə bunu bilməlidir - məktəblərdə, ailələrdə, cəmiyyətdə. Bu parlaq tariximiz bizim qürur mənbəyimizdir, bu, əbədi belə olacaq.
Əlbəttə ki, bir daha qayıdıram Ulu Öndərin siyasi mirasına. Həlledici məqam məhz 1993-cü ildə idi, oktyabr ayında Prezident vəzifəsinə seçiləndən sonra bütün o mənfi meyillərin qabağı alındı. Düzdür, o vaxt bizim imkanlarımız çox məhdud idi, çoxlu problemlər var idi, bir nömrəli problem məcburi köçkünlərin yaşayış şəraiti idi. Onu da biz tədricən həll etməyə başlamışdıq və artıq 2007-ci ildə çadır şəhərcikləri qalmamışdır, orada vaxtilə məskunlaşmış insanları biz evlərə, mənzillərə köçürdük. İşğal dövründə hər dəfə keçmiş köçkünlərlə dövlət xətti ilə yeni inşa edilmiş şəhərciklərdə görüşlər zamanı deyirdim ki, bu, müvəqqəti bir yerdir. Torpaqlar azad olunandan sonra sizin üçün daha gözəl şərait yaradılacaq. Bax, bu gün bu Zəngilan şəhərinin bu gözəl mənzərəsi o sözlərimi bir daha təsdiqləyir.
İşğalın fəsadlarını aradan qaldırmaq - bu da çox çətin bir prosesdir. Minalar, torpaqların demək olar ki, işğalçılar tərəfindən zəhərlənməsi, ekosid. Bax, bu Bəsitçay dünyaca məşhur olan bir qoruq idi. Deyilənə görə, bura dünyada ikinci ən böyük çinar ağaclarının bir yerdə olması və qədim çinar ağaclarının qoruğu idi. Demək olar ki, onun yarısını Ermənistan dövləti məhv edib. Bəzi ağacları yandırıb, bəzilərini də kəsib bazarlarda satıb. Ümumiyyətlə, bizim meşə fondunun 60 min hektarı vəhşi işğalçılar tərəfindən məhv edilmişdir. Onların əsas hissəsi Kəlbəcər, Laçın rayonlarındadır, amma Zəngilanda da var. Həm talançılıq, həm düşmənçilik, qəddarlıq, özü də heç bir əsası olmadan. Azərbaycan xalqı erməni xalqına heç bir pislik etməmişdir. Onların bizə olan nifrətinin səbəblərini yəqin ki, psixiatrlar, psixoloqlar, həkimlər araşdırmalıdırlar. Nə qədər ki, Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, bir o qədər də biz ayıq olmalıyıq.
Bu gün biz sülh şəraitində yaşayırıq və sülhün müəllifi də bizik. Biz istəməsəydik, sülh olmayacaqdı. Biz istəsəydik, istənilən hərbi əməliyyatı istənilən yerdə keçirə bilərdik. Bunu Ermənistan rəhbərliyi də bilir, onun arxasında duranlar da bilirlər. Nə qədər onun arxasında dururlar dursunlar, bilirlər ki, bizim gücümüzə qarşı onların heç bir şansı yoxdur, onlar acizdirlər. Gücləri var idisə, elə 2020-ci ildə kömək edərdilər də Ermənistana. Bu gün Ermənistana gəlib özünü saxta qəhrəman kimi göstərən bəzi xarici liderlər 2020-ci ildə elə həmin liderlər idi də öz ölkələrində hakimiyyət başında, gəlib yiyə duraydılar da Ermənistana. Boşboğazlıqdan başqa heç nə yoxdur. Onların da işi-gücü boşboğazlıqdır, ona görə öz ölkələrində onların dəstək əmsalı 10-15 faizdir. İndi guya ki, Ermənistanı bizim əlimizdən onlar çıxarıb xilas ediblər. Bizim Ermənistanı məhv etmək niyyətimiz yox idi, Ermənistanın müstəqilliyini onun əlindən almaq niyyətimiz yox idi. Bu gün hələ də Azərbaycan-Ermənistan sərhədində Avropanın dırnaqarası müşahidəçiləri guya ki, keşik çəkirlər. Mən o vaxt da demişəm, biz bir dənə güllə atsaq, onların dabanları parlayacaq, heç izi-tozu da qalmayacaq orada. Amma özlərini belə göstərirlər, guya ki, onlar Ermənistanı bizdən qoruyurlar. Bizdən Ermənistanı qorumaq lazım deyil. Biz istədiyimizə nail olmuşuq. Özünü Ermənistandakı bu tədbirdə yenə də yalançı qəhrəman kimi göstərmək ki, guya onlar Azərbaycanın qabağını alıblar, yoxsa bu aqressiv, təcavüzkar Azərbaycan Ermənistanı məhv edəcəkdi, hamısı cəfəngiyatdır. Bizim belə niyyətimiz olmayıb, yoxdur və olmayacaq, əgər bizə qarşı yenidən təxribat törədilməsə. Ancaq biz bilirik ki, Ermənistanın siyasi müstəvisində Azərbaycan xalqına, dövlətinə nifrətlə yaşayan kifayət qədər dairələr var və onlar hakimiyyətə gəlsə, bax, o zaman Ermənistan xalqının başı dərddə olacaq.
Biz bizə məxsus olan torpaqlarımızı işğalçılardan qan tökərək azad etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim bütün hərbçilərimiz, qəhrəman döyüşçülərimiz ən yüksək qiymətə layiqdir. Biz həm döyüş meydanında, həm siyasi müstəvidə həm iradə, peşəkarlıq və yüksək mənəvi keyfiyyətlər, ləyaqət göstərmişik. Məhz buna görə bu gün Azərbaycana əvvəlki dövrdə olan hörmət bəlkə də birə-on artdı.