AZ

Şahin Bayramov: Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf yoluna bundan sonra da daim işıq salacaq

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Xankəndi, 10 may, AZƏRTAC

Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümündə Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərini bir daha böyük ehtiramla xatırlayırıq. Ulu Öndər Heydər Əliyev yalnız bir siyasi lider deyil, milli dövlətçilik düşüncəsinin banisi, müstəqil Azərbaycanın strateji inkişaf modelinin müəllifi və xalqımızın taleyində silinməz iz qoymuş dahi şəxsiyyət idi.

Bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı AZƏRTAC-a təqdim etdiyi yazıda yer alıb.

Yazını təqdim edirik:

Əbədiyaşar liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan mürəkkəb tarixi sınaqlardan uğurla çıxaraq güclü, müasir və nüfuzlu dövlətə çevrildi. Dövlət müstəqilliyimizin qorunması, milli birliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin olunması, milli-mənəvi dəyərlərimizin yaşadılması və Azərbaycanın beynəlxalq mövqeyinin gücləndirilməsi məhz onun müəyyən etdiyi siyasi kursun nəticəsidir.

Ümummilli Liderin ən böyük arzularından biri doğma Qarabağın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi idi. Bu gün həmin ideyaların təntənəsini yaşayırıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfər Heydər Əliyev siyasətinin uğurlu davamı və milli dövlətçilik iradəsinin parlaq təcəssümüdür. Bu gün azad Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, həyatın yenidən bərpası və müasir inkişaf mərhələsi məhz həmin siyasi irsin gücünü nümayiş etdirir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyini dövlətimizin gələcəyi hesab edir, onların milli ruhda, yüksək bilik və vətənpərvərlik əsasında yetişməsinə xüsusi önəm verirdi. Məhz buna görə də gənclər siyasəti, elm və təhsil məsələləri onun dövlətçilik strategiyasının əsas istiqamətlərindən birini təşkil edirdi. Həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycanın elm və təhsil potensialının gücləndirilməsi, gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil alması üçün yaradılan imkanlar Heydər Əliyevin gələcəyə hesablanmış uzaqgörən baxışının göstəricisi idi.

Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Azərbaycanda beynəlxalq standartlara cavab verən ali təhsil müəssisələrinin formalaşdırılması, gənclərin hərtərəfli inkişafı üçün yaradılan imkanlar və elmə verilən yüksək dəyər ölkəmizin gələcək inkişafının əsas təminatıdır.

Qarabağ Universiteti də məhz bu strateji baxışın nəticəsində yaradılmış mühüm elm və təhsil ocaqlarından biridir. Azad Qarabağda fəaliyyət göstərən universitet olaraq əsas məqsədimiz yalnız peşəkar mütəxəssislər yetişdirmək deyil, həm də milli-mənəvi dəyərlərə bağlı, dövlətinə və xalqına sadiq, yüksək vətəndaş mövqeyinə malik yeni nəsil formalaşdırmaqdır. İnanırıq ki, bu missiyanın uğurla həyata keçirilməsində ən mühüm ideoloji mənbə məhz Heydər Əliyevin zəngin dövlətçilik irsidir.

Bu gün Qarabağ Universitetinin kollektivi olaraq Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edir, onun ideyalarının yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirməyi özümüz üçün şərəfli vəzifə hesab edirik. Əminik ki, Heydər Əliyev ideyaları Azərbaycanın gələcək inkişaf yoluna bundan sonra da daim işıq salacaq, dövlətimizin qüdrətinin daha da artmasına xidmət edəcək.

Müxbir – Tahir Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
azertag.az

2Mənbələr