AZ

ADPU-da Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər təşkil edilib

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş silsilə tədbirlər keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, Şamaxı filialında “Heydər Əliyev irsi və Azərbaycan memarlığının inkişafı” mövzusunda elmi-praktik konfrans keçirilib. Filialın Tələbə Gənclər Təşkilatı tərəfindən tələbələr üçün Ulu Öndərin mənalı həyat yoluna, dövlətçilik fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib. Filialın tədris təcrübəsində olan tələbələri Şamaxının müxtəlif təhsil müəssisələrində bədii tədbirlər təşkil ediblər. Həmçinin filialın rəhbərliyi, professor-müəllim heyəti Ulu Öndərin Şamaxı şəhərində yerləşən abidəsini ziyarət edib.

Ağcabədi filialında “Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda filialın direktoru dosent Mobil Məcidov Ümummilli Liderin təhsil strategiyasının uğurla davam etdirildiyini və bu sahədə əldə olunan nailiyyətlərin məhz həmin uzaqgörən siyasətin bəhrəsi olduğunu vurğulayıb. Konfransda “Heydər Əliyevin Azərbaycanın təhsil siyasətinin formalaşmasında rolu”, “Heydər Əliyev və Azərbaycanda ali məktəbin inkişafı” “Heydər Əliyev irsində ideya-siyasi tərbiyə və pedaqoji prosesdə ondan istifadə” mövzusunda məruzələr dinlənilib. Bölmə iclaslarında Heydər Əliyev ideyalarının müasir təhsil metodologiyasına təsiri geniş təhlil olunub.

Quba filialında “Zirvələrin əzəməti” mövzusunda beynəlxalq elmi-praktik tədbir keçirilib. Tədbir ADPU-nun Quba filialının, Quba Rayon İcra Hakimiyyəti və YAP Quba rayon təşkilatının birgə təşkilatçılığı, həmçinin Quba rayon Heydər Əliyev Mərkəzi və Quba Soyqırımı Memorial Kompleksinin dəstəyi ilə ərsəyə gəlib.

Tədbirdə filialın direktoru professor Yusif Alıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi və müstəqil Azərbaycanın formalaşması yolunda həyata keçirdiyi müstəsna xidmətləri geniş şərh edib. Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, YAP Quba rayon təşkilatının məsul əməkdaşı Təbriz Qurbanov, rəssam Nigar Bağırova, Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Prezident mükafatçısı, Əməkdar mədəniyyət işçisi Elza Orucova, AYB-nin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanova çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyəti, tarixi və dövlətçiliyinə verdiyi misilsiz töhfələrdən danışıblar. Fərqanə Dövlət Universitetinin dosenti Muqaddamxon İbrohimovna, professor Sohiba Zokirova, Urgənc Dövlət Pedaqoji Universitetinin dosenti Məhəbbət Rəhimbəyova dahi liderin Türk dünyasının birliyi istiqamətindəki tarixi xidmətlərini xüsusi vurğulayıblar.

ADPU-nun Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini dosent Bəsti Əsədova, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri dosent Anaxanım Yusifova və fakültənin tələbələri Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu tərəfindən təşkil olunan “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda yaz məktəbi elmi simpoziumunda iştirak ediblər. Simpoziumda Azərbaycan təbiətinin qorunması, biomüxtəlifliyin mühafizəsi, ekoloji təhlükəsizlik və ətraf mühitin davamlı inkişafı ilə bağlı elmi məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.

Seçilən
72
azertag.az

1Mənbələr