AZ

ABŞ-də futbol həyəcanı

2026-cı il futbol üzrə dünya çempionatı ABŞ-yə qayıdır. Amma vaxtilə həm respublikaçıların, həm də demokratların birlikdə dəstəklədiyi turnir indi ABŞ-nin daxili siyasi qarşıdurmasının yeni simvollarından birinə çevrilir.

Musavat.com xəbər verir ki, “Politico”nun Sofiya Kay və Ray Rivardın müəllifi olduğu analitik məqaləsində qeyd olunur ki, artıq dünya çempionatı ətrafında da ABŞ-nin klassik “qırmızı-mavi” bölünməsi formalaşıb.

Məqalə müəlliflərinə görə, respublikaçılar mundialı ABŞ-nin gücü, nüfuzu və iqtisadi imkanlarının nümayişi kimi görürsə, demokratlar artan qiymətləri, miqrasiya nəzarətini və Donald Tramp faktorunu ön plana çıxarırlar.

Demokrat düşərgədə getdikcə daha çox siyasətçi FIFA-nı Tramp administrasiyasına yaxın struktur kimi təqdim etməyə başlayır.

ABŞ Senatında dünya çempionatı hazırlıqları ilə bağlı keçirilən dinləmələr belə partiya xətləri üzrə parçalanıb.

“Donald Tramp uğurlu turnir keçirməkdən çox beynəlxalq televiziyada meydanın ortasında görünməyi düşünür”, - deyə Senatdakı demokrat lider Çak Şumer Trampı bu sözlərlə tənqid edib.

Arizona senatoru Ruben Qalleqo isə administrasiyanı təhlükəsizlik hazırlıqlarını zəiflətməkdə günahlandırıb. O bildirib ki, təhlükəsizlik qurumlarının dağıdılması və İranla müharibə dünya çempionatına hazırlığa mənfi təsir göstərir.

Məqalədə xüsusi vurğulanır ki, Donald Tramp FIFA prezidenti Canni İnfantino ilə digər dünya liderlərindən daha çox görünməyə başlayıb. Belə ki, İnfantino Ağ Evdə Trampın yanında çıxış edib, Qəzza atəşkəsi ilə bağlı mərasimdə iştirak edib, hətta “MAGA” tipli qırmızı papaqda Trampın “Sülh Şurası” toplantısına qatılıb. Dekabr ayında isə FIFA xüsusi “FIFA Peace Prize” mükafatı təsis edərək onu Trampa təqdim edib.

Demokratlar xüsusilə miqrasiya məsələsində narahatdırlar.

Məqalədə deyilir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin və miqrasiya xidməti ICE əməkdaşlarının mundial zamanı stadion və tədbirlərdə iştirak edəcəyi barədə siqnallar demokratları qəzəbləndirib.

ABŞ həmkarlar ittifaqları federasiyası AFL-CIO FIFA-ya məktub göndərərək Tramp administrasiyasından ICE əməliyyatlarını dayandırmağı tələb edib.

Turnirin biletləri ABŞ-də ayrıca siyasi qalmaqala çevrilib. Tramp özü belə ABŞ–Paraqvay oyununun biletlərinin 1000 dollara satıldığını eşidəndə “Mən də o qiymətə almazdım” - deyə reaksiya verib.

Los-Anceles meri Karen Bass da FIFA-nı sərt sözlərlə qınayıb.

“Ən uzaq yerlərdəki biletlər belə yüzlərlə dollardır”, - deyə mer qeyd edib.

Nyu-York meri Zöhran Mamdani isə “Game Over Greed” adlı kampaniya başladaraq qiymətlərin endirilməsini tələb edib.

Məqalədə qeyd olunur ki, artıq dünya çempionatı ilə bağlı ictimai rəy belə partiya xətləri üzrə bölünüb. Respublikaçılar İranın mundiala buraxılmamasını istəyir, demokratlar isə İran oyunlarının ABŞ-dən kənara köçürülməsini müdafiə edirlər.

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr