AZ

Müharibənin təsirlərinə baxmayaraq, Çinin ixracı kəskin şəkildə artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Müharibənin təsirlərinə baxmayaraq, Çinin ixracı kəskin şəkildə artıb.

Banco.az xəbər verir ki, Çinin ixracı ABŞ və İsrailin İrana hücumları, həmçinin İranın cavab tədbirləri ilə Yaxın Şərqdə gərginləşən münaqişənin qlobal iqtisadiyyata təsirlərinin hiss olunduğu aprel ayında güclü nəticə göstərərək aylıq rekord səviyyəyə çatıb.

Çin Gömrük Baş İdarəsi 2026-cı ilin aprel dövrünü əhatə edən xarici ticarət göstəricilərini açıqlayıb. Məlumata görə, həmin dövrdə Çinin ixracı illik müqayisədə 14,1 faiz artaraq 359,4 milyard dollara, idxalı isə 25,3 faiz yüksələrək 274,6 milyard dollara çatıb.

Apreldə 84,8 milyard dollar olan xarici ticarət profisiti mart ayında qeydə alınan 51,1 milyard dollarlıq profisitlə müqayisədə nəzərəçarpacaq artım göstərib.

Yaxın Şərqdəki müharibə və Hörmüz boğazındakı fasilələr səbəbindən dünyada enerji, xammal və nəqliyyat xərclərinin artdığı bir dövrdə Çinin ixracı aylıq rekord səviyyəyə yüksələrək qlobal iqtisadi dalğalanmalara qarşı dayanıqlılıq nümayiş etdirib.

İxracdakı artım mart ayında qeydə alınan illik 2,5 faizlik yüksəlişi üstələyib. İdxal artımı isə martdakı 27,8 faizlik göstəricidən aşağı olsa da, yüksəliş meylini davam etdirib.

İdxaldakı artımda enerji və xammal qiymətlərinin bahalaşmasının təsiri hiss olunub. Çin bu dövrdə 38,4 milyon ton neft idxal edib. Neft idxalının həcmi 20 faiz azalsa da, onun pul ifadəsində dəyəri 13,2 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
33
1
banco.az

2Mənbələr