AZ

Azərbaycan xalqı Ulu Öndərə olan sevgi və minnətdarlığını ifadə edir - Fəxri xiyabandan REPORTAJ

Bakı, 10 may, AZƏRTAC

Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür. Bu münasibətilə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və başqaları Fəxri xiyabana axın edərək, Ulu Öndərin məzarını ziyarət edib, məzarı önünə güllər düzüb, xatirəsini dərin hörmətlə yad ediblər. Bu ziyarətlər xalqın Ulu Öndərə olan sevgi və minnətdarlığının, onun dövlətçilik irsinə verdiyi yüksək dəyərin göstəricisidir.

AZƏRTAC-ın müxbirləri Fəxri xiyabanı ziyarət edən vətəndaşlarla həmsöhbət olublar.

Paytaxt sakini Əbülfəz Mahmudov 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin xilaskarı olduğunu bildirib: "Ümummilli Lider Heydər Əliyev deyəndə biz həmişə Azərbaycan dövlətini, Azərbaycan deyəndə Ulu Öndər Heydər Əliyevi xatırlayırıq. İllər keçəcək, ancaq Ulu Öndərin gördüyü işlər heç vaxt biz azərbaycanlıların qəlbindən silinməyəcək. Bugünkü gündə mən ziyarətə nəvəmlə gəlmişəm. Ulu Öndəri yad etmək bizim borcumuzdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev onun ideyalarını davam etdirir. Ali Baş Komandanın komandanlığı altında 44 günlük müharibədə qalib gəldik, 30 ilə yaxın erməni işğalçılarının əsarəti altında qalan torpaqlarımızı azad etdik. Doğrudan da, bugünkü gündə biz xoşbəxt millətik ki, alnımız açıq, üzümüz ağdır və gələcəyə iri addımlarla irəliləyirik".

Vətəndaş Həsən Əliyev isə bu gün Azərbaycan tarixinin ən keşməkeşli bir dövründə hakimiyyətə qayıtmış, xalqın xilaskarı missiyasını yerinə yetirmiş, ölkəmizin inkişafının təməlini qoymuş bir şəxsiyyəti yad etdiyini diqqətə çatdırıb: "Bu gün hər bir azərbaycanlı fəxrlə öz vətəndaşlıq borcunu yetirir. O, həqiqətən də dünyada sayılıb-seçilən şəxsiyyətlərdəndir. Ulu Öndərin kursunun davamçısı Prezident İlham Əliyev onun siyasətini layiqincə davam etdirir. Hər birimiz fəxr hissi keçiririk, nə yaxşı ki, bizim dövlətimizin belə şəxsiyyətləri var".

Ulu Öndər Heydər Əliyevin dünya tarixində, beynəlxalq siyasət arenasında korifey bir lider olduğunu qeyd edən paytaxt sakini Vidadi Hüseynov deyib: "Ümummilli Lider Heydər Əliyev dünya siyasətinin tarixi şəxsiyyətinə çevrilib. Bu, hər adama nəsib olmur. Belə şəxsiyyətlər yüz ildə, min ildə bir dəfə dünyaya gəlirlər. Ona görə o, hər bir insanın qəlbində yaşayır. Ulu Öndər Heydər Əliyev əvvəldən başladığı, arzuladığı və istəyinə çatdığı möhtəşəm bir dövlət qurdu. Bu gün Prezident İlham Əliyev onun uğurlu siyasətini davam etdirir".

Digər vətəndaşlar da bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin ideyaları xalqmızı daim birləşdirən mənəvi gücdür və müstəqil Azərbaycanın inkişaf yoluna işıq salmağa davam edir.

Müxbirlər - Göyçək Mahmudlu, Mehrac Ağasıyev
Fotoqraflar - Səfiyar Məcnun, Azər İbrahimov, Aydın Məmmədov
Videooperator - İlham Nadirov

 

Seçilən
16
1
azertag.az

2Mənbələr