ain.az, Bizimyol portalına istinadən məlumat verir.
"Alphabet Inc." son aylarda dünyanın ən bahalı şirkətləri reytinqində liderliyə doğru sürətlə irəliləyir. Süni intellekt sahəsində əldə etdiyi uğurlar və biznesini şaxələndirməsi sayəsində şirkət bazarın hazırkı lideri olan "Nvidia" ilə arasındakı fərqi əhəmiyyətli dərəcədə azaldıb.
Bizimyol.info xəbər verir ki, "Alphabet"in bazar dəyəri təsirli artım nümayiş etdirir. Ötən ilin oktyabr ayının sonundan bəri şirkətin səhmləri 43 faiz bahalaşıb, "Nvidia"nın səhmləri isə cəmi 6,3 faiz artıb. Mayın 8-də keçirilən ticarətin yekunlarına görə, "Alphabet"in kapitallaşması 4,8 trilyon dollara çataraq "Nvidia"nın 5,2 trilyon dollarlıq göstəricisinə xeyli yaxınlaşıb. Bu barədə Bloomberg məlumat yayıb.
Bildirilir ki, hələ altı ay əvvəl şirkətlər arasındakı fərq daha böyük idi.
İnvestorlar və analitiklər bu yüksəlişi "Alphabet"in süni intellekt sənayesinin demək olar ki, bütün seqmentlərində möhkəmlənməsi ilə əlaqələndirirlər. Şirkətin ixtiyarında yalnız "Google" axtarış sistemi və "YouTube" deyil, həmçinin bulud xidmətləri, pilotsuz avtomobil layihəsi "Waymo" və ən inkişaf etmiş neyroşəbəkələrdən biri sayılan "Gemini" də var. Analitiklər bildirirlər ki, bu çoxşaxəli struktur şirkəti yalnız çip istehsalına bağlı biznes modellərindən daha dayanıqlı edir.
Bazar iştirakçılarının diqqətini xüsusilə "Alphabet"in daxili texnoloji inkişafları, o cümlədən tensor prosessorları (TPU) cəlb edib. Gözləntilərə görə, bu çiplərlə əlaqəli infrastruktur şirkətə artıq 2026-cı ildə təxminən 3 milyard dollar gəlir gətirəcək, 2027-ci ildə isə bu rəqəm 25 milyard dollara yüksələ bilər. "Citigroup"un analitik bölməsi bildirir ki, bu, "Alphabet"i sadəcə avadanlıq sifarişçisi deyil, həm də məlumat mərkəzləri üçün “dəmir” bazarında ciddi oyunçuya çevirir.
Şirkətin hazırkı yüksəlişi fond bazarındakı əhvalın köklü dəyişməsinin nəticəsi hesab olunur. Əgər bir il əvvəl analitiklər neyroşəbəkələrin "Google"un ənənəvi axtarış biznesinə zərbə vuracağından ehtiyat edirdilərsə, indi süni intellektin axtarış sisteminə inteqrasiyası və "Gemini" çat-botunun populyarlığının artması bu narahatlıqları aradan qaldırıb. Şirkətin aktivlərinə marağın göstəricilərindən biri də ötən il məşhur investor Varren Buffettə məxsus "Berkshire Hathaway" şirkətinin "Alphabet"də pay alması olub.
"Alphabet" artıq kapitallaşma baxımından "Apple" (4,3 trilyon dollar), "Microsoft" (3,1 trilyon dollar) və "Amazon" (2,9 trilyon dollar) kimi nəhəngləri geridə qoyub. Şirkət sonuncu dəfə dünya reytinqində birinci yeri 2016-cı ilin əvvəlində tutmuşdu. Hazırda səhmlər yüksək qiymətlərlə ticarət olunsa da, bir çox ekspertlər bunu internet dövrünün əsas texnologiya gücü statusu üçün məqbul hesab edirlər.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.