AZ

Hantavirus COVID-19 qədər təhlükəlidir? -Viroloqdan AÇIQLAMA

Tibb elmləri namizədi və Perm Milli Tədqiqat Politexnik Universitetinin baş elmi işçisi Valeri Litvinov bildirib ki, hantavirus COVID-19 qədər sürətlə yayılan və təhlükəli virus hesab edilmir.

Redaktor.az xəbər verir ki, bu barədə o, "RIA Novosti"yə açıqlamasında danışıb.

Mütəxəssis qeyd edib ki, koronavirus çox qısa təmas zamanı belə insandan insana keçə bilir və bu xüsusiyyət onu qlobal pandemiyaya çevirib. Hantavirus isə əsasən gəmiricilər vasitəsilə yayılır və insanlar arasında geniş yayılma xüsusiyyəti daşımır.

“Bu virus təbii ocaq infeksiyasıdır. Siçan və siçovullar virusu simptomsuz daşıyırlar. İnsanlara yoluxma isə əsasən onların ifrazatları ilə təmas zamanı baş verir”, - deyə Litvinov bildirib.

Onun sözlərinə görə, hantavirusun bəzi növləri gəmiricilər üçün ölümcül olsa da, insanlarda xəstəlik çox zaman yüngül keçir və ağır nəticələr nadir hallarda müşahidə olunur.

Viroloq əlavə edib ki, buna baxmayaraq, virusun yayılmasının qarşısını almaq üçün yaşayış yerlərində gigiyenaya əməl olunmalı, xüsusilə zirzəmi və anbar kimi məkanlarda gəmiricilərlə təmasdan çəkinmək lazımdır.

Mütəxəssislər hesab edir ki, son dövrlərdə hantavirusla bağlı xəbərlərin artması cəmiyyətdə narahatlıq yaratsa da, hazırda vəziyyətin pandemiya səviyyəsində qiymətləndirilməsi üçün əsas yoxdur.

Aminə ŞAHSUVARQIZI

Seçilən
36
1
redaktor.az

2Mənbələr