Qlobal enerji bazarlarında gərginlik yeni rekordlar qırır.
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın İranın son addımlarını və bəyanatlarını "qəbuledilməz" adlandırmasından dərhal sonra dünya bazarlarında neftin qiyməti kəskin sıçrayış edib.
"Brent" markalı neftin fyuçersləri 4,1% bahalaşaraq bir barel üçün 105,45 dollara yüksəlib. ABŞ-ın WTI markalı nefti isə 4,59% dəyər qazanaraq 99,80 dollara çatıb.
Qeyd edək ki, ötən həftə münaqişənin tezliklə başa çatacağına dair ümidlər fonunda hər iki etalon neft növü təxminən 6% dəyər itirmişdi.
Lakin Trampın sərt ritorikası və Vaşinqtonun Tehranla heç bir kompromisə getməyəcəyinə dair mesajları bazarlarda tədarük qorxusunu yenidən alovlandırıb.
Xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklər və İranın sanksiya tətbiq edən ölkələrin gəmilərinə qarşı hədələri neft qiymətlərinin 110 dollara doğru irəliləyə biləcəyi ehtimalını gücləndirir.
İqtisadçılar xəbərdarlıq edirlər ki, yanacağın bu dərəcədə bahalaşması qlobal inflyasiyanı sürətləndirə və aparıcı dövlətlərin iqtisadi artım tempini zəiflədə bilər. Hazırda investorlar regiondakı hərbi eskalasiya ehtimalını və böyük güclərin növbəti diplomatik gedişlərini həyəcanla izləyirlər.
Musavat.com