Tramp: “İran 47 ildir ABŞ və dünyanı aldadır”
ABŞ prezidenti Donald Tramp İranın 47 ildir ABŞ və dünya ilə "oynadığını" bildirib. Xarici medianın yaydığı məlumata görə, o bu barədə sosial şəbəkədə paylaşım edib. O, həmçinin keçmiş prezident Barak Obamanı İranla bağlanmış razılaşmaya görə sərt tənqid edib və onu "İsraili və digər müttəfiqləri tərk edən" siyasətçi kimi xarakterizə edib. Trampın sözlərinə görə, həmin dövrdə İran "yeni güclü mövqe" qazanıb. Tramp keçmiş prezident Co Baydeni də tənqid edərək onu "zəif və uğursuz lider" adlandırıb. Tramp həmçinin "ABŞ-ın artıq buna dözməyəcəyini" bildirib. "Onlar artıq gülə bilməyəcəklər," – deyə o qeyd edib. Eyni zamanda mediada yayılan məlumatlara görə, İran ABŞ-ın münaqişənin dayandırılması ilə bağlı təqdim etdiyi son təklifə cavab göndərib. CNN İran mediasına istinadla yazıb ki, cavab Pakistan vasitəçisi ilə çatdırılıb. Məlumata görə, İranın cavabının detalları açıqlanmayıb, yalnız danışıqların hazırda regionda müharibənin dayandırılmasına fokuslandığı bildirilir.