İzləmək üçün minlərlə yeni film və serial olmaına baxmayaraq bəzi adamlar təkrar-təkrar eyni seriallara baxır.
Ölkə.Az xəbər verir ki, çox adam bilməsə də bunun altında yatan psixoloji bir səbəb var.
Psixoterapevt Cill Luisin sözlərinə görə, əvvəllər izlənilən serialları və filmləri təkrar izləmək zehni sağlamlığa sakitləşdirici təsir göstərə bilər.
Gündəlik həyatın stressi və qeyri-müəyyənliyi qarşısında, məlum sonluqlu serialları seçmək, tanışlıq və təhlükəsizlik hissi yaratmaqla insanı emosional olaraq sakitləşdirir.
Mütəxəssislərin fikrincə, sevdiyiniz serialları və filmləri təkrar izləmək sadəcə bir vərdiş deyil, həm də təsirli bir özünə qulluq metodu ola bilər.
Lakin mütəxəssislər bildirirlər ki, bu vərdiş faydalı olsa da, dozanı aşmaq olmaz. Seriallara və filmlərə təkrar baxmaq gündəlik məsuliyyətlərə/işlərə mane olmağa başlayırsa və ya sosial həyata mənfi təsir göstərirsə, bu davranışı yenidən qiymətləndirmək tövsiyə olunur.
Psixoterapevt Luisin sözlərinə görə, tanış bir serial izləmək izləyicilərə unikal bir təhlükəsizlik hissi verir.
"İzləyicilər hekayənin necə inkişaf edəcəyini bildikləri üçün daha az zehni enerji sərf edir və təcrübədən daha çox zövq alırlar",- deyə o əlavə edib.
Mütəxəssislər qeyd edirlər ki, yeni məzmun, xüsusən də kriminal dramlar kimi intensiv janrlar, izləyicilərdə gərginlik və yüksək reaktivlik yarada bilər, tanış məzmun isə sakitləşdirici təsir göstərir.
Luis əlavə edir ki, insanlar bu vərdişlərə görə özlərini mühakimə etməməlidirlər.
"Nəyin gələcəyini bilmək sinir sistemimizi rahatlaşdırır. Zehin-bədən bağlantımız çox səy göstərmək məcburiyyətində qalmır. Əgər bu, sizə xoş hisslər bəxş edirsə, deməli, işə yarayır", - deyə ekspert bildirir.
Mütəxəssis deyir ki, başqalarının mühakimələri barədə narahat olmaq əvəzinə, özünüzü xoş hiss etdirən şeylərə hörmətlə yanaşmaq daha vacibdir.
Qeyd olunur ki, bir çox platformada yeni məzmunun mövcudluğuna baxmayaraq, izləyicilərin sevimli verilişlərinə qayıtması tamamilə təbii və sağlamdır.
Billurə