AZ

Epşteyn qalmaqalında əsas məsələ dəyişib 

ABŞ-də illərdir ölkənin siyasi və hüquqi gündəmini silkələyən Ceffri Epşteyn qalmaqalı yeni və son dərəcə mübahisəli mərhələyə qədəm qoyub. Bu dəfə əsas sual belədir: Epşteynin ətrafındakı bəzi qadınlar qurban idi, yoxsa sistemin şüurlu iştirakçıları?

Musavat.com “Politico” saytına istinadən xəbər verir ki, Epşteyn işi ətrafında illərdir davam edən qalmaqal yeni və daha mürəkkəb mərhələyə keçir.

Bu dəfə əsas mübahisə Ceffri Epşteynin çevrəsində olmuş bəzi qadınların “qurban”, yoxsa “cinayət ortağı” hesab edilməli olması üzərində cəmlənib.

Respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasının Nəzarət Komitəsi Epşteynin ən yaxın köməkçilərindən biri olmuş Sara Kelleni mayın 21-də ifadə verməyə çağırıb. Kellen 2007-ci ildə Florida prokurorluğu ilə bağlanan və sonradan böyük qalmaqala çevrilən razılaşmada adı keçən dörd qadından biri idi. Həmin razılaşma nəticəsində Epşteyn qadın qaçaqçılığı ittihamlarından yayınıb, minimal həbs cəzası alıb, onun ətrafındakı şəxslər isə faktiki toxunulmazlıq əldə ediblər.

Florida ştatından konqresmen Anna Paulina Luna razılaşma əldə etmiş həmin qadınların şərik olduğunu düşündüyünü və onların hamısının ifadəyə gətirilməsini istədiyini bildirib.

Cənubi Karolinadan olan digər respublikaçı konqresmen Nensi Meys isə daha sərt mövqe nümayiş etdirib:

“Əgər yetkin qadın azyaşlı qızları cəlb edirdisə, o, artıq qurban deyil”.

Məsələ hətta ABŞ prokurorluğu daxilində də illərlə ciddi mübahisə doğurub. Epşteynin 2019-cu ildə həbsxanada ölümündən sonra federal prokurorlar Sara Kellenə qarşı cinayət işi açıb-açmamaq məsələsində qərarsız qalıblar. Açıqlanan sənədlərə görə, Manhetten prokurorları ona qarşı şahidlərə təsir ittihamını müzakirə edib, məsələ ilə bağlı memorandum o dövrün ABŞ prokuroru Cofri Bermana təqdim olunub. Lakin Kellen özünü “qurban” kimi təqdim edib və nəticədə ona qarşı iş açılmayıb.

Demokratlar isə daha ehtiyatlı yanaşmanın tərəfdarıdırlar.

Kaliforniyadan olan konqresmen Latifa Simona görə, belə məsələlərə yalnız “cinayətkar-qurban” məntiqi ilə baxmaq olmaz:

“Travma psixologiyasını anlamayan insanlar üçün “bu qadını həbs edin” demək asandır”.

Simon əlavə edib ki, komitə əməkdaşlarına zərərçəkmişlərlə davranış və travma yanaşması barədə xüsusi materiallar təqdim edir.

ABŞ Konqresi hazırda yeni məlumatların açıqlanması üçün böyük təzyiq altındadır. Xüsusilə ABŞ Ədliyyə Nazirliyinin Epşteyn sənədlərini natamam və qarışıq formada yayması, Böyük Britaniyada isə Epşteyn çevrəsinə aid şəxslərin saxlanılması Vaşinqtondakı mübahisələri daha da gücləndirib.

Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer açıq şəkildə etiraf edib ki, əsas problem “kim qurban, kim cinayət iştirakçısıdır” məsələsidir:

“Bəzi şəxslər həm qurban olublar, həm də başqa qızları gətiriblər. Bu, çox çətin məsələdir”.

Sara Kellen bir çox mülki iddialarda Epşteynin əsas köməkçilərindən biri kimi təqdim olunub. Palm-Biçdə aparılan istintaq zamanı azyaşlı qızlar polislərə bildiriblər ki, Kellen otaqları hazırlayır, masaları düzür və istifadə ediləcək yağları yerləşdirirdi. Bəzi iddialarda o, hətta Epşteynin “leytenantı” adlandırılıb. Lakin onun vəkilləri bildiriblər ki, Kellen özü də Epşteynin manipulyasiya və zorakılıq sisteminin bir hissəsinə çevrilmiş qurban idi. Kellen özü də 2020-ci ildə “The Sun” qəzetinə müsahibəsində “məni hər həftə zorlayır və istismar edirdilər” deyib. 

Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr