Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Nikol Paşinyan hakimiyyətinin Rusiya ilə münasibətlərini pisləşdirməyə yönəlmiş hərəkətlərini “avantüra” adlandırıb.
“Cebheinfo.az”-ın məlumatına görə, Köçəryan Geqarkunik vilayətində seçicilərlə görüşü zamanı belə deyib.
“Hazırda biz açıq-aydın Rusiya ilə, eləcə də, Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri korlayan növbəti avantüraya cəlb olunuruq”, - deyə o bildirib.
Köçəryan qeyd edib ki, Geqarkunik bölgəsinin xeyli sakini Rusiya ilə münasibətlər sayəsində ailələrinin rifahını təmin edir.
Keçmiş prezidentin sözlərinə görə, rəhbərlik etdiyi “Ermənistan” bloku supergüclərlə münasibətlərin süni şəkildə gərginləşdirilməsini eləcə də geosiyasi mərkəzlər arasındakı ziddiyyətlərə qarışmağı yolverilməz hesab edir. Köçəryan qeyd edib ki, liderin səhvlərinin bədəlini xalq ödəyəcək.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da keçirdiyi mətbuat konfransında Ermənistanın Avropa İttifaqı ilə bağlı planlarını Avrasiya İqtisadi İttifaqının növbəti sammitində müzakirə etməyi təklif edib.
Prezident Putin həmçinin, bildirib ki, Ermənistan hakimiyyəti Avropa İttifaqına və ya Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi ilə bağlı referendum keçirməlidir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya Prezidentinin açıqlamalarını cavabsız qoymayıb:
“Orada yeni bir şey yoxdur. Hazırda biz Avrasiya İqtisadi İttifaqının üzvüyük, fəaliyyətimizi orada davam etdiririk.
O da sirr deyil ki, Ermənistan xalqının da, belə demək mümkünsə, Avropa iddiaları var. Ermənistanın Avrasiya İqtisadi İttifaqı və Avropa İttifaqı arasında seçim etməli olduğu an gəldikdə, təbii ki, biz bu seçimi edəcəyik”, - deyə Mirzoyan bildirib.
Əslində, Mirzoyanın Putinə bu cavabı “Vaxtı gələndə Avrasiya İqtisadi İttifaqından çıxacağıq” kimi oxunmalıdır. Lakin indiki sitiasiyada rtəsmi Moskvanın bu məsələni gündəmə gətirməsi ilk növbədə, Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır.
Rusiya seçkiqabağı Paşinyana təzyiq edərək onu Avrointeqrasiya kursundan döndərməyə çalışır. Paşinyanın son vaxtlara qədər yürütdüyü balanslaşdırılmış xarici siyasət Rusiyaya problem yaratmırdı. Ona görə də Rusiya Paşinyanın “iki stulda əyləşməsi”nə razılıq verirdi. Bu, sanksiyalardan Ermənistan vasitəsilə yayınmaqda Rusiyaya kömək edirdi.
Lakin indi Cənubi Qafqazda vəziyyət kifayət qədər dəyişib və Paşinyan birtərəfli qaydada Avropa İttifaqı ilə yaxınlaşmaq siyasətinə üstünlük verir.
Seçkilərdə çox güman ki, Paşinyanın liderlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası qalib gələcək və bundan sonra bundan sonra Ermənistanın Qərbə inteqrasiyası üçün əlverişli konyuktur formalaşacaq. Yəni seçkilərdən sonra Ermənistanda yeni konstitusiyanın qəbulu, Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması və Türkiyə ilə sərhədlərin açılması gözlənilir. Bu isə, Rusiyanın Ermənistan üzərində və Cənubi Qafqazda geosiyasi təsirini itirməsi ilə nəticələnə bilər.
Digər tərəfdən, Putinin sərt xəbərdarlığı Avropa Siyasi Birliyinin mayın 4-5-də İrəvanda keçirilmiş sammitinə reaksiyası kimi başa düşülməlidir. Rusiya prezidenti Ermənistanı Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə, sanksiyalara məruz qalacağı ilə təhdid edir. Ermənistanın Avropa İttifaqına üzvlük qərarı Aİİ-nin nizamnaməsinə ziddir.
Ona görə də çox güman ki, bu məsələ Ermənistanın yeni konstitusiyasında təsbit edilməklə referenduma çıxarılacaq. Bundan sonra Ermənistanın Aİİ-dən çıxması məsələsi gündəmə gələcək. Çünki Ermənistandan Aİİ ilə Aİ arasında seçim etməyi yalnız Kreml deyil, Qərb də tələb edir. Avropa İttifaqı Ermənistanın Aİİ, KTMT və MDB sıralarını tərk etməsini istəyir. Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos Putinin açıqlamasına münasibət bildirərək Avropa İttifaqının Ermənistanın bu quruma üzvü olmaq istəyini dəstəkləyəcəyini deyib.
Göründüyü kimi, Ermənistan üzərindən Rusiya və Avropa İttifaqı arasında geosiyasi qarşıdurmanın artması müşahidıə olunur. Robert Köçəryanın seçicilər qarşısında Paşinyanı Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri korlayan avantürist siyasət yürütməkdə ittiham etməsi əslində, Rusiyaya ünvanlanmış mesajdır.
Köçəryan rəhbərlik etdiyi seçki blokunu geosiyasi mərkəzlər arasındakı ziddiyyətlərə qarışmadığını iddia etsə də yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Siyasi reytinqinə görə seçkilərdə qələbə qazanmaq imkanı olmayan eks-prezident Rusiyanın dəstəyinə bel bağlayır.
Onun bu çıxışı Putinə “Məni hakimiyyətə gətir, Avrointeqrasiya siyasətindən imtina edim və Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü olaraq qalsın” - mesajını özünü ehtiva edir. Bu həm də Rusiyanı milyarder Samvel Karapetyana dəstəkdən çəkindirmək məqsədi daşıyır. Köçəryan özünü Rusiyaya sədaqətdə sınaqdan çıxmış və Karapetyandan fərqli olaraq, siyasi təcrübəsi olan biri kimi təqdim edir.
Lakin Rusiya rəhbərliyinin hələlik iqtisadi sanksiyalar və diplomatik təzyiq üsullarından istifadə etməyə üstünlük verməsi Ermənistan müxalifətinə yetərincə ümid bəsləmədiyini göstərir.