AZ

Konservatoriyada oxudu, civə ilə zəhərləndi: Gürcüstanın yeni patriarxı...

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Mitropolit Şio (Elizbar Muciri-red) bütün Gürcüstanın yeni — 142-ci katalikos-patriarxı seçilib. Ali dini lider postuna üç namizəd arasında səsvermə Gürcüstan Pravoslav Kilsəsinin geniş toplantısında baş tutub.

Səsvermədə ruhanilər məclisinin 39 üzvü iştirak edib. Mitropolit Şio 22 səs əldə edib.

Qeyd edək ki, 1977-ci ildən Gürcüstanın katalikos-patriarxı olmuş II İlya martın 17-də 93 yaşında vəfat edib.

Modern.az qonşu ölkənin yeni patriarxının dosyesini təqdim edir.

Violonçeldən dini zirvəyə: Elizbarın Şioya çevrilməsi

1969-cu ildə Tbilisidə, ziyalı ailəsində doğulan Elizbar Mujirinin (dünyəvi adı) gənclik illəri musiqi sədaları altında keçib. O, 1991-ci ildə Tbilisi Dövlət Konservatoriyasını violonçel ixtisası üzrə bitirəndə bəlkə də çoxları onun parlaq musiqiçi karyerası quracağını düşünürdü. Lakin 90-cı illərin qarışıq Gürcüstanı onu başqa bir yola – monastır divarları arasına çəkdi.

1993-cü ildə rahibliyə qəbul olunaraq "Şio" adını alan gənc, çox keçmədən kilsə iyerarxiyasında sürətlə yüksəlməyə başladı. Onun bu yüksəlişində həm şəxsi intizamı, həm də Rusiyada aldığı ali dini təhsil böyük rol oynadı.

Moskva bağlantısı: "Qızıl körpü", yoxsa "Rusiyayönümlü sima"?

Metropolit Şionun karyerasının mühüm bir hissəsi Moskva ilə bağlıdır. O, uzun illər Rusiya paytaxtındakı Müqəddəs Georgi gürcü kilsəsinə rəhbərlik edib. Elə bu fakt ekspertləri iki yerə bölür: bəziləri onu Rusiya və Gürcüstan kilsələri arasında "qızıl körpü" hesab edir, bəziləri isə Şionun Moskvaya həddindən artıq yaxın olduğunu iddia edərək onu tənqid atəşinə tutur.

Onun uşaqlıq dostu, tanınmış mühafizəkar və Rusiyayönümlü iş adamı Levan Vasadze ilə sıx münasibətləri də bu iddiaları körükləyən amillərdən biridir.

23 noyabr 2017: Tarixi sürpriz

Həmin gün II İliya gözlənilməz bir qərarla Şio Mujirini özünə varis (Patriarx Taxtının Yerlisi) təyin etdi. Bu, Gürcüstan kilsə tarixində nadir hadisələrdən idi. O vaxtdan bəri Şio, faktiki olaraq, kilsənin ikinci adamıdır.

Zəhərlənmə qalmaqalı: Taxt uğrunda mübarizə?

2023-cü ilin yayında dünya mətbuatı Şio Mujiri haqqında sensasiyalı xəbərlə çalxalandı: Metropolitin qanında civə və digər ağır metallar tapılmışdı. Bu xəbər kilsə daxilindəki "taxt-tac" mübarizəsinin nə dərəcədə kəskinləşdiyini göstərirdi. Şio Mujiri bu hadisədən sağ çıxsa da, bu, onun yolunun heç də hamar olmadığının sübutu idi.

O, necə bir liderdir?

Metropolit Şio müasir liberal dəyərlərə qarşı sərt və mühafizəkar mövqeyi ilə seçilir. O, kilsənin ənənəvi institutlarını qorumağın tərəfdarıdır. Eyni zamanda, Azərbaycana və bölgədəki digər dini icmalara qarşı ehtiramlı münasibəti ilə tanınır, dinlərarası dialoqa önəm verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
modern.az

1Mənbələr