AZ

Rusiya-Ukrayna müharibəsi sona yaxınlaşır?

Rusiya Prezidenti Vladimir Putinin “Ukraynadakı məsələ həllə doğru gedir” açıqlamasını dəyərləndirən siyasi şərhçi Georgi Bovt bu sözlərin birbaşa “müharibənin bitmə tarixi” kimi qəbul edilməməli olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, Bovt hər iki tərəfin danışıqlardakı mövqelərinin dəyişmədiyini xatırladaraq, “Mən bu məsələdə hələlik tələsməzdim” deyib.

Vladimir Putin Qələbə Günü münasibətilə keçirilən qəbuldan sonra təşkil olunan uzun mətbuat konfransında Ukraynadakı müharibənin sona yaxınlaşdığına işarə edən açıqlama verib:

“Məncə, məsələ həllə doğru gedir. Amma bunlar ciddi məsələlərdir”. Putin həmçinin 2022-ci ildə İstanbulda əldə olunan, lakin sonradan tətbiq edilməyən razılaşmanın tarixçəsinə yenidən toxunaraq, həmin dövrdə Britaniyanın baş naziri olmuş Boris Consonun razılaşmaya mane olduğunu iddia edib.

Rusiya lideri bildirib ki, əgər o zaman razılaşma imzalansaydı, müharibə çoxdan bitmişdi.

Siyasi şərhçi Georgi Bovt Putinin açıqlamalarının daha çox ictimai rəyə yönəlmiş mənəvi mesaj xarakteri daşıdığını vurğulayıb:

“Bu ifadələrin mənasını şişirtmək, hərfi mənada yozmaq lazım deyil. Bu, qələbəyə inam nümayiş etdirmək və cəmiyyətə "son yaxındır" hissini vermək məqsədi daşıya bilər.

Amma bu, müharibənin sabah bitəcəyi anlamına gəlmir. Kuluarlarda "mayın sonuna qədər hər şey bitəcək" kimi söz-söhbətlər dolaşır. Mən belə proqnozlarda hələlik tələsməzdim”.

Bovtun fikrincə, Kremlin atəşkəs üçün əsas şərti – Ukrayna qüvvələrinin Donbasdan çıxması, hələ də qüvvədə qalır. Zelenski isə indiyədək bu şərti qəbul edəcəyinə dair hər hansı siqnal verməyib.

Putin Slovakiyanın baş naziri Robert Fitsonun çatdırdığı Zelenskinin görüş təklifinə münasibət bildirərkən deyib:

“Mən bu görüşü təklif etmirəm, amma əgər kimsə təklif edirsə, buyursun Moskvaya gəlsin. Üçüncü ölkədə də görüşə bilərik, amma yalnız uzunmüddətli razılaşma imzalamaq üçün”.

Bovt Zelenskinin PR və informasiya müharibəsindəki fəallığını xatırladaraq belə bir ehtimalı da səsləndirib:

“Zelenski birbaşa Kremlə zəng edib Putini çətin vəziyyətdə qoymağa çalışa bilər. Amma bu, münaqişənin bitdiyi anlamına gəlmir. Əsas məsələ elə bir formul tapmaqdır ki, Zelenski "Donbası vermədik" desin, Rusiya isə "verdilər" deyə bilsin. Bunun necə mümkün olacağı isə hələlik bəlli deyil”.

Seçilən
61
cebheinfo.az

1Mənbələr