BAKI, 11 may. TELEQRAF
“Hüquq dövlətinin, hüququn aliliyinin və yaxşı idarəetmə prinsiplərinin əsas DNT-si Konstitusiya mətnləridir. Türk millətinin yaxşı Konstitusiya arzusu hələ də yerinə yetməyib. Qurucu konstitusiyalarımızdan başqa, son iki Konstitusiyanın, təəssüf ki, qiyamçıların və hüquqdan kənar müdaxilələrin məhsulu olmasının bunda böyük payı var”.
Teleqraf xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu demokratik ayıbı aradan qaldırmaq türk siyasətinin boynunun borcudur. Yeni, əhatəli, azadlıqsevər və mülki Konstitusiya demokratiyamızı aşağıdan yuxarıya doğru qurmaq imkanları ilə qarşımızdadır.
Konstitusiyanı qiyamçıların və ya elit təbəqənin müəyyən edib cəmiyyətə diktə etdiyi çərçivə olmaqdan çıxarıb, cəmiyyətin özünün müəyyən edib dövlətə elan etdiyi mətnə çevirmək məcburiyyətindəyik.
İnanıram ki, belə bir Konstitusiya ilə həm hüququ, həm demokratiyanı, həm dövləti, həm də milləti eyni anda qoruyacaq hüququn aliliyi düşüncəsinə sahib olmağımız mümkün olacaq. Bu mövzunu hər cür siyasi-riyazi hesablamalardan üstün tutmağa, düşüncəmizdə və islahat gündəmimizin ön sıralarında saxlamağa davam edəcəyik”