AZ

Avropa Putinin keçmiş kansler Şröder üzərində qurduğu "vasitəçi" tələsini ifşa etdi – Berlindən yeni təklif gəldi...



Rusiya lideri Vladimir Putinin keçmiş Almaniya kansleri Gerhard Şröderin Rusiya ilə Avropa arasında vasitəçilik etməsi təklifini rədd edib.

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, Şröderin Rusiyanın enerji nəhəngləri adından lobbiçilik fəaliyyətini xatırladaraq, Putinin əsl niyyətini açıqlayıb: "Rusiyaya bizim adımızdan danışıqlar aparan şəxs təyin etmək hüququ vermək çox da ağıllı olmazdı. Putinin Şröderi niyə istədiyi tamamilə aydındır. Bu yolla, əslində masanın hər iki tərəfində də onlar özləri olacaq. Putin bizim adımızdan kimin danışacağına qərar verə bilməz".

Berlin hökuməti də Kallası dəstəkləyərək, Putinin addımını "saxta təkliflər seriyasının bir hissəsi" kimi xarakterizə edib.

Putinlə birbaşa görüşlə bağlı müzakirələrə də son qoyan Kallas bildirib ki, Avropa Rusiyanın qarşısında "dağınıq" bir imic formalaşdırmamalıdır. Rusiya ilə mümkün təmas üçün çərçivə bu ayın sonunda xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə müəyyən ediləcək. Brüssel danışıqlar masasına oturmazdan əvvəl öz strategiyasını dəqiqləşdirmək istəyir.

Bu arada, "Der Spiegel" nəşrinin alman hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, Almaniyadakı hakim koalisiya prezident Frank-Valter Ştaynmayer və keçmiş kansler Gerhard Şröderin Ukrayna ilə bağlı Rusiya ilə potensial danışıqlarda birlikdə işləyə biləcəyi "ikili formul"u nəzərdən keçirir.

Bildirilir ki, Şröderin təkbaşına vasitəçi rolu müsbət qarşılanmır, lakin onun Ştaynmayerlə birlikdə "maraqlı bir seçim" olacağı bildirilir.

Rusiya prezidenti Putin əvvəllər Şröderi Avropa adından danışıqlar aparan şəxs kimi təklif etmişdi. Berlin hökuməti bu təklifə tərəddüd etsə də, Almaniya Sosial Demokrat Partiyasının bəzi üzvləri bildirirlər ki, Avropanın danışıqlar masasında oturması üçün, bu variant tamamilə istisna edilməməlidir.

Tahir TAĞIYEV

Seçilən
47
baki-xeber.com

1Mənbələr