Hantavirusla bağlı müalicə və vaksin problemi narahatlıq yaradır.
Adalet.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, gəmiricilər vasitəsilə yayılan hantaviruslara qarşı hazırda dəqiq müalicə protokolu və geniş istifadə olunan vaksin mövcud deyil. Bu səbəbdən MV Hondius kruiz gəmisində yoluxan sərnişinlərin xilas edilməsi üçün həkimlərin imkanları olduqca məhdud olub. Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə tədqiqatçısı Vayte Arumuqasvami bildirib ki, mövcud vasitələr kifayət qədər deyil və bu vəziyyət ciddi xəbərdarlıq siqnalıdır.
Bununla belə, alimlər potensial vaksin və müalicə üsullarının hazırlandığını qeyd edirlər. ABŞ Ordusunun Yoluxucu Xəstəliklər Tədqiqat İnstitutunun virusoloqu Cay Huper bildirib ki, hantavirus hava-damcı yolu ilə sürətlə yayılan virus hesab edilmədiyi üçün indiyədək pandemiya təhlükəsi qədər prioritet sayılmayıb.
"University of Saskatchewan" alimləri də daxil olmaqla müxtəlif tədqiqat qrupları yeni vaksinlər üzərində işləyirlər. Tədqiqatçı Birs Varner və komandası nəfəs yollarında daha güclü immun cavab yaratmaq üçün burun spreyi formasında vaksin variantını araşdırır. Lakin təcrübələr hələ erkən mərhələdədir.
Hazırda hantavirus infeksiyasının əsas müalicə üsulu dəstəkləyici terapiya hesab olunur. Bu müalicəyə əlavə oksigen dəstəyi, süni qan dövranı aparatları və bəzi hallarda “Ribavirin” antiviral preparatının istifadəsi daxildir.
Həkimlər qorunma üçün əsas vasitənin gigiyena qaydalarına ciddi əməl etmək olduğunu bildirirlər. Mütəxəssislər əllərin tez-tez yuyulmasını, çirkli məkanların təmizlənməsi zamanı maska istifadəsini və qripə bənzər əlamətlər yaranarsa dərhal həkimə müraciət edilməsini tövsiyə edirlər.
Məlumata görə, “MV Hondius” gəmisi 1 aprel tarixində Argentinadan kruizə çıxıb. Gəmidə baş verən hantavirus yayılması nəticəsində Niderlanddan olan yaşlı cütlük və Almaniya vətəndaşı olmaqla üç nəfər həyatını itirib.
Mütəxəssislər hələ də virusun gəmidə necə yayıldığını müəyyən edə bilməyiblər. Ehtimallardan birinə görə, sərnişinlərdən biri Argentinanın Uşuaya şəhəri yaxınlığındakı tullantı sahəsində yoluxub. Həmin əraziyə turistlərin quş müşahidəsi üçün tez-tez getdiyi və orada siçovul-populyasiyasının çox olduğu bildirilir.
Alimlər qeyd edirlər ki, hantavirusun əksər növləri insandan insana keçmir. Lakin gəmidə aşkarlanan And variantının bu xüsusiyyətə malik ola biləcəyi ehtimal edilir.