Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Avrasiya İqtisadi Birliyinin (AİB) tamhüquqlu üzvü olaraq qalır və Aİ və Rusiya ilə münasibətlərə dair referendum keçirməyə ehtiyac yoxdur.
O, Rusiya prezidenti Putinlə Ermənistanın Aİ və Rusiya ilə münasibətlərinə dair işçi səviyyəsində müzakirələr apardıqlarını deyib: “Mən dəfələrlə açıq şəkildə qeyd etmişəm ki, de-yure və de-fakto arasında seçim etmək lazım gələnə qədər bu məsələni gündəliyimizə daxil etməyəcəyik”.
Paşinyan Putinin səsləndirdiyi "boşanma" termini ilə razılaşmadığını da deyib. O, qeyd edib ki, dövlətlərarası münasibətlərin nikahla müqayisə olunmasını doğru hesab etmir:
“Bəzən dövlətlərarası münasibətləri nikahla səhv salırıq. Ermənistan dövlətlərarası münasibətlərində dövlətlərarası məntiqə əsaslanır. Biz AİB-in tamhüquqlu üzvüyük. AİB-in üzvü olduğumuz müddətcə bütün qərarların qəbul edilməsində tam iştirak edirik və təkrar edirəm ki, zərurət yaranana qədər bu məsələni gündəmə gətirməyəcəyik".
O əlavə edib ki, AİB-dən çıxmaqla bağlı referendum yalnız obyektiv ehtiyac yarandıqda keçiriləcək, onun fikrincə, hazırda buna ehtiyac yoxdur.
Paşinyan Astanada keçiriləcək AİB sammitində iştirak etməyəcəyini də deyib. O sammitdə seçki kampaniyası səbəbindən iştirak edə bilməyəcəyini deyib. Rusiya və Qazaxıstan prezidentlərini də bununla bağlı məlumatlandırdığını deyən Paşinyan, tədbirdə müavini Mher Qriqoryanın iştirak edəcəyini bildirib.
Xatırladaq ki, 9 may tarixində keçirilən mətbuat konfransında çıxış edən Putin bildirib ki, İrəvan Aİ-yə, yoxsa AİB-ə qoşulmaq barədə mümkün qədər tez qərar verməlidir. "Bununla əlaqədar olaraq, biz müvafiq nəticələr çıxaracaq və yumşaq, ağıllı və qarşılıqlı faydalı boşanma yolu tutacağıq", - deyə prezident bildirib.
Tahir TAĞIYEV