AZ

“Qarabağ Ermənistan deyil” sözləri Solovyovu qəzəbləndirdi - VİDEO

Rusiya dövlət televiziyasının tanınmış təbliğatçısı Vladimir Solovyov “Rossiya 1” kanalında Qarabağ və Gəncəsər mövzusu ətrafında danışarkən növbəti dəfə Azərbaycana qarşı qərəzli fikirlər səsləndirib.

Musavat.com xəbər verir ki, t.me/btnewsaz kanalında yayılan məlumata görə, Solovyov Nikol Paşinyanın “Qarabağ Ermənistan ərazisi olmayıb” açıqlamasına münasibət bildirərək Gəncəsəri “erməni məbədi” kimi təqdim etməyə çalışıb və köhnə təbliğat arqumentlərini yenidən gündəmə gətirib.

Paylaşımlarda qeyd olunur ki, Gəncəsər monastırının tarixi Qafqaz Albaniyası irsi, Alban katolikosluğu və Xaçın Atabəyi Həsən Cəlal Dövlə ilə bağlıdır. Tarixi mənbələrdə məbədin 1241-ci ildə inşa olunduğu bildirilir.

Solovyovun bu qədər aqressiv və isterik reaksiyası isə təsadüfi görünmür. Kremlə yaxın əsas təbliğatçılardan biri olan Solovyovun Azərbaycana qarşı qərəzli çıxışlarının arxasında Rusiyanın Cənubi Qafqazda itirdiyi təsir imkanları dayanır.

Azərbaycan Qarabağda öz suverenliyini tam bərpa etdikdən, ərazi bütövlüyünü təmin etdikdən sonra Moskvanın bölgədə illərlə istifadə etdiyi əsas təsir mexanizmlərindən biri sıradan çıxıb. Kreml ideoloqları və təbliğatçıları isə bunu açıq şəkildə həzm edə bilmirlər. 

Məhz buna görə son dövrlərdə Rusiyaya yaxın media simalarının Azərbaycana qarşı daha aqressiv ritorikaya keçdiyi müşahidə olunur. Çünki illərlə Qarabağ münaqişəsi vasitəsilə Azərbaycana təzyiq göstərmək, bölgədə gərginliyi saxlamaq və Cənubi Qafqazı nəzarətdə tutmaq Kremlin əsas alətlərindən biri olub.

İndi isə reallıq dəyişib. Qarabağ Azərbaycanın tam nəzarətindədir və bölgədə yeni geosiyasi vəziyyət formalaşıb. Bu səbəbdən Solovyov kimi təbliğatçıların emosional çıxışları Azərbaycanda ciddi narazılıq doğurur və iki ölkə münasibətlərində əlavə gərginlik yaradan addımlar kimi qiymətləndirilir.

Azərbaycan ictimaiyyətində hesab olunur ki, rəsmi Moskva bu cür məsuliyyətsiz və təxribat xarakterli çıxışların qarşısını almalıdır. Çünki Cənubi Qafqazda yenidən qarşıdurma və gərginlik yaratmaq cəhdləri artıq köhnəlmiş yanaşma hesab olunur.

 

Musavat.com

Seçilən
59
musavat.com

1Mənbələr