BAKI, 12 may. TELEQRAF
Böyük Britaniya və Fransa Hörmüz boğazında beynəlxalq hərbi missiyanın yaradılması ilə bağlı 40-dan çox ölkənin müdafiə nazirlərinin ilk görüşünü keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada bildirilib ki, London və Parisin rəhbərliyi altında keçiriləcək görüşdə tərəfdaş ölkələr Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına yönəlmiş müdafiə xarakterli missiyaya hərbi töhfələrini müzakirə edəcəklər.
Britaniya Müdafiə Nazirliyi vurğulayıb ki, plan tamamilə müdafiə xarakteri daşıyır və əsas məqsəd mühüm ticarət marşrutu hesab edilən Hörmüz boğazında kommersiya gəmiçiliyinə inamın bərpasıdır.
Məlumata görə, görüş zamanı ölkələrin konkret öhdəlikləri də açıqlana bilər.
Qeyd edək ki, mayın 7-də Fransanın “Şarl de Qoll” aviadaşıyıcısı Qırmızı dənizə daxil olub. Yelisey sarayı bunu Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsinə hazırlıq nümayişi kimi qiymətləndirib.
Britaniya Müdafiə Nazirliyi isə “HMS Dragon” esminesinin Yaxın Şərqə göndəriləcəyini açıqlayıb.
Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazındakı missiyaya həsr olunan sammit keçirmişdilər. Aprelin sonunda isə London yaxınlığında təxminən 40 ölkənin hərbi mütəxəssislərinin iştirakı ilə iki günlük konfrans təşkil olunmuşdu.