AZ

Pulmonoloq: “Vaksinasiya səviyyəsi çox aşağıdır”

Son zamanlar ölkədə vərəm xəstəliyi artmaqdadır. Artıq bir neçə peşə məktəbində vərəmə yoluxma halları qeydə alınıb. Bu isə vətəndaşlar arasında narahatlıqlar yaradır.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən həkim pediatr-pulmonoloq Fidan Axverdiyevanın sözlərinə görə, buna səbəb Bakıda vaksinasiya səviyyəsinin çox aşağı olmasıdır: “Bu sahə boş buraxılıb. Məktəblilər və ya tələbələrə hər il Mantu/Diaskin test verilməlidir, böyüklər arasında isə hər il flüoroqrafiya aparılmalıdır. Hətta 19 yaşlı birində belə vərəm aşkar etdim. Qanında vərəm tapılan insanlara iş üçün saxta arayışlar verirlər. Daha sonra ictimai nəqliyyatda və iş yerlərində təmas vasitəsilə xəstəliyi başqalarına yayırlar. Böyüklərə də yazığım gəlir, onları buna məcbur edirlər, bu onların yeganə qazanc yeridir. Beynəlxalq standartlara görə siyahının sonlarında yer alırıq. Vərəmə qarşı vaksin doğum evində vurulur. Şəxsi gigiyena qaydaları, profilaktik tədbirlər və dispanser müayinələri böyük əhəmiyyət kəsb edir. Bütün əhali üçün hər il Mantu/flüoroqrafiya/döş qəfəsinin rentgenoqrafiyası aparılmalıdır”.

 

Pulmonoloq qeyd edib ki, ağciyər vərəminin böyük hissəsi məhz profilaktik müayinələr zamanı aşkarlanır: “Digər orqanların vərəmi isə individual şəkildə özünü göstərir. Əgər ağciyər vərəmindən danışırıqsa, klinik olaraq güclü tərləmə, uzunmüddətli öskürək, çəki itkisi və daha sonra aşağı tənəffüs yollarının patologiyaları müşahidə olunur, bunlar yalnız vərəmə xas əlamətlər deyil, amma böyüklərdə differensial diaqnostika zamanı vərəm mütləq nəzərə alınmalıdır. Böyüklərdə ağciyər vərəminə əsasən ağciyər görüntüləməsində, uşaqlarda isə müsbət Mantu sınağı zamanı şübhə yaranır. Və ən əsas məsələ maarifləndirmə işidir. Nazirlik ümumiyyətlə əhalinin maarifləndirilməsi ilə məşğul olmur. Əvəzində isə televiziyada hər gün guya “həkimlər” çıxıb qaraciyər təmizlənməsi və buna bənzər cəfəngiyyatlar, miflər danışırlar”.

 

F.Axverdiyeva onu da əlavə edib ki, elə bir klinika və həkim var, hətta laboratoriyasının heç bir sertifikasiyası yoxdur: “Amma klinikada pasiyentlərdən qan götürülür, sertifikasiya möhürü olmayan saxta nəticələr verilir və sonra öz istehsalları olan vitaminləri və faiz qazandıqları digər preparatları təyin edirlər. Hökumət bununla heç cür mübarizə aparmır, əksinə onu televiziyada da göstərirlər. Bu, ölkə üçün utancdır. Sonra da deyilir ki, vərəm yayılır. Mən Moskvada 7 il pulmonologiya sahəsində işləmişəm və burada 1 il ərzində gördüyüm qədər göy öskürək halı görməmişdim. Çünki əhaliyə vaksinlərin əhəmiyyəti və sübutlu təbabət haqqında heç nə izah edilmir”.

 

Şəhanə Quliyeva

Tarix: 12 May 2026, 09:30   
Seçilən
1
pravda.az

1Mənbələr