AZ

Vətəndaşlara dövlət qurumlarında işə düzəltmək, kredit borclarını sildirmək adı ilə dələduzluq etdi – QƏRAR

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Malik Məcidovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, Malik Məcidov müxtəlif vaxtlarda bir neçə nəfərin etibarından sui-istifadə edərək onları aldadıb və ümumilikdə on minlərlə manat pul vəsaitini ələ keçirib.

 

Belə ki, təqsirləndirilən şəxs ilk epizodda tanışı İsrafil Həsənovun (adı, soyadı şərtidir) yaxın qohumunu Ədliyyə Nazirliyində sürücü vəzifəsinə işə düzəldə biləcəyini bildirib. O, yüksək vəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu, həmin əlaqələr vasitəsilə məsələni həll edəcəyini vəd edib. Bu məqsədlə tərəflər Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Aboyev” adına parkda bir neçə dəfə görüşüblər. Malik Məcidov əvvəlcə 6 000 manat, daha sonra 4 000 manat, sonuncu dəfə isə Binəqədi rayonu Azadlıq prospektində yerləşən “Mələk” şadlıq sarayının qarşısında əlavə 2 000 manat alıb.

 

Beləliklə, o, zərərçəkmişə ümumilikdə 12 000 manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur.

 

Bundan başqa, təqsirləndirilən şəxs sonradan istintaqla şəxsiyyəti araşdırılan “Bəhram” adlı şəxslə əlbir olaraq başqa bir dələduzluq epizodu da törədib. Belə ki, o, tanışı olan digər zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) bank kreditini tam şəkildə bağlatdıra biləcəyini deyib. Zərərçəkmişin 3 200 ABŞ dolları məbləğində kredit borcunun silinəcəyi vəd olunub və bunun müqabilində 2 500 manat tələb edilib.

 

Malik Məcidov həmin məbləği Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən “Zəngəzur” restoranının qarşısında alaraq mənimsəyib. İstintaq hesab edir ki, vəd edilən kredit silinməsi həyata keçirilməyib və zərərçəkmiş aldadılıb.

 

Cinayət işində yer alan digər epizodlardan biri isə şəxsin Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə işə qəbul adı ilə pul alması ilə bağlıdır. İttihama əsasən, təqsirləndirilən şəxs zərərçəkmiş K.K.-yə (adı, soyadı şərtidir) polis nəfəri vəzifəsinə düzəltmək üçün yüksək vəzifəli şəxslərlə əlaqələrinin olduğunu bildirib və məsələni həll edəcəyinə dair yalan vəd verib.

 

Bu məqsədlə tərəflər DİN-in Baş Mühafizə İdarəsinin mühafizə alayının qarşısında görüşüblər. Malik Məcidov həmin görüş zamanı 15 000 manat alıb. Zərərçəkmişə vurulan maddi ziyanın da 15 000 manat olduğu göstərilir.

 

İttihamda qeyd olunur ki, təqsirləndirilən şəxs daha bir şəxsi oğlunun hərbi xidmət yerinin dəyişdirilməsi adı ilə aldadıb. Belə ki, zərərçəkmiş oğlunun Müdafiə Nazirliyinin sərhəd bölgəsində yerləşən hərbi hissədən Bakı şəhərindəki hərbi hissələrdən birinə köçürülməsi üçün ondan kömək istəyib.

 

Malik Məcidov isə yüksək rütbəli şəxslərlə əlaqələrinin olduğunu deyərək həmin məsələni həll edə biləcəyini bildirib. İstintaqın versiyasına görə, 2024-cü ilin sentyabr ayında Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Dədə” kafesində keçirilən görüş zamanı zərərçəkmişdən 15 000 manat alınıb. Lakin sonradan verilən vədə əməl olunmayıb və pul geri qaytarılmayıb.

 

Toplanmış materiallara əsasən, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin dələduzluqla bağlı maddələri ilə ittiham irəli sürülüb. İş üzrə araşdırmalar davam etdirilib və müxtəlif epizodlar üzrə zərərçəkmiş şəxslərin ifadələri, görüş yerləri, pul vəsaitlərinin verilməsi halları və digər sübutlar məhkəmə araşdırmasının predmeti olub.

 

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 28 gün müddətə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 12 May 2026, 08:45   
Seçilən
0
pravda.az

1Mənbələr